EN

Simonyan belə güclənir

Sanksiyalara rəğmən, Rusiya mediasının xaricdəki fəaliyyəti daha da genişlənir.

Musavat.com xəbər verir ki, bu barədə yayılan maliyyə hesabatlarına əsaslanan araşdırmada qeyd olunub.

Məlumata görə, Marqarita Simonyanın rəhbərlik etdiyi “TV-Novosti” (RT) 2025-ci ildə xarici fəaliyyətə xərclərini əhəmiyyətli dərəcədə artırıb. Şirkət hər il dövlət büdcəsindən 32–33 milyard rubl alsa da, bu məbləğ dəyişməz qalmasına baxmayaraq, vəsaitin yenidən bölüşdürülməsi hesabına xaricə ayrılan maliyyə artırılıb.

Ən böyük artım Balkan regionunda qeydə alınıb. Belə ki, Serbiyadakı “Balkans Media” şirkətinə ayrılan vəsait bir il ərzində 7,5 dəfə artaraq 208 milyon rubldan 1,5 milyard rubla çatıb. Bu artım regionda kütləvi etirazlar və seçki prosesləri ilə eyni dövrə təsadüf edir.

Hesabatda diqqət çəkən digər məqam isə RT-nin qadağalara baxmayaraq, xarici tərəfdaşlara ödənişləri davam etdirməsidir. 2025-ci ildə bu istiqamətdə xərclər 5,3 milyard rubldan çox olub. Ödəniş alan şirkətlər arasında ABŞ, Böyük Britaniya və digər ölkələrdə fəaliyyət göstərən qurumlar da yer alır.

Eyni zamanda Avropada RT-nin fəaliyyəti məhdudlaşdırılsa da, struktur yeni yollar tapır. Məsələn, Berlində fəaliyyət göstərən “Ruptly” agentliyi bağlanıb, lakin onun fəaliyyətinin Əbu-Dabidə yeni ad altında davam etdirilməsi planlaşdırılır.

Bundan əlavə, RT “Gateway to Russia” adlı yeni media platforması yaradıb. 6 dildə fəaliyyət göstərən bu portal xüsusilə Balkan ölkələrinə yönəlib və müxtəlif “yumşaq güc” alətləri vasitəsilə auditoriya qazanmağa çalışır.

Araşdırmada qeyd olunur ki, bütün bu addımlar Rusiyanın xaricdə informasiya təsirini qorumaq və genişləndirmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Musavat.com

Chosen
10
musavat.com

1Sources