EN

Ermənistanda baş nazir postu uğrunda savaş: Kim daha şanslıdır?

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası Nikol Paşinyanın qarşıdan gələn parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Bu barədə açıqlama verən Paşinyan “Vətəndaş Müqaviləsi” partiyasının daxili səsvermə keçirdiyini və iki turdan sonra qalib gəldiyini deyib:

“Mənə bir daha etimad göstərdiklərinə, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik etmək və Ermənistan Respublikasının Baş naziri vəzifəsinə namizəd olmaq imkanı verdiklərinə görə bütün partiya yoldaşlarıma təşəkkür edirəm”, - deyə Paşinyan özünün “Facebook” səhifəsində yazıb. Paşinyanın namizədliyini 898 partiya üzvü dəstəkləyib. Hazırkı xarici işlər naziri Ararat Mirzoyan isə 12 səs toplayaraq ikinci yeri tutub.

Üçüncü yerdə səkkiz partiya üzvü tərəfindən dəstəklənən hazırkı müdafiə naziri Suren Papikyan yer alıb. Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə iştirak etməyi planlaşdıran partiyalar qeydiyyat üçün sənədlərini aprelin 23-dək Mərkəzi Seçki Komissiyasına rəsmi olaraq təqdim etməlidir. 

Seçki kampaniyasının mayın 8-də başlaması nəzərdə tutulub. Artıq Ermənistanda qeyri-rəsmi seçki təbliğatına başlanılıb. Baş nazir Paşinyan fevral ayında seçki tarixinin elan edilməsindən qısa müddət sonra ölkə daxilində fəal şəkildə səyahətlər edir.

O, öz komandası ilə birlikdə hər həftəsonunu ya bölgələrə, ya da paytaxt İrəvanın rayonlarına səyahət etməklə keçirirlər. Hakimiyyət həmin səfərləri “partiyadaxili kampaniya” adlandırsa da, Ermənistan mediası bunu seçkiqabağı təşviqatın başlanğıcı hesab edir.

Paşinyanın bölgələrə səfərlərdə və seçicilərlə görüşləri zamanı, pirojki, qarğıdalı, kartof yeməsi, insanlara kətə paylaması sosial şəbəkələrdə böyük marağa səbəb olub. Eyni zamanda, müxalifət də təbliğat-təşviqat məqsədilə sakinlərlə görüşlər keçirməyə başlayıb. 

Bu prosesdə eks-prezident, “Ermənistan” blokundan baş nazirliyə namizəd Robert Köçəryan daha çox fəallıq nümayiş etdirir. Lakin Köçəryanın çıxışları daha çox hakimiyyətin ünvanına sərt, təhqiramiz ifadələrlə yadda qalır.

“Biz qətiyyətliyik, məqsədimiz qələbədir. Əminəm ki, bu hökumətin təmsil etdiyi şər məğlub olacaq. Mən hakimiyyətə gəldikləri ilk gündən bəri onlarla mübarizə aparıram və onlar gedənə qədər rahatlıq tapmayacam”, - deyə Köçəryan bildirib.

Nikol Paşinyana əsas alternativ hesab edilən rusiyalı milyarder, "Güclü Ermənistan" partiyasının sədri Samvel Karapetyan isə dövlət çevrilişinə cəhd ittihamı ilə həbsdə olduğundan belə səfərlə çıxmaq imkanından məhrumdur. Çox güman ki, o, seçki kampaniyasında iştirak edə bilməyəcək. Samvel Karapetyanın əvəzinə təbliğat-təşviqat işlərini onun qardaşı oğlu Narek Karapetyanın aparacağı gözlənilir.

Lakin Narek siyasi fiqur olmadığından seçicilərin dəstəyini qazanmaq imkanı yoxdur. Ona görə də hazırda Robert Köçəryanın daha çox tərəfdar toplamaq şansı Samvel Karapetyandan daha çoxdur. Bütün rəy sorğularında Köçəryan Karapetyandan geri qalsa da, onun seçicilərlə birbaşa təmas qura bilməsi “Güclü Ermənistan”ın elektoratını özünə cəlb etmək baxımından əlverişli fürsət yaradır.

Bu isə müxalifət düşərgəsində parçalanmanın artması və Karapetyanın zəiflədilməsi baxımından Paşinyanın da maraqlarına uyğundur. Sabiq prezident Serj Sarkisyanın sədrlik etdiyi Ermənistan Respublika Partiyası ilə seçkilərdə iştirak edib-etməmək barədə aprelin 4-də keçiriləcək qurultayda qərar verəcək.

Ümumiyyətlə, Serj Sarkisyanın və komandasının parlamentə düşmək şansı çox aşağıdır. Digər eks-prezident Levon Ter-Petrosyanın liderlik etdiuyi Erməni Milli Konqres Partiyasının baş nazirliyə namizədi Levon Zurabyan mandat qazanacaq reytinqə malik deyil. 

Ermənistanda son bir ildə keçirilən bütün rəy sorğularında respondentlərin əksəriyyəti baş nazir Nikol Paşinyanın liderlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyasına səs verəcəklərini bildiriblər. 2021-ci ildə keçirilmiş parlament seçkiləri ilə müqayisədə Paşinyanın reytinqi xeyli azalsa da o, birinciliyi qoruyub saxlayır. Seçkilərdə əsas rəqabətin Nikol Paşinyanla Samvel Karapetyan arasında gedəcəyi gözlənilir.

Lakin “Empirica” konsaltinq şirkətinin fevralın 12-dən sonra keçirdiyi rəy sorğusunun nəticələri tamamilə fərqli nəticələr üzə çıxarıb. “Güclü Ermənistan” partiyası fəaliyyətə başladıqdan sonra, iki namizəddən hansının növbəti baş nazir olacağı barədə suala respondentlərin 35 faizi Samvel Karapetyanı, 34 faizi isə Nikol Paşinyanı seçib.

İrəvanda bu fərq daha çox olub. Respondentlərin 49 faizi Karapetyanı, 24 faizi Paşinyanı dəstəkləyib. Paytaxtda “Güclü Ermənistan” partiyasına dəstək “Vətəndaş Müqaviləsi” partiyasından təxminən iki dəfə çoxdur. Əgər bu gün parlament seçkiləri keçirilsəydi, İrəvandakı seçicilərin 35 faizi “Güclü Ermənistan”a, 17 faizi “Vətəndaş Müqaviləsi” partiyasına, 11 faizi “Ermənistan” blokuna, 16 faizi isə digər müxalifət qüvvələrinə səs verməyə hazır olduğunu deyib.

Rəyi soruşulanların 8 faizi cavab verməkdə çətinlik çəkib. Yerevanda yalnız 24 faizi Nikol Paşinaynın baş nazir vəzifəsindəki fəaliyyətindən razı olduğunu deyib. Respondentlərin 75 faizi ondan narazı qalıb. Bölgələrdə rəyi soruşulanların 37 faizi baş nazirin fəaliyyətindən razılıq, 61 faizi isə narazılığını ifadə edib. 

Qeyd edilən rəy sorğusu Paşinyanın seçkilərdə əsas rəqibinin Karapetyan olaraq qaldığını göstərir. Səsvermənin nəticlərindən asılı olmayaraq, rəqabətin “Güclü Ermənistan” və “Vətəndaş Müqaviləsi” partiyaları arasında gedəcəyi gözlənilir. 

Ancaq “Empirica”nın keçirdiyi sorğuda birmənalı şəkildə Samvel Karapetyanın və onun liderlik etdiyi partiyanın bütün siyasi qüvvələrdən üstün göstəricilərə malik olması qabardılır. 2025 və 2026-cı illərdə Ermənistanda keçirlən rəy sorğularında Samvel Karapetyanın qalib gəlmək şansı maksimum 14, minimum 7 faiz təşkil edib.

Hakim “Vətəndaş Müqaviləsi”nə səs vermək istəyənlərin sayı isə 16,5 faiz olub. “Ermənistan” blokuna səs verəcəyini deyən respondentlər 6,4-8 faiz civarında olub. Son vaxtlar Nikol Paşinyanın seçicilərlə birbaşa təmas qurması fonunda Karapetyanın həbsdə qalması baş nazirin elektoratını artırır.

Eləcə də, Robert Köçəryanın təbliğat-təşviqat görüşləri onun tərəfdarlarını artırmaqla yanaşı, müxalifət düşərgəsində siyasi qütbləşmə yaradır ki, bu da Karapetyan üçün seçkilərdə problemə səbəb ola bilər. 

Chosen
25
1
cebheinfo.az

2Sources