EN

31 Mart soyqırımı xalqımızın yaddaşı və güc mənbəyidir – Esmira Rəhimova

Mart hadisələri 1918-ci ildə Bakı və Azərbaycanın müxtəlif bölgələrində azərbaycanlılara qarşı törədilmiş kütləvi soyqırımı xalqımızın tarixində unudulmaz faciə kimi qalır. Bu hadisələrin xatirəsi hər il 31 mart – “Azərbaycanlıların Soyqırımı Günü” kimi yad olunur.

“Ailələrə Sosial Dəstək” İctimai Birliyinin sədri, əməkdar müəllim Esmira Rəhimova QHT.az-a açıqlamasında bildirib ki, 1918-ci ilin mart hadisələri zamanı Bakı və bölgələrdə azərbaycanlılara qarşı törədilmiş soyqırım faciəsi hələ də xalqımızın yaddaşında dərin iz buraxıb. Rəsmi məlumatlara görə, bu hadisələr nəticəsində 12 minə yaxın azərbaycanlı həyatını itirib, on minlərlə insan itkin düşüb.

Esmira Rəhimova vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur. 2013-cü ildə Prezident İlham Əliyevin qərarı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. “Sovet dövründə tarix təhrif olunmuş, soyqırımı törədənlər isə qəhrəman kimi təqdim edilirdi. Müstəqillik dövründə isə həqiqət üzə çıxarıldı, tarixi ədalət bərpa olundu”, – deyə o bildirib.

Esmira Rəhimova əlavə edib ki, Quba soyqırımı məzarlığının tapılması və aparılan araşdırmalar bu faciənin qanlı epizodlarını sübut edir. “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, saxta təbliğatın qarşısını almaq və soyqırımı qurbanlarının xatirəsini yad etmək müqəddəs borcumuzdur”, – deyə o qeyd edib.

O bildirib ki, 20 yanvar, 31 mart və Xocalı faciələri yalnız hüzn deyil, həm də yaddaş, ibrət və güc mənbəyidir. “Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır və bu yaddaş milli kimliyimizin ayrılmaz hissəsidir”, – deyə Esmira Rəhimova əlavə edib.

Zəhra Ağayeva

Chosen
46
qht.az

1Sources