EN

Rusiya Gürcüstanla münasibətləri normallaşdırmağa hazır olduğunu açıqlayıb

Moskva Tbilisinin də eyni addımları atacağı halda əlaqələrin genişlənə biləcəyini bildirir...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) müavini Mixail Qaluzin Moskvanın Gürcüstanla münasibətləri normallaşdırmağa hazır olduğunu bəyan edib. O, bu barədə TASS Agentliyinə Rusiya–Özbəkistan “Valday” klubu və Özbəkistan Prezidentinin Strateji və Regionlararası Araşdırmalar İnstitutu tərəfindən təşkil olunan konfrans çərçivəsində müsahibəsində danışıb.

Qaluzin qeyd edib ki, Rusiya bu istiqamətdə irəliləməyə hazırdır, lakin prosesin dərinliyi Tbilisinin mövqeyindən asılı olacaq. Onun sözlərinə görə, Moskva münasibətləri “Tbilisinin hazır olduğu qədər” normallaşdırmağa hazırdır.

Diplomat vurğulayıb ki, mövcud siyasi problemlərə baxmayaraq, iki ölkə arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlıq artıq aktiv şəkildə inkişaf edir. Bu isə tərəflər arasında praktiki əməkdaşlıq üçün zəminin mövcud olduğunu göstərir.

Rusiya tərəfi ümid edir ki, Gürcüstan da qarşılıqlı fayda verən sahələrdə konstruktiv münasibətlərin inkişafında maraqlı olacaq. Qaluzin əlavə edib ki, siyasi çətinliklərə baxmayaraq, bu əməkdaşlıq mərhələli şəkildə genişlənə bilər.

Nazir müavini həmçinin Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Gürcüstanın bütün ölkə üzrə katolikos-patriarxı II İliyanın dəfn mərasimində iştirakını xatırladıb. Onun sözlərinə görə, bu addım iki xalq arasında mədəni, tarixi və mənəvi yaxınlığın göstəricisidir.

Qaluzin bildirib ki, mərhum patriarx Gürcüstanın milli və dini lideri kimi yüksək nüfuza malik idi və ənənəvi dəyərlərin qorunmasında mühüm rol oynayıb. Rusiya nümayəndəsi dəfn mərasimində Gürcü Pravoslav Kilsəsinə və Gürcüstan xalqına başsağlığı mesajını çatdırıb.

Ekspertlər hesab edirlər ki, bu cür mesajlar iki ölkə arasında münasibətlərin yumşaldılması istiqamətində siqnal kimi qiymətləndirilə bilər, lakin siyasi məsələlərin həlli hələ də əsas maneə olaraq qalır.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources