EN

Yanacaq qiymətlərinin kəskin artımı: Parisdə yükdaşıyanlar əlavə dəstək tələbi ilə etiraz aksiyasına başlayıblar  

Yanacaq qiymətlərinin sürətlə artması fonunda yük maşını sürücüləri və sərnişin daşıyıcıları Paris şəhərində etiraz aksiyalarına başlayıblar. Paytaxtın dairəvi yolunda (“périphérique”) ilbiz əməliyyatları təşkil olunub.

AZƏRTAC xəbər verir ki, səhər saatlarında Paris dairəvi yolunda ciddi tıxaclar yaranıb. Həmkarlar ittifaqı nümayəndəsinin verdiyi məlumata görə, saat 10:00-dan başlayan aksiyada təxminən 110 avtobus və 70 yük maşını iştirak edir. Etirazçılar yanacaq qiymətlərinin artımına və hökumətin bu artımı kompensasiya etmək üçün gördüyü tədbirlərə qarşı çıxırlar. Onlar saat 09:00–10:00 aralığında “Porte de Vincennes” yaxınlığında toplaşaraq daha sonra dairəvi yola hərəkət ediblər.

“Organisation des transporteurs routiers européens” yaydığı bəyanatda hökumətin yanacaq qiymətlərinin artımından ən çox zərər çəkən sahələr üçün açıqladığı yardımların yetərli olmadığını bildirib. Təşkilat ümid edir ki, ayrılan ilkin vəsaitlər yalnız başlanğıc mərhələ olacaq.

Milli Birlik partiyasının Luare bölgəsindən olan deputatı Toma Menaje isə yanacaq və enerji qiymətlərinə tətbiq edilən ƏDV-nin azaldılmasının yeganə ədalətli tədbir olduğunu bildirib. O, illik xərci təxminən 12 milyard avro olan bu tədbirin həyata keçirilməsini təklif edib və enerji sahəsində ƏDV-nin 20 faizdən 5,5 faizə endirilməsini müdafiə edib.

4Sources