EN

BVF İrandakı müharibənin qlobal iqtisadiyyata təsirlərini açıqlayıb

Münaqişənin qiymət artımına və iqtisadi artımın zəifləməsinə səbəb olacağı mümkün sayılıb...

Poliqon xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (BVF) tərəfindən yayımlanan hesabatda qeyd olunub. Bildirilir ki, Yaxın Şərqdə baş verən münaqişə əvvəlki böhranlardan sonra bərpa əlamətləri göstərən ölkələrin iqtisadi perspektivlərini ciddi şəkildə zəiflədib.

Hesabatda vurğulanır ki, müharibə yalnız böyük insan itkilərinə səbəb olmayıb, eyni zamanda ən çox zərər görən ölkələrin iqtisadiyyatlarında dərin sarsıntılar yaradıb. Xüsusilə infrastruktur və sənaye obyektlərinə dəyən ziyanın uzunmüddətli təsirlərinin olacağı ehtimal edilir. BVF analitiklərinin fikrincə, bu ölkələr müəyyən dayanıqlılıq nümayiş etdirsə də, qısamüddətli iqtisadi artım perspektivləri mənfi təsirlənəcək.

Sənəddə həmçinin qeyd olunur ki, yaranan iqtisadi şok qlobal xarakter daşıyır, lakin təsirləri qeyri-bərabər paylanır. Daha kasıb ölkələr və enerji resurslarının idxalçısı olan dövlətlər bu vəziyyətdə daha həssas mövqedə qalır və əlavə risklərlə üzləşirlər.

BVF ekspertləri hesab edir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyat qlobal bazarlarda qiymətlərin artmasına və dünya iqtisadiyyatında artım tempinin zəifləməsinə gətirib çıxaracaq. Analitiklər bildirir ki, vəziyyətin gələcək inkişafı əsasən münaqişənin nə qədər davam edəcəyindən asılı olacaq.

Bununla belə, vurğulanır ki, münaqişənin davam etmə müddətindən asılı olmayaraq, artıq indiki mərhələdə qlobal maliyyə sisteminin inkişafı üçün şərait əhəmiyyətli dərəcədə pisləşib və bu tendensiyanın yaxın dövrdə davam edəcəyi gözlənilir.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources