EN

Rasim Balayev: Heydər Əliyev mənə dedi ki, şöhrət başını gicəlləndirməsin TARİXİ ŞƏXSİYYƏT

Kulis.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axunovanın Xalq artisti Rasim Balayevlə müsahibəsini təqdim edir.

Elmira Axundova: – Rasim müəllim, mən bilirəm ki, sizin dahi Heydər Əliyevlə münasibətlərinizin çox maraqlı – əyani və qiyabi tarixçəsi var. Bəs ilk şəxsi tanışlığınız nə zaman və hansı şəraitdə baş tutdu?

Rasim Balayev: – Bu suala cavab vermək üçün lap əvvəldən başlamaq lazımdır. 1969-cu ildə mən İncəsənət İnstitutunu bitirdim və elə həmin ilin iyul ayında Heydər Əliyevi Azərbaycan Kommunist Partiyasının birinci katibi seçdilər. Demək olar ki, onun seçilməsindən bir müddət sonra respublikamızın həyatının bütün sahələrində canlanma başlandı. O, incəsənətə çox bağlı adam idi. Heydər Əliyev eyni zamanda Azərbaycan kinosunun problemləri ilə də maraqlanmağa başladı. Tezliklə onun təşəbbüsü ilə Azərbaycan kinematoqrafçıları tarixi mövzulara müraciət etdilər. Onun bu məsələyə özünəməxsus yanaşması vardı. Heydər Əliyev deyirdi: bizim tariximizdə görkəmli şəxsiyyətlər – şairlər, memarlar, dövlət xadimləri olub – biz təkcə öz xalqımızı deyil, əcnəbi ölkələri də onlarla tanış etməliyik. «Nəsimi», «Yeddi oğul istərəm», «Dədə Qorqud», «Babək», «Nizami» və başqa filmlər beləcə yarandı… Bir sözlə, bəxtim gətirdi ki, belə bir zamanda kinoya gəldim.

Mənim respublikanın rəhbəri ilə ilk şəxsi görüşüm isə 1976-cı ilə baş tutdu. Xatırlayırsınızsa, sovet dövründə Azərbaycan kinosunun yaranma tarixi 1916-cı ildən hesablanırdı, o zaman Azərbaycanın ilk səssiz filmi olan «Neft və milyonlar səltənətində» ekranlara çıxmışdı. Bax beləcə, kinomuzun 60 illik yubileyində Lenin adına Sarayda bu tarixə həsr olunmuş təntənəli mərasim keçirildi. Mənə dedilər ki, Rəyasət Heyətində oturacaqsan. Tədbirdən sonra məni səhnənin yanındakı VİP otaqda əvvəlcədən nəzərdə tutulmayan banketə dəvət etdilər. Dedilər ki, Heydər Əliyev səni çağırır. O məni məşhur sınayıcı nəzərləri ilə başdan-ayağa süzdü və dedi: «Cavan oğlan, mən sənə Əməkdar artist adını vermək qərarına gəlmişəm», – mənimsə cəmi 28 yaşım vardı. – Amma sən, zəhmət olmasa, diqqətli ol, öz üzərində işlə və yorulub usanma, necə deyərlər, şöhrət başını gicəlləndirməsin». Bu sözlər hələ də mənim xatirimdədir və hər dəfə, hətta ikinci dərəcəli rollarıma belə, mən həmişə eyni şövqlə və məsuliyyətlə yanaşmışam. Bəlkə də, hansısa ifam daha uğurlu və ya əksinə, bir az uğursuz alına bilər. Kino – kollektiv işdir. Bəzi məqamlar aktyordan, bəzi məqamlar isə rejissordan, operatordan, montajçıdan asılıdır. Amma istənilən halda, mənimçün böyük və kiçik rol mövcud olmayıb.

E.A. – Buna görə də onlar tamaşaçıların yaddaşına həkk olunub…

R.B. – Yəqin ki, belədir. «Nəsimi» filmi Mərkəzi Komitədə nümayiş olunanda məni çağırmamışdılar. Kinostudiyanın direktoru Adil İsgəndərov, quruluşçu rejissor Həsən Seyidbəyli və ssenari müəllifi İsa Hüseynov dəvətlilər arasındaydılar. Büro üzvləri filmə baxandan sonra Heydər Əliyeviç təxminən 8-10 dəqiqə məndən danışıb. Elə hey soruşurmuş: bu cavan oğlanı haradan tapmısız, bu mürəkkəb rolun öhdəsindən o necə gələ bilib? Heydər Əliyeviç danışırdı ki, çəkilişlərdən əvvəl Həsən Seyidbəylidən soruşub ki, baş rolda kimi çəkmək niyyətindədir. Cavabı eşidəndən sonra tərəddüd edib: bu cavan oğlan Nəsimi obrazının öhdəsindən gəlməyi bacaracaqmı? Həsən Seyidbəyli deyib ki, mənə inanır. Heydər Əliyev cavab verib: «Yaxşı, özün bilərsən, amma məsuliyyət sənin boynundadır».

Filmə baxandan sonra çox razı qalan Heydər Əliyev istedadlı aktyorun qayğısına qalmağı tapşırır və hətta Rasim Balayevin bu rol üçün nə qədər qonorar alması ilə maraqlanır. Ona 1600 rubl verildiyini eşidəndə isə çox təəccüblənir. «Mən fikirləşirdim ki, ən azı, 20-50 min alıb». Adil İsgəndərov dözməyib deyir: «Yoldaş Əliyev, bizdə belə qonorar yoxdur. Bu orada, onlarda olur...» – «Onlarda» yəni harada? Rusiyada?» – Heydər Əliyev başa düşmür. – «Yox, daha uzaqda...» Və hamı gülməyə başlayır.

Bu mənim ilk böyük filmim idi və mən hər çəkiliş günü üçün minimal tariflə 8 rubl alırdım. SSRİ-nin dağılma ərəfəsində, 80-ci illərin sonlarında mən artıq ən yüksək qonorarı – günə 50 rubl alırdım. Yeri gəlmişkən, Nəsimini filmin rus versiyasında məşhur Vyaçeslav Tixonov səsləndirirdi. Əvvəlcə o, heç cür razılaşmaq istəmirdi, deyirdi ki, çox məşğuldur və sair. Filmə baxandan sonra isə o, fikrini dəyişdi. Tixonovun xahişi ilə səsləndirməni gecəyə salmışdılar. O zaman məşhur aktyor elə «Baharın 17 anı» serialında çəkilirdi.

Biz bir dəfə onunla Moskvadakı kinostudiyada görüşdük. O mənə danışırdı ki, rejissordan soruşub: bu, Nəsimi rolunda oynayan aktyorun sayca neçənci filmidir? «Birinci» cavabını eşidəndə o inanmayıb. Deyib, mənim də kinoda ilk təcrübələrim olub. Amma belə şeyi ilk dəfədir görürəm ki, cavan adam heç bir xüsusi təcrübəsi olmadan dərhal belə genişmiqyaslı böyük rolu oynaya. Bu oğlan ekranı bilir, kadrı duyur, kamera qarşısında çox peşəkarlıqla davranır və sair. Məsələ bundaydı ki, mən televiziya tamaşalarında artıq çoxlu rollar oynamışdım. Amma o zaman çəkiliş yox idi, hər şey canlı baş verirdi. Buna görə də köhnə tamaşaların heç biri qalmayıb, mən buna çox-çox təəssüflənirəm.

E.A. – «Nəsimi» filminin çəkilişlərinə qayıdaq. Çəkiliş prosesi dövründə hansı çətinliklər oldu?

R.B. – Əlbəttə, çətinliklər az deyildi. Amma əsas çətinliyim məni Nəsimi rolunda heç cür görmək istəməyən ayrı-ayrı rəhbərlərin inamsızlığı idi. O zaman böyük şairin yubileyi üçün xüsusi hökumət komissiyası yaradılmışdı, ona Azərbaycan Mərkəzi Komitəsinin birinci katibi özü rəhbərlik edirdi. Müavini isə Ali Sovetin Rəyasət Heyətinin sədri Qurban Xəlilov idi. Həsən Seyidbəyli sonradan mənə danışırdı ki, Qurban Xəlilov kinostudiyaya gəlib və ona deyib: «Rasim kino təcrübəsi olmayan cavan oğlandır. Çox xoşun gəlirsə, onu sonra hansısa başqa filmə çəkərsən, burada təcrübəli aktyor lazımdır. Filmi xaricdə, UNESCO-da göstərəcəklər. Bir daha düşün!» Amma Seyidbəyli fikrindən dönmür, çünki başqa alternativ görə bilmir – qeyri-təvazökarlığıma görə üzr istəyirəm. Elə Qurban Xəlilov da Heydər Əliyeviçin sözlərini təkrarlayır: «Bax da, bütün məsuliyyət sənin boynuna düşəcək!»

1974-cü ildə Bakıda VII Ümumittifaq kinofestivalı keçirilirdi, orada Şukşinin «Qırmızı qovaq» filmi baş mükafatı aldı. «Nəsimi» – «tarixi mövzuda ən yaxşı film» kimi xüsusi mükafatı qazandı, Rasim Balayev isə «ən yaxşı kişi rolunun ifasına görə» təltif edildi. İndi belə deyirlər: bir səhər oyandı ki, bütün ölkədə məşhurdur.

E.A. – Heydər Əliyev həmişə gənc və istedadlı ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı inkişafını diqqətlə izləyir, onları həvəsləndirir, o cümlədən ali titullarla mükafatlandırırdı. Siz də istisna deyilsiniz. «Əməkdar artist» və «Xalq artisti» adını da Heydər Əliyevin rəhbərliyi dövründə almısınız. Bütün bu adlar və ali mükafatlar sizin yaradıcı inkişafınız, potensial imkanlarınızın genişləndirilməsi üçün stimul olubmu?

R.B. – Əlbəttə. Mən artıq bu barədə sizə danışmışam. «Xalq artisti» adını almağıma gəlincə, bununla bağlı məzəli bir hadisəni xatırlayıram. Heydər Əliyevin Moskvaya gedişindən əvvəl fəxri adların verilməsinə hazırlaşırdılar, bilirdim ki, məni siyahıya salmayıblar. Buna görə də xüsusi həyəcan keçirmirdim. Fikirləşirdim ki, bu yaxınlarda – 1976-cı ildə – «Əməkdar» adını almışam, hələ öz üzərimdə çox işləməliyəm, rollar oynamalı, filmlərə çəkilməliyəm. Bəlkə, 10-15 il sonra «Xalq artisti» adını da alaram. O zaman «Qoskino»nun (Azərbaycanda Kinematoqrafiya üzrə Dövlət Komitəsinin) sədri Azad Şərifov idi. Onunla dost idik. O mənə dedi: «Bilirsən, Rasimçik, sən hələ cavansan. Həsən Məmmədov səndən 10 yaş böyükdür, o, çoxdan bu adı qazanmağa layiqdir...». Yəqin, məni yoxlayırdı, görsün, məni nəzərə almadıqları üçün narazılıq etməyəcəm ki? Amma mən onunla tam razı idim, yəni mənim nə yaşım var ki? Bu adı almağım mənimçün tez idi, «Xalq artisti» olmaq üçün böyük yaradıcılıq yolu keçmək lazımdır.

Mərkəzi Komitəyə təqdim olunan siyahıda Şəfiqə Məmmədovanın, Rasim Ocaqovun, Həsən Seyidbəylinin, Həsən Məmmədovun adları vardı… Mənə sonradan dedilər ki, Heydər Əliyeviç adlarla bağlı siyahını imzalayanda qəfil soruşub: «Bəs Balayev hanı?».

İntiqam Vəzirov bizdə, kinostudiyada kadrlar şöbəsində işləyirdi, ona Mərkəzi Komitədən zəng vurub tələb ediblər ki, Rasim Balayevin şəxsi işini onlara təcili ötürsün. Maraqlıdır ki, onunla qapıda qarşılaşdım, mənim qovluğumu çıxışa tərəf aparırdı… Bir neçə gün sonra gecə saat dörddə mənzilimdə telefon zəng çaldı. Mən həmişə gecə zənglərindən qorxuram, xüsusilə də o zaman bir neçə yaxın qohumum təzəcə dünyasını dəyişmişdi. Dəstəyə cumdum, gördüm, zəng vuran Qafar – bizim qonşudu. Dedi ki, Rasim, mən səni «Xalq artisti» adını almağın münasibətilə təbrik edirəm. O, mətbəədə buraxılışa məsul növbətçi idi və səhər qəzetdə dərc olunacaq mükafat siyahısını hamıdan tez oxumuşdu. İnanmadım, fikirləşdim ki, haradasa içib (o, «vurmağı» sevirdi) və mənimlə zarafat etmək fikrinə düşüb. «Yox e, mən içməmişəm, – Qafar özündən çıxdı, – mən burada nəşriyyatdayam, qəzet buraxıram. Sənin adını «xalq artistlərinin» arasında gördüm. Odur ki muştuluğumu ver».

Əlbəttə ki, bundan sonra səhərədək gözümə yuxu getmədi. Yaxınlıqdakı köşkün açılacağı anı səbirsizliklə gözləyirdim. Bəlkə də, o gün ömrümdə ilk dəfə qəzet növbəsində durdum, axı o zaman qəzetlər üçün uzun növbələr yaranırdı. Aldım, açdım və öz soyadımı gördüm.

Sonra həmkarlarım mənə sataşmağa başladılar: bax, nə hiyləgərdi, gizlində öz işini düz-qoş edib. Axı hamı bilirdi ki, mənim adım kinostudiya rəhbərliyini tərəfindən təqdim olunmayıb.

Buna görə də sizin suala tam səmimi cavab verəcəyəm: biz Heydər Əliyeviçin qarşısında ciddi məsuliyyət hiss edirdik. Bilirdik ki, həmin dövrdə çəkilən istənilən Azərbaycan filminə «Birinci» özü baxacaq, bilirdik ki, Heydər Əliyev istənilən premyeraya, istənilən konsertə gələ bilər. Buna görə də yaradıcı imkanlarımızı aşaraq oynamalı, var gücümüzü ortaya qoymalı idik. Bizdə də, bəstəkarlarda da, yazıçılarda da böyük stimul vardı. Buna görə də 70-80-ci illərdə Azərbaycanda mədəniyyət sahəsi əsl intibah dövrünü yaşayırdı.

E.A. – Bəs «Babək» filmində xalq qəhrəmanı roluna sizi dərhal təsdiq etdilər?

R.B. – Bu filmi də Həsən Seyidbəyli çəkməliydi, o bu rolda məni görürdü. Amma sonradan ekran əsərini Eldar Quliyevə həvalə etməyi qərara aldılar. O, əvvəlcə bütün İttifaqdan onlarla aktyoru, hətta Aleksandr Abdulovu belə sınaq çəkilişlərinə cəlb etdi. Yadımdadır ki, Saşa sonralar mənə deyirdi: məndən Babək olar, mən daha çox İvan Qroznıya oxşayıram.

Bədii Şurada çoxları mənim namizədliyimin əleyhinə idi, deyirdilər, Rasim artıq Nəsimini, «Dədə Qorqud» filmində – Beyrəyi və başqa tarixi personajları oynayıb. Babək – lap ağ olar. Eyni sima, eyni xarakter.

E.A. – Bununla belə, sizi təsdiqlədilər…

R.B. – Günlərin bir günü Eldar Quliyevi və filmin məsləhətçisi Ziya Bünyadovu Mərkəzi Komitəyə, birinci katibin yanına çağırırlar. Heydər Əliyev onları qəbul edir və başqa suallarla yanaşı, onu da soruşur ki, Babəki kim oynayacaq? Həmin vaxtadək onlarla aktyoru sınaqdan keçirən Eldar Quliyev axırda mənim namizədliyimin üzərində dayanmışdı.

– Rasim Balayevi yoxlamaq istəyirik, – rejissor deyir.

Heydər Əliyev bir anlıq fikrə gedir və qəfildən sözə başlayır:

– O nəsə son vaxtlar kökəlib. Üstəlik, Babək də axı tamam başqa xarakter, başqa obrazdır… Amma nə deyim, sən belə düşünürsənsə, etiraz etmirəm. Amma yaxşı olardı, aktyor bir az arıqlasın.

Eldar kinostudiyaya gəlir və məni sorğu-suala tutur:

– Sən Heydər Əliyevlə harada görüşmüsən?

– Mən? Mərkəzi Komitənin birinci katibi ilə?! Mən onunla harada görüşə bilərəm ki?

– Belədirsə, o sənin kökəldiyini haradan bilir? Demək, siz haradasa görüşmüsüz.

Buradaca barmağımı dişlədim. Mən «Gənclik» metrosu yaxınlığında indiki Atatürk prospektində yaşayırdım, o zaman küçəmizin adı Xalqlar dostluğu idi. Axı Mərkəzi Komitənin birinci katibinin şəhərdəki iqamətgahı da yaxınlıqda yerləşirdi. Beləcə, bir gün uşağı məktəbə aparanda milis nəfəri məni saxladı, yəni dayanın, indi hökumət korteji keçəcək. Mən döngədə dayanmışdım, orada maşınlar istər-istəməz sürəti azaldırdı. Heydər Əliyev, yəqin, məni elə o döngədə görmüşdü.

Bir sözlə, biz ikimiz də Heydər Əliyeviçin nadir müşahidə qabiliyyətinə heyran qaldıq, sonra Eldar məni tərəziyə çıxardı və 10 kiloqram arıqlamağı tapşırdı. Mən pəhrizə başladım, axşamlar yemirdim, səhərlər və günortalar at çapırdım, üzgüçülük və qılıncoynatma ilə məşğul olurdum. Qısa müddət ərzində 8 kiloqram 700 qram arıqladım. Beləliklə, respublika rəhbərinin «nəsihətinə» əməl elədim və bu unudulmaz obrazı oynadım.

E.А. – Bu çox maraqlıdır… Rasim müəllim, bəs 70-80-ci illərdəki dövrü necə xatırlayırsınız? Heydər Əliyevin Azərbaycanın müasir teatrının və kinematoqrafiyasının inkişafında hansı rolu olub?

R.B. – Heydər Əliyevin diqqəti, onun yardımı olmadan Azərbaycan kinematoqrafiyasında, ümumiyyətlə, çox şey baş verməzdi. Elə «Nəsimi» filmini götürək – həmin vaxt birinci katibin tapşırığı ilə Bakıdakı bir çox müəssisələr – zavodlar, fabriklər bizə köməklik göstərirdilər. Bəziləri qılınc düzəldir, bəziləri kostyum və hansısa başqa artefaktlar hazırlayırdılar, bütün bunlar ödənişsiz qaydada kinostudiyaya verilirdi. Məsələn, leytenant Şmidt adına zavod 500 qılınc hazırlamalı idi. Yaxud: «Nəsimi» filminə büdcədən 600 min rubl ayırmışdılar, təbii ki, belə genişmiqyaslı film üçün bu məbləğ kifayət deyildi. O zaman Heydər Əliyev öz ehtiyat fondundan pul verdi. Və ya başqa nümunə: həmin vaxt bütün filmlər Şostkanın «Svema» kinoplyonkasında çəkilirdi, biz isə valyuta hesabına «kodak» aldıq. Yaxud da: rəhbərliyin tapşırığı ilə valyuta mağazalarından 10 bahalı Suriya xalçası əldə etdik. O zaman bizdə avadanlıq köhnə idi, Heydər Əliyeviçin yardımı ilə valyuta ilə ən müasir avadanlıq aldıq, 400-500 min dollar həcmində idi – bu, o zaman üçün nəhəng pullar deməkdi!

Bir şeyi də deyim: «Nəsimi» filmində, demək olar ki, bütün səhnələr naturada çəkilib, «Babək»də də natura çəkilişləri az deyil, onları əsasən Naxçıvanda çəkmişik. Heydər Əliyeviç bununla bağlı vilayət komitəsinin birinci katibinə tapşırıq verdi, yəni ki bax, sənin yanına çəkiliş qrupu gəlir, onlara bacardığın köməyi elə – texnika, adamlar ayır. Kamran Rəhimov yumşaq şəkildə etiraz etməyə çalışdı: Heydər Əliyeviç, bizdə hamı üzüm yığımı ilə məşğuldur. Mən dəqiq bilirəm ki, Heydər Əliyev ona nə cavab verib: bu il üzümü Naxçıvanın yerinə Cəlilabad toplayacaq, sənin vəzifən isə «Babək» filminin çəkilişlərinə kömək eləməkdir.

E.A. – Elə Lenin də məhz belə demişdi. Xatırlayırsınız? «Bütün sənət sahələrindən bizim üçün ən vacibi kinodur». Və o, haqlı idi. Məsələn, qazaxlar 2005-ci ildə fransızlarla birgə «Köçəri» adlı irimiqyaslı film çəkdilər. Amma bu gör nə qədər sonra olub?! Bizsə belə filmləri hələ sovet dövründə ərsəyə gətirmişik, özü də məhz Heydər Əliyevin sayəsində.

R.B. – Yeri gəlmişkən, «Köçəri» filminin prodüserlərindən biri Rüstəm İbrahimbəyov idi. «Babək» filmi üçün bizə 800 min rubl vermişdilər. Heydər Əliyev isə respublikanın büdcəsindən kinostudiyaya əlavə 1 milyon rubl da ayırdı. Bilirsiniz, o zaman üçün bu nə qədər böyük məbləğ idi?

E.A. – Təsəvvür edirəm. Bəs siz necə, o zaman hansı miqyasda tarixi layihədə iştirak etdiyinizi anlayırdınız? Başa düşürdünüz ki, bu filmlərlə Azərbaycan kinosunun ən gözəl səhifələrini yazırsınız?

R.B. – Əlbəttə! Biz böyük məsuliyyət hiss edirdik. Mən daim axtarışda idim, daim Babək obrazı üzərində çalışırdım. Bundan əlavə, istəyirdim ki, adım gələndə bədii şurada üz-gözlərini turşudan və mənim altı il əvvəl «Nəsimi» filmindəki uğurlarımı təkrarlayacağımı deyən «ağıllılar» etiraf eləsinlər: bəli, Rasim Balayev bu dəfə tamam yeni obraz, yeni xarakter – əsl milli qəhrəman, sərkərdə, sərt və qətiyyətli cəngavər obrazı yaradıb. Bu filmdə necə gözəl kütləvi səhnələr çəkildi, batal səhnələrdə nə qədər süvari qoşun vardı! O vaxtadək «Azərbaycanfilm» bu cür film çəkməmişdi. Buna görə də hesab edirəm ki, XX əsrin 70-80-ci illərindən 90-cı illərədək olan mərhələ Azərbaycan kinematoqrafıyasının çiçəklənmə və əsl intibah dövrü idi. Biz nə pul, nə də dəbdəbəli avtomobil almaq barədə düşünürdük. Biz yaradıcı mühitdəki əhvali-ruhiyyə, bu yanğı ilə yaşayırdıq. Bu mənada Heydər Əliyevin Azərbaycan kinematoqrafiyasının inkişafındakı əvəzsiz xidmətlərini qiymətləndirməmək çətindir.

E.A. – 1993-cü ildə, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra istər siyasət, istər iqtisadiyyat, istərsə də incəsənət sahəsində yeni mərhələ yarandı. Heydər Əliyev, ciddi çətinliklərə baxmayaraq, mədəniyyət xadimlərinə kömək etməyə çalışırdı. Rüstəm İbrahimbəyov mənə danışırdı ki, Heydər Əliyevin şəxsi göstərişi ilə «Şərq-Qərb» kinofestivalının keçirilməsi üçün böyük məbləğdə valyuta ayrıldı. Həmin dövrdə siz Heydər Əliyevlə görüşmüşdünüzmü?

R.B. – Ondan başlayım ki, 1998-ci ildə mənim 50 yaşım oldu. Evə zəng vurublar, mənsə həmin vaxt artıq restoranda idim – yubileyimi dostlarımla qeyd edirdim. O zaman mobil telefonlar yox idi. Məni restoranda tapdılar, dəstəkdən prezidentin səsini eşitdim. O, sözə zarafatla başladı: «İndi sənin 50 yaşın olur yəni? Sən mənimçün hələ də uşaqsan, Nəsimi obrazında gördüyümüz həmin o yaraşıqlı gənc oğlansan». Mən də cavabında eyni cür zarafatla dedim: «Təəssüf ki, artıq 50 yaşım olub. Amma bu mənim günahım deyil, cənab prezident». O güldü, sonra ciddi dedi: «Mən sənin «Şöhrət» ordeni ilə təltif edilməyin barədə Sərəncam imzalamışam». Cavab verdim: «Bunu bütün Azərbaycan kinematoqrafçılarına verilmiş qiymət kimi qəbul edirəm. Çox sağ olun!». Və Heydər Əliyev kinomuzun 60 illiyində verdiyi iyirmi il əvvəlki nəsihəti təkrar etdi: «Yorulub usanma, əvvəlki kimi məsuliyyətlə işləməyə davam elə!». Səhərisi gün evimin həyətinə «Sonata» markalı yeni maşın gətirdilər.

E.A. – Yəqin, Heydər Əliyev sizə ev də verib.

R.B. – Bəli, o zaman mən Babək obrazı üzərində işləyirdim. Həmin vaxt kommunal şəraitdə yaşayırdıq və çox əziyyət çəkirdim. Üstəlik, səs-küylü qonşularım vardı, yeyib-içməyi sevirdilər. Kinostudiyanın direktoru Cəmil Əlibəyovun yanına gedib həyat şəraitimin yaxşılaşdırılmasını xahiş etdim. Elə məhz həmin vaxt Heydər Əliyevin tapşırığı ilə Qurban Xəlilov və Kamran Bağırov kinostudiyaya gəlmişdilər ki, «Babək»in çəkilişlərinin necə getdiyi ilə maraqlansınlar. Onlar pavilyona daxil oldular, bizsə Şahmar Ələkbərovla qılınc döyüşdürmə səhnəsini məşq edirdik. Fasilə zamanı Qurban müəllim məndən qılıncı istədi. Onu əlində saxladı və dedi: «Bu nə ağırmış! Sən onu necə daşıyırsan?». Ona əllərimi göstərdim, əllərim qabar içərisində idi.

Sonra onlar kinostudiya direktorunun kabinetinə daxil oldular, mən rejissordan beş dəqiqə icazə aldım və onlarla getdim. İçəri girdim və Qurban Xəlilova dedim ki, mən bu qədər məsul rol oynayıram, amma evdə bir dəqiqə dincliyim yoxdur. Qurban müəllim mənim kommunal şəraitdə yaşamağıma təəccübləndi və tapşırdı ki, Heydər Əliyevin adına ərizə yazım. «Sabah günorta saat 3-də Ali Sovetə gətir». Mən redaktorlardan birindən mənimçün «ürəkdağlayan» bir məktub yazmasını xahiş elədim və səhərisi gün Qurban Əliyeviçin yanına qaçdım. O, ərizəni götürdü, dedi ki, heç nədən narahat olmayım və elə bu gün bu barədə birinci katibə məruzə edəcək. Heç bir həftə keçmədi ki, mənə ayrıca ev verdilər. Bax, əhvalat belə olmuşdu…

E.A. – Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişindən sonra tez-tez xarici səfərlərdə olur və nümayəndə heyətinə mədəniyyət və incəsənət adamlarını da daxil edirdi. Siz onunla belə bir səfərdə olmusunuz?

R.B. – Bir dəfə rəsmi səfəri zamanı onunla bir yerdə Gürcüstanda olmuşam. Tiflisə gedən zaman yolda Heydər Əliyev nümayəndə heyətinin oturduğu salona daxil oldu, bizimlə söhbət etdi. Mənimlə görüşdü və tapşırıq verdi – «gürcü kinematoqrafçıları ilə əlaqə saxla, öyrən, gör onların işləri necə gedir. Bəlkə, müştərək gürcü-Azərbaycan layihəsi də düşünərsiniz». Tiflisdə məni və mərhum bəstəkar Tofiq Quliyevi eyni nömrədə yerləşdirmişdilər. Tofiq müəllim o qədər mədəni adam idi ki, siqaret çəkmək üçün eyvana çıxırdı. Mən ona dedim ki, Tofiq müəllim, axı mən də çəkirəm, ona görə də utanıb çəkinməyin. O isə cavab verdi: «Sənin siqaretin əyləncədir. Mənimkilər isə termonüvə».

Ziyafətlərdən birində bizi gürcü nazirlərlə yanaşı əyləşdirdilər. Onlarla yaxşıca içdik və bu zaman Heydər Əliyev işarə ilə Tofiq Ələkbəroviçi yanına çağırdı. Düzünü desəm, mən əvvəlcə ona görə narahat oldum, necə olsa, yaşlı adamdı, üstəlik də yaxşıca içib. Amma Tofiq Quliyev sovet tərbiyəsi almışdı. O, sanki dəyişdi, özünü ələ aldı və Heydər Əliyevlə Şevardnadzenin oturduğu stola yaxınlaşdı. Bizim Prezident bəstəkarı Gürcüstan rəhbərinə təqdim etdi, sonra mikrofonu Tofiq Quliyevə uzatdı. Bizim masada o, dili dolaşa-dolaşa danışırdı, orada isə – cəmi bir neçə saniyə sonra – elə qəşəng tost dedi ki!

Həmin səfər zamanı biz əmin olduq ki, Prezidentimiz ölkədən kənarda da böyük nüfuza malikdir, Eduard Şevardnadze ona çox böyük hörmətlə yanaşır. Mən Heydər Əliyevi müşahidə edirdim, onun necə şax dayandığını, necə gözəl nitq söylədiyini görürdüm və belə bir rəhbərimiz olduğu üçün böyük qürur hissi keçirirdim!

E.A. – Təəssüf edirsinizmi ki, Heydər Əliyev sizin müstəqillik dövründəki çox mühüm rollarınızı – Hüseyn Cavidi, Mirzə Fətəli Axundovu görə bilmədi? Necə düşünürsünüz, Anarın bu filmlərindəki ifalarınız onun xoşuna gələrdimi?

R.B. – Bilirsinizmi, o özü istəyirdi ki, bizim kinematoqrafçılar Hüseyn Cavid haqqında film çəksinlər. Daha doğrusu, Cavidin həyatı haqqında yox, onun «İblis» pyesi əsasında – bu əsəri Heydər Əliyev yüksək qiymətləndirirdi. Amma rejissor Ramiz Həsənoğlu ilə ssenarist böyük şairin həyatı barədə film ərsəyə gətirməyi və onun əsərlərindən səhnələri də ora daxil etməyi qərara aldılar. Çünki «İblis» səhnədə daha yaxşı görünür. Bilmirəm, Anarın ideyası və rejissorun çəkdiyi film Heydər Əliyevin xoşuna gələrdimi, amma düşünürəm ki, baş rolun ifası onun ürəyincə olardı. Bir dəfə o, məni Azərbaycan Dövlət Dram Teatrının səhnəsində, Cəfər Cabbarlının «Aydın» pyesində (7 may 2000-ci il – E.A.) görmüş və demişdi: «Rasim, sən “Nəsimi”, “Babək” kimi epoxal filmlərdə çəkilmisən, indi isə Dövlət bəyi oynayırsan. Babəkdən, Nəsimidən və digər rollardan sonra. Nə deyim, bu çox düzgündür. Əsl artist üçün böyük və kiçik rol yoxdur, bütün rollar vacibdir». Prezidentin bu sözləri mənim üçün ən yüksək tərif idi.

Bakıda 90-cı illərin sonlarında «Şərq-Qərb», «Festivallar festivalı» kimi tədbirlər dəfələrlə keçirilib və bütün bunlar Azərbaycan Prezidentinin dəstəyi ilə baş tutub. Heydər Əliyev özü də bu festivalların açılışında iştirak edib, maraqlı nitqlər söyləyib. Bir dəfə digər qonaqların arasında Aleksey Batalov da vardı, ziyafətdə o, Heydər Əliyevin şərəfinə badə qaldırıb sağlıq dedi: «Mən çox birinci katib görmüşəm, amma belə şeyi birinci dəfə görürəm. Elə təəssürat yaranır ki, siz uzun müddət kinostudiyada işləmisiniz və çəkiliş prosesinə daxildən bələdsiniz. Siz elə detalları qeyd etdiniz ki, bu ştrixlər yalnız kino mütəxəssisinə tanışdır». Doğrudan da, Heydər Əliyev özü danışırdı: o, 1960-cı illərin ortalarında DTK-da sədr müavini vəzifəsində çalışırdı, sədr isə Semyon Sviqun idi. Sviqunu çekistlər barədə filmə məsləhətçi dəvət edirlər. Semyon Kuzmiç öz müavininə deyir: «Bilirsən, Heydər, mənim heç vaxtım yoxdur, sən ora get və uşaqlara kömək elə». Təsəvvür edirsiniz, o, bir müddət səhərdən-axşama qədər orada oturur. «İstintaq davam edir» adlı həmin filmin rejissoru Əlisəttar Atakişiyev idi. Filmin titrlərində Sviqunun soyadı yazılır, amma, əslində, həmin layihədə məsləhətçi Heydər Əliyevin özü olmuşdu.

E.A. – Müsahibəyə hazırlaşarkən mən Heydər Əliyevin kinematoqrafçılar qarşısındakı nitq və çıxışlarını təkrar oxudum. Onlar, doğrudan da, güclü təsir bağışlayır: Heydər Əliyev bu və ya digər dövrdə öz yardımı ilə çəkilən bütün filmləri xatırlayır, rejissorların, aktyorların, operatorların adlarını çəkir, filmlərin çəkiliş dövründə ortaya çıxan çətinlikləri və problemləri yada salır. Bu, adamı heyrətə gətirir! Yeri gəlmişkən, o sizin Nəsimi və Babək rollarınızı dəfələrlə xatırladırdı.

Məsələn, 2 may 1998-ci ildə «Festivallar festivalı»nın açılışında Heydər Əliyev danışırdı ki, «tarixi baxımdan “Nəsimi” filmi Azərbaycan kino sənətində ilk fundamental filmdir. Rasim Balayev isə baş rolu çox yaxşı, olduqca gözəl oynayıb… Həmin vaxt o çox qamətli, yar-yaraşıqlı oğlan idi».

R.B. – Bəli… o zarafat etməyi, kimisə sancmağı sevirdi. Burada da elədir, mənim haqqımda danışarkən qeyd edirdi ki, Rasimin cavan qamətindən heç nə qalmayıb, çünki o yaşa dolub və bədəni də daha böyük və dolu olub. Düzdür, sonra təsəlli də verdi ki, sən elə indi də yaraşıqlısan…

Məsələnin ciddi tərəfinə gəlsək, Heydər Əliyev olduqca təvazökar adam idi. Özünün dəstəyi olmadan heç cür ərsəyə gəlməyəcək bu və ya digər filmi xatırlayarkən o, hər vəchlə Azərbaycan kinematoqrafçılarının – Həsən Seyidbəylinin, Eldar Quliyevin, Rüstəm İbrahimbəyovun, Rasim Ocaqovun rolunu vurğulayırdı. Özü haqqında isə yalnız onu deyirdi ki, filmi yaradanları himayə edib və onlara yardım edib. Hərçənd bütün bu proseslərdə onun çox, çox nəhəng rolu və iştirakı olub…

E.A. – Və sonda: siz Heydər Əliyevin Azərbaycanda müasir teatrın və kinematoqrafiyanın inkişafında rolu haqqında nə deyə bilərsiniz?

R.B. – XX əsrin 60–70-ci illərində Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycan kinosu, teatrı, ümumiyyətlə, incəsənəti yüksək inkişaf mərhələsini yaşamağa başladı. İnsanlar öz işlərinə daha böyük şövq və məsuliyyətlə yanaşırdılar, çünki bilirdilər: respublikada onların işlərini qiymətləndirə biləcək adam var. Onun az qala əsrin dörddə birinə təsadüf edən hakimiyyətinin birinci və ikinci dövründə elə bir tamaşa, film premyerası və ya əsər olmadı ki, Heydər Əliyev ona rəy verməsin, münasibət bildirməsin. O, hətta epizodlarda oynayan aktyorları belə adbaad tanıyırdı.

O, sənət adamlarına böyük hörmət və sevgi ilə yanaşırdı, çünki ruhən onlara yaxın idi. Filarmoniyada onun tapşırığı ilə təşkil olunan cümə konsertlərini xatırlayırsınız? Heydər Əliyev istəyirdi ki, onun məmurları gözəl olan hər şeyi duya bilsinlər. Nə qədər təmtəraqlı səslənsə də, deməliyəm ki, 70–90-cı illər mərhələsi Azərbaycan mədəniyyətində intibah dövrü idi.

E.A. – Və bu çox maraqlıdır, çünki bütün bu filmlər, əsərlər, pyeslər sovet senzurası, Moskvanın təzyiqi və «Qlavlit»in diktə etdiyi şərtlər altında çəkilir, yazılır, səhnəyə qoyulurdu.

R.B. – Heydər Əliyev Moskvada işləyəndə də bizim filmlərimizin senzuradan keçməsinə kömək edir, əngəlləri aradan qaldırırdı. O, bütün SSRİ çərçivəsindəki mədəniyyətin kuratoru idi axı. Heydər Əliyevin Moskvada mədəniyyət xadimləri qarşısındakı çıxışlarını yaşlı nəslin nümayəndələri bu gün də heyranlıqla xatırlayırlar. Ümumiyyətlə, belə adamlar əsrdə bir dəfə, ya iki əsrdən bir dünyaya gəlirlər. Bircə sözlə desək, o, dahi idi!

E.A. – Çox sağ olun, Rasim müəllim. Sizin xatirələrinizdə elə aktyorlara xas canlılıq, emosionallıq və səmimiyyət var. Onlar buna görə dəyərlidirlər… 8 avqust 2023-cü ildə sizin 75 yaşınız tamam oldu və Azərbaycan Prezidenti sizi «İstiqlal» ordeni ilə təltif etdi. Şəxsi görüşünüz zamanı İlham Heydər oğlu bildirdi ki, siz Azərbaycan kino sənətinə böyük töhfələr vermisiniz və sizin kino fəaliyyətiniz Azərbaycan xalqı üçün hər şeydən əvvəl Nəsimi və Babək obrazları ilə bağlıdır. Xalqımızın təsəvvüründə bu obrazlar sizinlə eyniləşdirilir.

R.B. – Mən isə, xatırlayırsınızsa, cavab verdim ki, İlham Heydər oğlu Əliyev tarixə öz adını Ali Baş Komandan, əsl Babək kimi yazdı. Mən dedim, əsl Babək – sizsiniz, biz yalnız onun obrazını oynayırıq…

Sonda demək istərdim ki, bu varislik, Heydər Əliyevə bu sonsuz hörmət və sevgi üçün şadam və onun irsinin bu gün həyatımızın bütün sahələrində, o cümlədən mədəniyyət sahəsində özünü büruzə verməsi məni çox sevindirir…

E.A. – Bu qədər səmimi və maraqlı xatirələr üçün çox təşəkkür edirəm, Rasim müəllim. Sizə can sağlığı və sevimli işinizdə yeni-yeni uğurlar arzulayıram!

2024-cü il

“İmadəddin Nəsimi. Mən bu cahana sığmazam" kitabının təqdimatı keçirildi

“Qərbi azərbaycanlıların milli geyim irsi” sərgisi açıldı

"O, axşamlar özünü ac qalmağa tamamilə öyrətdi..." - Qoqolun "Şinel"indən bir hissə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
kulis.az

2Sources