1 Aprel – Gülüş Və Zarafat Günü: Tarixi, ənənələri və dünyadakı maraqlı nümunələr
1 Aprel dünyada “Gülüş Günü”, “Axmaqlar Günü” və ya sadəcə “1 Aprel Zarafatları” kimi tanınır. Bu gün bir çox ölkədə insanlar bir-birilərinə müxtəlif zarafatlar edir, əylənir və gündəlik həyatın stressindən uzaqlaşmağa çalışırlar.
NOCOMMENT.az bildirir ki, Azərbaycanda da bu ənənə geniş yayılıb və hər il aprelin ilk günü müxtəlif zarafatlarla yadda qalır.
1 Aprelin tarixi – fərqli ölkələrdən fərziyyələr
Fransa: 1564-cü ildə Fransa kralı IX Karl Yulian təqvimini Qriqorian təqvimi ilə əvəz edərək Yeni ilin tarixini 1 apreldən 1 yanvara keçirib. Köhnə ənənəyə sadiq qalanlar isə yenə də Yeni ili aprelin 1-də qarşılayırdılar. Onlara “aprel axmaqları” deyilir və həmin gün onlarla zarafat edilirdi.
Qədim Roma: Bəzi tarixçilər 1 aprelin mənşəyini Qədim Romada keçirilən və şən zarafatlarla müşayiət olunan Hilariya festivalı ilə əlaqələndirirlər.
Hindistan: Digər bir fərziyyə isə bu ənənənin Hindistanda keçirilən Huli festivalından qaynaqlandığını bildirir. Huli zamanı insanlar bir-birlərinə rəngli toz atır, zarafat edir və əylənirlər.
Dünyanın müxtəlif ölkələrində 1 Aprel
Böyük Britaniya: Zarafatlar yalnız günorta saatlarına qədər edilir. Bu vaxtdan sonra edilən zarafatlar yaxşı qarşılanmır.
Fransa: Fransızlar bu günü “Aprel Balığı” adlandırır və insanların kürəyinə balıq şəkli yapışdırmaq kimi şən ənənələri var.
Şotlandiya: 1 aprel iki gün qeyd olunur və zarafatların çeşidi daha çoxdur.
ABŞ: Dünyanın bir çox ölkəsi 1 apreldə zarafat etsə də, amerikalılar bəzən bu ənənəni dekabrın 28-də qeyd edirlər.
Mediada tarixin ən məşhur 1 aprel zarafatları
1957 – BBC “Spagetti ağacı” zarafatı: İsveçdə ağaclarda spagetti yetişdiyini göstərən reportaj yayımlandı və minlərlə insan buna inandı.
1962 – İsveç televiziyası: Texnik tamaşaçılara televizor ekranına neylon corab keçirməklə rəngli yayım izləyə biləcəklərini bildirib.
1977 – The Guardian: Qəzet Hind okeanında mövcud olmayan San Şeriff adlı ölkə haqqında 7 səhifəlik xüsusi buraxılış dərc edib.
1985 – Sports Illustrated: Jurnal hər topu işıq sürətinə yaxın atan uydurma beysbolçu Şidde Finş haqqında reportaj yayıb.
1992 – NPR: Radio Riçard Niksonun yenidən prezidentliyə namizəd olacağına dair yalan xəbər yayıb.
1995 – Discover jurnalı: Antarktidada buzları əridib pinqivin ovlayan yeni heyvan növünün tapıldığı xəbəri verilib.
1998 – “Pi” ədədinin dəyişdirilməsi zarafatı: Alabama ştatında səsvermə ilə 3.14 olan “pi” ədədinin 3.0-a endiriləcəyi yazılıb.
2000-lər – Almaniya: Rader körpüsündən keçmək üçün 5 avro haqq alınacağı barədə yalan xəbər yüzlərlə insanı inandırıb.
1 aprelin mahiyyəti
Bu günün məqsədi kimisə incitmək deyil, əksinə gülüş yaratmaq, pozitivlik yaymaq və əylənməkdir. Bir çox mədəniyyətdə bu gün insanların diqqətli olmasına dair zarafat dolu xəbərdarlıq kimi qəbul edilir.
1 aprel – zarafat etmək, gülmək və ətrafdakıların üzündə təbəssüm yaratmaq üçün gözəl fürsətdir. Bu ənənə yüzilliklərdir ki, öz aktuallığını qorumaqdadır.