EN

Siyasi şərhçi: Aprel döyüşləri Azərbaycanın öz torpaqlarını azad etməyə qadir olduğunu göstərdi

Bakı, 1 aprel, AZƏRTAC

2016-cı ilin aprel döyüşləri Azərbaycan tarixində uzun illər davam edən işğalın aradan qaldırılması istiqamətində dönüş nöqtəsi kimi yadda qalıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.

Onun sözlərinə görə, tərəflər arasında atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq, Ermənistan tərəfinin davamlı təxribatları nəticəsində təmas xəttində vaxtaşırı gərginliklər müşahidə olunurdu. Lakin 2016-cı ilin aprel döyüşləri həm miqyası, həm də intensivliyi baxımından əvvəlki toqquşmalardan kəskin şəkildə fərqlənirdi.

“2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu yaşayış məntəqələrimizi və mövqelərimizi intensiv atəşə tutması vəziyyəti kəskinləşdirdi. Bu təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-həmlə əməliyyatına başladı və qısa müddətdə strateji əhəmiyyətli yüksəkliklər və yaşayış məntəqələri üzərində nəzarəti bərpa etdi”, – deyə siyasi şərhçi qeyd edib.

Ü.Zülfiqarın sözlərinə görə, döyüşlərin gedişatı bir daha göstərdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi əzmindən irəli gələn qətiyyətli və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri yüksək hazırlıq səviyyəsinə malikdir və müasir texnologiyalardan son dərəcə səmərəli istifadə etmək qabiliyyətinə sahibdir. Nəticədə Tərtər, Füzuli və Cəbrayıl istiqamətlərində mühüm ərazilər, o cümlədən Lələtəpə yüksəkliyi və digər strateji mövqelər azad edilib. Aprel döyüşləri Ermənistanın illər boyu formalaşdırmağa çalışdığı miflərin əsassız olduğunu açıq şəkildə nümayiş etdirdi və qarşı tərəfdə həm hərbi, həm də siyasi böhran yaratdı.

Siyasi şərhçi bildirib ki, bu döyüşlərin digər mühüm nəticəsi beynəlxalq ictimaiyyətə verilən mesaj idi. Azərbaycan açıq şəkildə nümayiş etdirdi ki, ərazi bütövlüyünü bərpa etmək üçün həm siyasi, həm də hərbi vasitələrdən istifadə etmək gücünə malikdir.

“Aprel döyüşləri həm də 2020-ci il Vətən müharibəsinə gedən yolun başlanğıcı kimi dəyərləndirilir. Bu döyüşlər Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, taktiki üstünlüyünün və milli birliyin nümayişinin önəmli nümunəsi idi”, – deyə Ü.Zülfiqar əlavə edib.

O qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri Azərbaycan tarixində qəhrəmanlıq salnaməsi olmaqla yanaşı, strateji dönüş nöqtəsi kimi mühüm əhəmiyyət kəsb edir. Bu döyüşlər bir daha sübut etdi ki, Azərbaycan xalqı və dövləti öz suverenliyini bərpa etmək əzmində qətiyyətlidir və bu yolda istənilən sınaqdan uğurla çıxmağa qadirdir.

Siyasi şərhçi vurğulayıb ki, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, ordumuzun əzmi və milli birliyimizin nəticəsi olaraq torpaqlarımız işğaldan tamamilə azaddır, suverenliyimiz bərpa olunub. Azad edilmiş ərazilərdə sürətli inkişaf prosesi gedir, məcburi köçkünlər öz doğma yurdlarına qayıdır.

Sonda Ü.Zülfiqar bildirib ki, Qarabağın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi və işğaldan azad olunmuş torpaqlardan yayılan sülh mesajları Azərbaycanın regionda yeni reallıqlar yaratdığını və bu reallıqların beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunduğunu nümayiş etdirir.

Müxbir - Səbinə Əlizadə

Chosen
29
azertag.az

1Sources