EN

Sel və yağışların gizli xərci: Kim nə qədər zərər görür?

Bakı və Abşeron ərazisində müşahidə olunan aramsız və intensiv yağıntılar bir sıra sahələrdə ciddi çətinliklər yaradıb.

Far.Az-in məlumatına görə, yağan güclü yağışlar infrastrukturdan tutmuş gündəlik iqtisadi fəaliyyətə qədər müxtəlif istiqamətlərdə təsirini göstərib.

Xüsusilə şəhər mühitində suyun yığılması və hərəkətin məhdudlaşması müəyyən sahələrdə itkilərin yaranmasına səbəb olub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Far.Az-ə bildirib ki, Bakı və Abşeron ərazisində yağan aramsız yağışlar iqtisadi baxımdan müxtəlif sahələrə ziyan vurub. Ümumilikdə, bu cür təbii hadisələr ən böyük təsiri bütöv iqtisadi sistem üzərində göstərsə də, zərərlər konkret istiqamətlər üzrə daha aydın hiss olunur:

"İlk növbədə, daşınmaz əmlak sektoru zərər görür. Yağış sularının evlərə dolması nəticəsində yaşayış sahələri yararsız vəziyyətə düşür, binaların istismar müddəti azalır, divarlarda çatlar yaranır və struktur zəifləyir. Eyni zamanda, evlərin daxilindəki məişət əşyaları, mebellər və texniki avadanlıqlar sıradan çıxır ki, bu da vətəndaşlara ciddi maddi ziyan vurur.

Digər mühüm sahə nəqliyyatdır. Güclü yağışlar yolların su altında qalmasına səbəb olur və nəticədə avtomobillərə, xüsusilə mühərrik hissəsinə ciddi zərər dəyir. Bu isə həm fərdi sahiblər, həm də logistika fəaliyyəti ilə məşğul olan bizneslər üçün əlavə xərclər yaradır.

Bundan əlavə, kənd təsərrüfatı da ziyan çəkən sahələrdəndir. Əkin sahələrinin su altında qalması, məhsul itkisi və heyvan tələfatı fermerlər üçün böyük iqtisadi itkilərlə nəticələnir. Bu kimi hallar ərzaq təminatına da dolayısı ilə təsir edir.

Eyni zamanda, infrastrukturun zədələnməsi - kanalizasiya xətlərinin sıradan çıxması, yolların yararsız hala düşməsi və su yığıntılarının aradan qaldırılması – dövlət üçün əlavə maliyyə yükü yaradır. Dövlətin zərər çəkmiş vətəndaşlara kompensasiya ödəməsi və bərpa işlərinə vəsait ayırması büdcəyə əlavə təzyiq göstərir.

Beləliklə, aramsız yağışlar həm vətəndaşlara, həm biznesə, həm də dövlətə çoxşaxəli iqtisadi ziyan vurur və bu təsirlər qısa müddətdən sonra ümumi iqtisadi göstəricilərdə də özünü göstərir".

Orxan Hüseyn

Chosen
30
far.az

1Sources