EN

İspaniyadan presedent qərar: Qadının əlinin öpülməsi seksual zorakılıq sayılacaq...

İspaniyanın Ali Məhkəməsinin qərarı ilə “istənilən seksual xarakterli fiziki təmas” cinayət kimi qiymətləndiriləcək...

Poliqon xəbər verir ki, İspaniyanın Ali Məhkəməsi əl öpmə hərəkətinin müəyyən hallarda cinsi hücum kimi qiymətləndirilə biləcəyinə dair mühüm qərar qəbul edib. Qərar 2023-cü ildə Madrid yaxınlığındakı Alkobendas şəhərində baş vermiş hadisə ilə bağlı iş üzrə çıxarılıb.

Məhkəmə materiallarına əsasən, bir kişi avtobus dayanacağında tanımadığı qadının əlini öpüb, daha sonra jestlə onu özü ilə getməyə dəvət edib və pul təklif edib. Təqsirləndirilən şəxsin vəkilləri bu davranışı küçə təcavüzü və ya yüngül sataşma kimi təqdim etməyə çalışsalar da, məhkəmə fərqli mövqe tutub.

Ali Məhkəmə bildirib ki, seksual məzmun daşıyan istənilən fiziki təmas cinsi hücum hesab olunur və bu halda kişi qadının “seksual toxunulmazlığını pozmaq niyyəti ilə hərəkət edib”. Qərarda vurğulanıb ki, hadisənin tonu və konteksti açıq şəkildə seksual xarakter daşıyıb və zərərçəkmiş şəxs bu davranışa dözməyə məcbur deyildi.

Məhkəmə həmçinin qeyd edib ki, belə hərəkətlər insanın hüquqlarını pozaraq onu obyekt səviyyəsinə endirir. Nəticədə aşağı instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb və təqsirləndirilən şəxs 1500 avro məbləğində cərimələnib.

Beynəlxalq media, o cümlədən AFP, İspaniyanı gender əsaslı zorakılığa qarşı mübarizədə qabaqcıl ölkələrdən biri kimi qiymətləndirir. Qeyd olunur ki, ölkədə 2022-ci ildən etibarən seksual hərəkətlər üçün qarşı tərəfin açıq razılığı hüquqi tələb kimi tətbiq edilir.

Xatırladaq ki, 2025-ci ildə İspaniya məhkəməsi ölkənin futbol federasiyasının keçmiş rəhbəri Luis Rubialesi futbolçu Cennifer Ermosonu öpdüyünə görə cinsi zorakılıqda təqsirli bilmişdi. Bu qərar da ölkədə “razılıq prinsipi”nin tətbiqinin gücləndirilməsinin nümunəsi kimi göstərilir.

Poliqon.info

Chosen
23
poliqon.info

1Sources