EN

Yazın görünməz təhlükəsi – Necə qorunmalı?

Mart ayı bayramların bolluğu ilə yadda qalsa da, eyni zamanda yaz mövsümünün gətirdiyi müxtəlif xəstəliklərin aktivləşməsi ilə də diqqət çəkir.

Havanın dəyişkənliyi, təbiətin oyanması və allergenlərin artması bu dövrdə sağlamlıqla bağlı riskləri artırır.
Bəs yaz aylarında xəstəliklərin çoxalmasının əsas səbəbləri nədir və onlardan necə qorunmaq olar?

Dr.

Əsəd Beydullayev

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən pulmonoloq-həkim Əsəd Beydullayev bildirib ki, yaz aylarının gəlişi ilə müəyyən qrup xəstəliklərin aktivləşməsi müşahidə olunur.

Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri allergik reaksiyalardır:

“Yaz aylarında ağacların və güllərin çiçəklənməsi nəticəsində havada allergenlərin miqdarı artır. Bu da xüsusilə allergik xəstəliklərin, o cümlədən allergik astmanın kəskinləşməsinə səbəb olur.

İnsanlar bu dövrdə hava şəraitinə uyğun geyim seçməkdə çətinlik çəkirlər. Nəticədə soyuqdəymə və qrip halları artır. Ən çox rast gəldiyimiz müraciətlər də məhz bu xəstəliklərlə bağlı olur”.

Əsəd Beydullayev vurğulayıb ki, yaz aylarında davamlı asqırıq, göz və burun sulanması, tənəffüs zamanı xışıltı kimi əlamətlər müşahidə olunarsa, bu, allergik astmanın göstəricisi ola bilər:

“Belə hallarda mütləq həkim müayinəsindən keçmək və uyğun müalicə almaq lazımdır.

İnsanlar artıq hansı bitki və ya faktorun onlarda allergiya yaratdığını bilirlərsə, mümkün qədər onlardan uzaq durmalıdırlar”.
Mütəxəssis yaz xəstəliklərindən qorunmaq üçün hava şəraitinə uyğun geyinməyi, immuniteti gücləndirməyi və allergik reaksiyalar zamanı vaxtında həkimə müraciət etməyi tövsiyə edir.

Aynurə İsmayıl
KONKRET.az

Chosen
63
2
konkret.az

3Sources