Xaçmaz, 1 aprel, AZƏRTAC
Bu gün Azərbaycanın ilk və tək uşaq televiziya kanalı olan “ARB Günəş”in 11 yaşı tamam olur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azyaşlı tamaşaçıların sevərək izlədiyi telekanal 2015-ci il aprelin 1-dən fəaliyyət göstərir.
“ARB Günəş” televiziyası yarandığı ilk gündən qarşıya uşaqların zövqünü oxşamaq, onların marağına xidmət etmək məqsədi qoyulub. Telekanalda indiyədək 20-dən çox telelayihə və proqramlar hazırlanaraq efirə verilib. Televiziyada azyaşlı izləyicilərə Azərbaycan dilində cizgi filmləri və maarifləndirici proqramlar təqdim edilir. “Çərpələng”, "Yaşıl ev, "Göyərçin küçəsi", "Biləndərdən öyrən", "Tap görək" və digər verilişlərdə uşaqlara davranış, ünsiyyət qaydaları, təbiət və heyvanlar aləmi haqqında biliklər, səlis yazmaq, oxumaq, mütaliə vərdişləri öyrədilir. Proqramlarda istedadlı məktəblilər öz bacarıqlarını nümayiş etdirir, izləyicilərə uşaq aləmində baş verən ən son yeniliklər çatdırılır.
Televiziyada dublyaj studiyası da fəaliyyət göstərir. Xarici dildə olan cizgi və animasiya filmləri ana dilimizə tərcümə olunaraq azyaşlı izləyicilərə təqdim edilir.
“ARB Günəş” və “Animacenter” özəl animasiya mərkəzinin birgə layihəsi çərçivəsində ərsəyə gələn ölkənin ilk cizgi serialı “Balaş” telekanalda yayımlanır. Maarifləndirici və əyləncəli məzmuna malik bu cizgi filmi uşaqlara milli dəyərləri, ailə bağlarını, dostluq münasibətlərini və əxlaqi prinsipləri aşılayır, onların estetik zövqünü inkişaf etdirir.
Telekanal əksər dövlət və hökumət qurumları ilə səmərəli əməkdaşlıq edir. Təkcə əyləncəli və maarifləndirici deyil, eləcə də sosial xarakterli bir sıra layihələrə imza atıb. “ARB Günəş”in eşitmə və nitq qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası mövzusunu özündə əks etdirən “Gözləri ilə danışan mələklər” adlı sosial layihəsi tamaşaçıların rəğbətini qazanıb.
Ölkənin ilk və tək uşaq kanalı olan “ARB Günəş” rəqəmsal platformalar və peyk üzərindən yayımlanır. Milli-mənəvi dəyərlərə söykənən, uşaq psixologiyasına müsbət təsir edən yayım həyata keçirən “ARB Günəş” gələcəkdə maarifləndirici verilişlərin və layihələrin sayını daha da artırmağı nəzərdə tutur.
Müxbir - Elxan Yusifli