EN

İran Livandakı səfirinin fəaliyyətini davam etdirməsində israrlıdır

Qahirə, 30 mart, AZƏRTAC

Livan ilə İran arasında diplomatik gərginlik artır. Səbəb Beyrutun İran səfiri Məhəmməd Rza Şeybaninin akkreditasiyasını geri götürməsi və onu “arzuolunmaz şəxs” elan etməsi, Tehranın isə onun vəzifədə qalmasında israr etməsidir.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Livan Xarici İşlər Nazirliyinin səfirə ölkəni tərk etməsi üçün verdiyi müddət başa çatsa da, diplomat hələ də Beyrutdadır. İran XİN-nin sözçüsü İsmayıl Bəqai diplomatın Livanda vəzifəsində qalacağını bildirib.

Diplomatik mənbələrin məlumatına görə, səfirin Beyrutu tərk etməmək qərarı Livanda daxili siyasi qüvvələrin, o cümlədən parlament sədri Nəbih Berrinin və “Hizbullah” hərəkatının mövqeyi ilə əlaqələndirilir.

Rəsmi Beyrut qərarını Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının 9-cu maddəsi ilə əsaslandırıb. Həmin maddə dövlətlərə istənilən diplomatı “arzuolunmaz şəxs” elan etmək hüququ verir. Livan Xarici İşlər Nazirliyi qərarını diplomatik qaydaların pozulması və qeyri-rəsmi görüşlərin keçirilməsi ilə izah edib.

Eyni zamanda, Livan hökuməti Tehrandakı səfiri Əhməd Suveydanı məsləhətləşmələr üçün geri çağırıb ki, bu da gərginliyin artdığını göstərir.

Digər tərəfdən, “Hizbullah” və “Əməl” hərəkatları Livan Hökumətinin qərarını tənqid edib və Nazirlər Kabinetinin iclasını boykot ediblər. Bu isə ölkə daxilində İranla münasibətlərdə fikir ayrılığını nümayiş etdirir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
29
2
azertag.az

3Sources