EN

Müharibənin bitiş ssenarisi: Kim uduzacaq?

Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar fonunda regionda gərginlik pik həddə çatıb. 

Paytaxt Tehranın da daxil olduğu bir sıra şəhərlərə endirilən intensiv hava zərbələri və qarşılıqlı hücumlar münaqişənin miqyasını daha da genişləndirir. 

Mövcud vəziyyət və müharibənin mümkün inkişaf ssenariləri ilə bağlı politoloq Qulamhüseyn Əlibəylinin “Cebheinfo.az”-la öz fikirlərini bölüşüb. Politoloq bildirib ki, ümumiyyətlə, ABŞ–İsrail cütlüyünün İrana qarşı apardığı müharibə hələ başlanğıcda qarşıya qoyulan əsas məqsədlərə tam çatmayıb: 

“Düzdür, İran rəhbərliyinin müəyyən hissəsi, o cümlədən hərbi rəhbərliyi aradan götürülüb, hərbi obyektlərə ciddi ziyan dəyib. Hazırda mülki infrastrukturun da hədəfə alınması prosesi gedir. Lakin bütün bunlara baxmayaraq, İranı təslim etmək və ya onu tam sındırmaq hələki mümkün olmayıb. 

Əksinə, İranın da müqavimət gücü artır. İran daha çox ABŞ hərbi bazalarının yerləşdiyi ərazilərə zərbələr endirir. Ona görə də müharibənin davam etmə ehtimalı daha çoxdur. Bu ehtimalı gücləndirən amillərdən biri də odur ki, İran artıq Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən çıxıb. 

Yəni artıq nüvə silahı ilə bağlı beynəlxalq öhdəliyi yoxdur. Ona görə də sərbəst şəkildə nüvə silahı əldə etmək niyyətini açıq şəkildə ortaya qoymuş olur. Nəzərə alsaq ki, münaqişənin əsas səbəblərindən biri də İranın nüvə silahı əldə etmək niyyətinin qarşısını almaq idi, bu faktor müharibənin davam edəcəyi ehtimalını artırır”. 

Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Amerika cəmiyyəti qısamüddətli hərbi əməliyyatları müəyyən qədər qəbul etsə də, uzun sürəcək müharibələrə qarşı ciddi narazılıq mövcuddur: 

“Digər tərəfdən, hərbi obyektlərin də vurulması prosesinin davam edəcəyini gözləyirəm. 

Bununla belə, müəyyən müddətdən sonra münaqişənin intensivliyində azalma da istisna olunmur. Çünki artıq həm ərəb ölkələrində, həm İsrail daxilində, həm də ABŞ-də uzanan müharibəyə qarşı müəyyən etirazlar başlayıb. 

Məsələn, Konqresdə Trampa qarşı etirazlar başlayıb. Düzdür, bu etirazların dərhal nəticə verəcəyini gözləmək olmaz. Lakin hər halda ABŞ cəmiyyəti uzunmüddətli müharibələrə hazır deyil. Qısamüddətli hərbi əməliyyatlara müəyyən qədər hazır olsalar da, uzun sürən müharibələrə qarşı ciddi narazılıq mövcuddur. 

Bu baxımdan, Əfqanıstan və Vyetnam variantını nəzərdən keçirtmək lazımdır. Amerika cəmiyyəti bunun əleyhinədir. Eyni zamanda, İsrail cəmiyyətində də müharibə əleyhinə müəyyən çıxışlar başlayıb. Ərəb ölkələrində də oxşar etirazlar müşahidə olunur. Buna görə hesab edirəm ki, hələ bir müddət münaqişə daha da şiddətlənə, qarşılıqlı raket zərbələri intensivləşə bilər”. 

O vurğulayıb ki, quru əməliyyatlarına hazırlıqla bağlı müəyyən məlumatlar da mövcuddur: “Bildirilir ki, bölgəyə 10 mindən çox hərbçi cəlb olunub və hazırlıq işləri aparılıb. Lakin quru müharibəsi ABŞ üçün əlavə çətinliklər yarada bilər. 

Ona görə Tramp deyir ki, biz artıq məqsədimizə nail olmuşuq. Artıq müəyyən hərbi məqsədlərə nail olunduğunu bəyan edir, hərbi strukturları vurduğunu deyir. Bundan sonra hansı strukturları vuracağı məlum deyil. Ona görə çox güman ki, ABŞ diplomatik danışıqlara cəhd edəcək. 

İndiyədək bir neçə dəfə danışıqların aparıldığı bildirilsə də, hələ faktiki olaraq, bu danışıqlar baş tutmayıb. Güman edilir ki, ABŞ bir müddət sonra diplomatik təşəbbüslərlə çıxış edə və münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində addımlar ata bilər. Lakin bu prosesin yaxın günlərdə baş verəcəyi gözlənilmir”. 

Əfsanə Rəcəb 

“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
47
cebheinfo.az

10Sources