EN

“Əvvəllər də 4 dəfə cərimələnmişəm, amma...” - Davud Qüdrətov ittihamlara cavab verdi

“37 ildir işləyirəm, bu sahə barədə məlumatı olmayanların iddialar səsləndirməsi gülüncdür”.

Bunu “Yeni Sabah”a açıqlamasında “Doktor Davud” klinikasının direktoru, tanınmış həkim Davud Qüdrətov deyib.

O, ixstisasına uyğun fəaliyyət göstərmədiyi barədə yayılan iddialara aydınlıq gətirib:

“Mən ixtisasca pediatram. 1979-cu ildən bu sahədə fəaliyyət göstərirəm. Əvvəlcə 2 il hərbi həkim kimi işləmişəm, daha sonra 6 il Rusiyada pediatriya sahəsində çalışmışam. 1989-cu ildən isə Azərbaycanda rəsmi şəkildə özəl tibbi fəaliyyətlə məşğulam. Hazırda ailə həkimi kimi işləyirəm və dövlət də məni məhz bu statusda tanıyır. Bu, həm “MyGov” sistemində, həm elektron səhiyyə bazasında, həm də digər rəsmi mənbələrdə öz əksini tapıb.

Ailə həkimi həm pediatriya, həm də terapiya bazasından formalaşa bilər. Mənim də baza ixtisasım pediatriyadır. Hesab edirəm ki, pediatrların ailə həkimi kimi çalışması daha məqsədəuyğundur. Çünki pediatr həm uşaqları, həm də ailənin digər üzvlərini tanımaq və izləmək baxımından bu sahəyə daha yaxındır. Mən 2-3 il deyil, artıq 37 ildir ailə həkimi kimi çalışıram. Bütün müqavilələrimdə, bütün rəsmi sənədlərimdə də bu belə göstərilib. Ona görə də bu gün kiminsə məni ailə həkimi kimi tanımaması mənə qəribə gəlir”.

D.Qüdrətov hesab edir ki, ailə həkimliyi multidissiplinar sahədir və uşaq xəstəlikləri, infeksiyalar, endokrinologiya, bəzi cərrahi və digər istiqamətləri özündə birləşdirir: “Yəni ailə həkimi tək bir sahə ilə məhdudlaşmır, geniş profilli mütəxəssisdir. Ona görə də bu gün kiminsə gəlib məni ailə həkimi kimi tanımaması, bu sahə barədə məlumatı olmadan iddialar səsləndirməsi gülüncdür”.

O, söyləyib ki, Səhiyyə Nazirliyi beşinci dəfədir rəhbərlik etdiyi klinikanı cərimələyir:

“Əvvəlki 4 cərimə ilə bağlı məhkəməyə müraciət etmişəm və apellyasiya instansiyasının hamısında haqlı çıxmışam. Bu məsələ ilə bağlı da hüquqi qaydada addım atacağam. İnanıram ki, burada da haqlı olduğum sübut olunacaq.

Qeyd edək ki, Səhiyyə Nazirliyi “Doktor Davud” klinikasında yoxlama aparıb və protokol tərtib edərək baxılıması üçün məhkəməyə göndərib. Klinika məhkəmə qərarı ilə 6000 manat cərimələnib.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Chosen
54
1
yenisabah.az

2Sources