EN

“Mənə öz köməkliyini göstərdi” – Rasim Balayevlə bağlı MARAQLI xatirə

Xalq artisti Rasim Balayev dünyasını dəyişdi. Onun gedişi ilə Azərbaycan kinosu və teatrı bütöv bir epoxanı itirdi.

KONKRET.az-a açıqlama verən Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) prodüseri Azad Axundov böyük sənətkarla bağlı yaddaşında qalan xatirəsini bölüşüb.

Azad Axundov bildirib ki, “Salnamə” studiyası bağlananda işsiz qalmışdı: “Təqaüdə çıxmağıma hələ bir il vaxt qalmışdı. Buna görə də Rasim Balayevə üz tutdum, kinodan ayrılmaq istəmədiyimi dedim. Rasim Balayevlə bir saatdan çox söhbət etdik. O, dərhal AKİ-nin köməkçilərini çağırdı və göstəriş verdi ki, Mədəniyyət nazirinin adına məktub yazılsın. Növbəti gün məktubu imzaladı və göndərdi. Bir müddət məktubun cavabını gözləməli olduq”.

Prodüserin sözlərinə görə, o, çarəsiz şəkildə yenidən Rasim Balayevə müraciət edib: “Rasim Balayev dəstəyi götürüb səlahiyyətli şəxslərə zəng etdi və məktubun aqibətini soruşdu. Mənə də dedi ki, “darıxma Azad, cənab naziri görəndə bu məsələni ona yenə bildirəcəyəm”. Qısa müddət sonra mən aparat rəhbəri vəzifəsinə təyin olundum”.

Axundov sonda vurğulayıb ki, Rasim Balayev son illərində ona öz köməkliyini əsirgəməyib: “Mən gecə-gündüz onun adına dua oxuyuram. Rasim Balayev çox sadə və təvazökar insan idi. O, çox böyük şəxsiyyət idi. Mənim üçün onun itkisi çox ağırdır”.

Dəniz Pənahova,
KONKRET.az

Chosen
70
konkret.az

1Sources