EN

Unudulmayan faciə, dəyişən reallıq - ŞƏRH

Bakı, 31 mart, AZƏRTAC

Martın 31-i Azərbaycan xalqının yaddaşında qanlı iz qoymuş bir tarixdir. Bu gün xatırlananlar təkcə keçmiş hadisələr yox, bir millətin yaşadığı qırğınlar və itkilərdir.

Bunu AZƏRTAC-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun vitse-prezidenti Oğuz Mirzəyev deyib.

O bildirib ki, 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Gəncə və Zəngəzur bölgələrində azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğınlar miqyasına və qəddarlığına görə insanlıq tarixində ən ağır cinayətlərdən biri kimi yadda qalıb. Bakıda minlərlə dinc sakin amansızcasına qətlə yetirilib, Şamaxıda yaşayış məntəqələri yerlə-yeksan edilib, Qubada isə sonradan aşkar olunan kütləvi məzarlıqlar bu hadisələrin gizlədilə bilməyən sübutuna çevrilib. Eyni ssenari Zəngəzur və Gəncə bölgələrində də təkrarlanaraq əhalinin sistemli şəkildə məhv edilməsi və yurdlarından qovulması ilə nəticələnib:”Bu proses təkcə qırğınlarla bitmədi. XX əsr boyunca azərbaycanlılar ardıcıl deportasiya dalğaları ilə üzləşdi. 1905–1906-cı illərdə başlayan etnik təmizləmə siyasəti, 1948–1953-cü illərdə yüz minlərlə insanın Ermənistan ərazisindən zorla çıxarılması ilə davam etdi və nəhayət, 1988-ci ildən sonra orada yaşayan bütün azərbaycanlıların da qovulması ilə tamamlandı. Bu, insanların köçürülməsi ilə yanaşı, onların tarixi izlərinin silinməsinə yönəlmiş planlı yanaşma idi”.

Oğuz Mirzəyev xatırladıb ki, son 30 ildə Qarabağ və ətraf ərazilərdə baş verən hadisələr bu zəncirin davamı kimi yadda qalıb. “Xocalı soyqırımı, yaşayış məntəqələrinin dağıdılması, minlərlə insanın qətlə yetirilməsi, girov götürülməsi və itkin düşməsi bu siyasətin uzunmüddətli xarakter daşıdığını açıq şəkildə göstərdi. Müharibədən sonrakı dövrdə mina təhlükəsi səbəbilə həyatını itirən və ya xəsarət alan insanların taleyi isə bu ağrının hələ də davam etdiyini ortaya qoyur. Bu gün həm də həqiqətləri qorumaq, onları dünyaya çatdırmaq və milli birliyi gücləndirmək məsuliyyətidir. Tarix göstərir ki, yaddaş zəiflədikcə təhlükələr artır. Buna görə də bu gün yalnız anmaq yox, baş verənləri gələcək nəsillərə düzgün çatdırmaq günüdür. Bu gün Azərbaycanın müxtəlif bölgələrində, vaxtilə bu hadisələrin baş verdiyi ərazilərdə həyat yenidən qurulur. Bu, ədalətin gec də olsa, öz yerini tapdığını göstərir.Məhz bu reallıq fonunda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət – işğaldan azad edilmiş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və Azərbaycanın tarixi həqiqətlərinin beynəlxalq müstəvidə müdafiəsi bu yaddaşın qorunmasının və gələcəyin təminatının əsas istiqamətinə çevrilib”,- deyə o qeyd edib.

Müxbir-Günel Türksoy

Chosen
28
azertag.az

1Sources