ain.az bildirir, Redaktor.az portalına istinadən.
"Bakı şəhərinin su, kanalizasiya sistemi ən yaxşı halda Sovetlər dövründə salınıb. O vaxtı Bakıda bir milyon əhali var idi, bir milyon yarım ehtiyatı da götürüb hesabatı veriblər. Üstündən 40-50 il keçib, Bakının bir milyon əhalisi üç-dörd milyona çatıb".
Bunu Redaktor.az-a açıqlamasında tanınmış memar Cahid Həsənov bildirdi.
"50 il bundan əvvəl bir küçə və prospektdə bir qastronom olardı, uzağı bir-iki ədəd iaşə obyekti də olardı. İndi bir küçədə, bir prospektdə — bu başdan o başa iaşə obyektləri, kafelər, restoranlar, qastronomlar var. Əvvəllər həmin ərazidə 100 ailə yaşayırdısa, indi hündürmərtəbəli binalar tikilib 10 min ailə yaşayır. 50-60 il əvvəl çəkilmiş kanalizasiya sistemi bu yükü necə daşısın? Getdikcə bu problemlər çoxala bilər. Yanvarda şad xəbər eşitdik ki, fundamental şəkildə Bakının kanalizasiya sisteminin dəyişməsinə start verilib. Təbii ki, bu da 3-5 aya həll olan deyil, 3 il-5 il müddətində mərhələli olaraq proses aparılacaq.
İndi yeni texnologiyalar çıxıb, yeni materiallar var — çürüməyən, paslanmayan, tez tökülməyən. Hazırda bunlarda istifadə olunmalıdır. O vaxt istifadə olunan materiallar keyfiyyətli olubsa belə, hazırda istifadə müddəti bitib. 50-60 ildən söhbət gedir, bu xırda bir iş deyil. Yeni texnologiya ilə, yeni standartla 50 il, 100 il bundan sonrakını zaman nəzərə alınacaq", - deyə memar qeyd etdi.
Müsahibimiz sonda vurğuladı ki, şəhərsalmanın qanunları, standartları var:
"Bu, hansısa bələdiyyə sədrinin işi deyil".
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.