EN

31 Mart - unudulmayan tarix və qanlı yaddaş

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva XX əsrin əvvəllərində ermənilərin təkcə bu gün Ermənistan adlanan ərazidə deyil, Bakıda, Şamaxıda, Qubada, Göyçayda, Qarabağda, Zəngəzurda, Naxçıvanda da vaxtaşırı xalqımıza qarşı etnik təmizləmə, qırğınlar, talanlar, yanğınlar, terror və digər zorakılıq aktları həyata keçirdiklərini, bu illər ərzində on minlərlə dinc azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirdiklərini söyləyib.

Gövhər Baxşəliyeva Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da Azərbaycanlıların soyqırımı haqqında verdiyi Fərmanının tarixi önəmini xüsusi vurğulayaraq bu Fərmana əsasən 31 Martın Azərbaycanlıların Soyqırımı Günü elan edildiyini bildirib. O, Heydər Əliyevin 2003-cü il martın 27-də Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xalqına müraciətini xatırladıb. İnstitut rəhbəri Prezident İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncama əsasən görülən işlərdən bəhs edib. Akademik G.Baxşəliyeva Şərqşünaslıq İnstitutunda 1918-ci il soyqırımı barədə həqiqətlərin üzə çıxarılması, ölkə və dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıb, institut əməkdaşlarının Şimali və Cənubi Azərbaycanda ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımlarına həsr olunmuş və tarixi həqiqətləri üzə çıxaran kitablarından söz açıb.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü 31 Martı Azərbaycan xalqının həqiqətlərin üzə çıxarılması üçün milli mübarizəni ön plana çıxaran simvolik tarix kimi qiymətləndirib, Andronik və Njdenin başçılıq etdiyi erməni silahlı dəstələrinin Zəngəzurda dəhşətli qətllər törətdikləini, kəndləri yerlə-yeksan etdiklərini bildirib. O qeyd edib ki, Zəngəzurdakı qanlı hadisələr zamanı 115 kənd məhv edilib, 10 mindən çox insan vəhşiliklə qətlə yetirilib..

İnstitutun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev son iki əsrdə Azərbaycan xalqının çox böyük uğur və nailiyyətlər əldə etməsilə yanaşı, dəhşətli və insanlıq əleyhinə işlənmiş hadisələrlə üzləşdiyini deyib. O bildirib ki, Azərbaycan Cümhuriyyəti tərəfindən 1918-ci iyulun 15-də yaradılan Fövqəladə Təhqiqat Komissiyası erməni-rus silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımının, talan və cinayətlərinin aşkarlanmasında böyük rola malik olub. 1919-cu ilin noyabrınadək fəaliyyət göstərən komissiya 36 cilddən ibarət əsaslı sənədlər toplusu hazırlayaraq, bu cinayətləri sənədləşdirib.

İnstitutun Cənubi Azərbaycan şöbəsinin aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri 1918-ci ildə Cənubi Azərbaycanda törədilən soyqırımlardan danışıb. O bildirib ki, Cənubi Azərbaycanın Qərb bölgəsində törədilən soyqırımlar fevraldan başlayaraq 6 ay müddətində davam edib və bu hadisələrdə 200 min azərbaycanlı həyatını itirib. H.Səfəri bu hadisələrin erməni-aysorlardan ibarət silahlı dəstələr tərəfindən həyata keçirildiyini vurğulayıb.

Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi Mirzə Ənsərli isə 1918-ci ildə ermənilərin Zəngəzurda törətdikləri qanlı facilələrdən danışıb.

Chosen
29
azertag.az

1Sources