EN

Banklarla bağlı YENİ QƏRAR verildi – Nələr olacaq? 

Azərbaycanın bank və maliyyə sektorunda mühüm yeniliklərdən biri olan məsafədən hesabların açılması qaydaları artıq rəsmən qüvvəyə minib. Bu qərar müasir texnologiyaların bankçılıq sisteminə tam inteqrasiyası deməkdir və vətəndaşların banka getmədən, sadəcə mobil telefon və ya kompüter vasitəsilə hesab açmasına imkan yaradır.

Artıq banklar, poçt operatoru və elektron pul təşkilatları müştərini uzaqdan eyniləşdirmək üçün videozəng, şəkil və ya videoçəkiliş üsullarından istifadə edə biləcəklər. Bu prosesdə ən vacib məqam müştərinin “canlı” olub-olmadığının xüsusi proqramlarla (məsələn, başını tərpətmək, müəyyən hərəkətlər etmək tələbi ilə) yoxlanılmasıdır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu addım həm banklar, həm də müştərilər üçün vaxt itkisinin qarşısını almaq üçün atılır:

“Mərkəzi Bankın təsdiqlədiyi bu qaydalar əslində rəqəmsal bankçılığın inkişafı üçün hüquqi baza yaradır. İnsanlar artıq növbələrdə gözləmədən, fiziki olaraq bank filialına müraciət etmədən hesab açmaq imkanı qazanırlar. Bu, xüsusilə bölgələrdə yaşayan və ya iş qrafiki sıx olan vətəndaşlar üçün böyük rahatlıqdır. Eyni zamanda, banklar üçün də filial xərclərinin azalmasına və xidmət dairəsinin genişlənməsinə şərait yaradır”.

Əkrəm Həsənov

Ekspert bildirib ki, təhlükəsizlik məsələləri bu qaydalarda ən yüksək səviyyədə nəzərə alınıb:

“Məsafədən hesab açılması zamanı şəxsin eyniləşdirilməsi üçün tətbiq olunan ‘canlılıq testi’ (liveness detection) fırıldaqçılıq hallarının qarşısını almaq üçün nəzərdə tutulub. Proqram təminatı müştəridən təsadüfi hərəkətlər etməyi tələb edir ki, kimsə başqasının videosu və ya şəkli ilə hesab aça bilməsin. Bundan əlavə, bütün prosesin gücləndirilmiş elektron imza ilə təsdiqlənməsi və məlumatların dövlət informasiya sistemləri ilə üzləşdirilməsi şəffaflığı və hüquqi təhlükəsizliyi tam təmin edir”.

Onun sözlərinə görə, bəzi hallarda məsafədən hesab açılmasından imtina edilməsi də mümkündür:

“Əgər şəxsin eyniləşdirilməsi texniki səbəblərdən mümkün olmazsa, təqdim edilən sənədlərdə şübhəli məqamlar yaranarsa və ya müştəri “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə” qaydalarına uyğun gəlməzsə, bank imtina edə bilər. Həmçinin, vətəndaşlar özləri də banka yazılı müraciət edərək onlara məsafədən hesab açılmasını qadağan edə bilərlər. Bu, xüsusilə ehtiyatlı vətəndaşlar üçün əlavə bir təhlükəsizlik qatıdır. Ümumilikdə, 30 mart 2026-cı ildən qüvvəyə minən bu qaydalar ölkənin maliyyə ekosistemini daha çevik və müasir edəcək”.

Tunar
NOCOMMENT.az

Chosen
36
nocomment.az

1Sources