AMEA Naxçıvan Bölməsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi konfrans təşkil olunub.
Tədbiri giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 31 Mart hadisələrinin Azərbaycan xalqının tarixində ən faciəli və ağrılı səhifələrdən biri olduğunu vurğulayıb. O qeyd edib ki, 1918-ci ilin mart hadisələri zamanı xalqımıza qarşı məqsədyönlü şəkildə kütləvi qırğınlar törədilmiş, yaşayış məntəqələri dağıdılmış, kəndlər yandırılmış, minlərlə günahsız insan amansızcasına qətlə yetirilmişdir. Bu hadisələr təkcə insan tələfatı ilə məhdudlaşmayıb, eyni zamanda xalqımızın tarixi-mədəni irsinə ağır zərbə vurulub.
Bölmə sədri vurğulayıb ki, bu gün Azərbaycan dövləti öz gücü və qətiyyəti ilə tarixi ədalətin bərpası istiqamətində mühüm addımlar atır. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bu nailiyyətin xalqımızın milli birliyinin və siyasi iradəsinin təntənəsi olduğunu qeyd edən akademik, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurların Azərbaycanın beynəlxalq mövqeyini daha da möhkəmləndirdiyini xüsusi vurğulayıb.
Sonra Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Səfər Əliyev “Azərbaycan tarixində 1918-ci il faciələri: Daşnaksütyun və bolşevik qüvvələrinin fəaliyyətinin analizi” mövzusunda məruzə edib. Məruzədə 1918-ci il hadisələrinin mahiyyəti və həmin dövrdə törədilən qırğınların ağır nəticələri geniş şəkildə təhlil olunub. Xüsusilə qeyd edilib ki, soyqırımı nəticəsində yalnız insan tələfatı deyil, həm də milli mətbuat və ümumilikdə mədəniyyət sahəsi ciddi zərər görüb, həmin dövrədək formalaşmış mətbuat ənənələri zəifləyib.
Daha sonra həmin institutun elmi işçisi Nurlana Əliyeva “Mart soyqırımı və tarixi yaddaş siyasəti” mövzusunda məruzə edib. O bildirib ki, 1918-ci il mart hadisələri xalqımızın yaddaşında dərin iz buraxmışdır. Məruzəçi, həmçinin 1905–1907-ci illərdə baş verən kütləvi qırğınlara da toxunub. O vurğulayıb ki, bu hadisələrin təbliği milli yaddaşın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konfransda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün tarixi əhəmiyyətindən bəhs edilib, bu faciələrin unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb.
Səbuhi HƏSƏNOV