EN

“1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” sənədli filmi təqdim olunur - VİDEO

QHT.az xəbər verir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli “1918-ci il hadisələri – UNUDULMAYAN TARİX” adlı sənədli filmə baxmağı ictimaiyyətə tövsiyə edib.

O bildirib ki, soyqırımı cinayətləri yalnız 31 mart tarixində deyil, ilin müxtəlif dövrlərində və dünyanın fərqli məkanlarında da anılmalı, bu hadisələr unudulmamalıdır. QHT-media təmsilçisi kimi həyata keçirdikləri fəaliyyətlər barədə məlumat verən Ə. Bəydəmirli qeyd edib ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş hadisələrin araşdırılması istiqamətində təxminən 10 ilə yaxın müddətdə tədqiqat işləri aparılıb:

"Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasında, Milli Elmlər Akademiyasının rəyi ilə Azərbaycan və ingilis dillərində “1918-ci il hadisələri: dünyasını dəyişən şahidlər, unudulmayan tarix” kitabı 2015-2016-cı illərdə çap olunub. Nəhayət ki, çox çətinliklə də olsa, kitabın mövzusuna uyğun olaraq “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminin çəkilişini həyata keçirdik. Filmdə müxtəlif arxiv sənədləri, tədqiqatçıların müsahibəsi ilə bərabər vaxtılə (2005-2010-cu ildə) müraciət etdiyimiz canlı şahidlərin fikirləri də təqdim olunub. Onu da qeyd edək ki, filmin ssenari müəllifi Əkrəm Bəydəmirli, məsləhətçi Nizami Abbas, rejissoru Mübariz Nağıyevdir".

Ə. Bəydəmirli vurğulayıb ki, araşdırmalarımız nəticəsində xeyli sayda 108 il bundan əvvəl baş vermiş soyqırım haqqında canlı şahidlər danışıblar. 2005-2010-cu illərdə 100 yaşından yuxarı söhbət etdiyimiz, məlumat aldığımız həmin canlı şahidlərin hamısı dünyadan köçüb:

"Çox təəssüf ki, gördüyümüz işlər zamanında lazımı şəkildə dəyərləndirilmədi. Allaha şükürlər olsun ki, yazdığımız kitablar, çəkdiyimiz sənədli film ortadadır, tarix üçün qalacaq. Zəhmətimiz hədər getməyib. Dəyərli dostlar, “1918-ci il hadisələri-UNUDULMAYAN TARİX” sənədli filminə baxmağınızı tövsiyə edirik".

 

Chosen
63
qht.az

1Sources