EN

Elmir Xankişiyev: “İnamım var ki, millimiz C liqasına qayıtmağı bacaracaq” - MÜSAHİBƏ

“Demək olar ki, bütün mövqelərimizdə problemlərimiz mövcuddur. Qapıçı, stopper və hücumçu mövqeyində çatışmazlıqlar hiss olunur”.

Bunu Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elmir Xankişiyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Millimiz “FIFA Series-2026” beynəlxalq turniri çərçivəsində bu gün ikinci oyununu keçirəcək. Budəfəki rəqib FİFA reytinqində bizdən öndə olan Syerra Leone yığmasıdır. Hansı nəticəni gözləyirsiniz?

- Syerra Leone müəyyən qədər eşitdiyimiz, tanıdığımız komandalardandır, Sent Lüsiya ilə müqayisədə daha səviyyəlidir. Buna baxmayaraq, bugünkü görüşdən də ancaq qələbə gözləyirəm. İlk qələbədən sonra futbolçularımızda özünəinam hissi artıb, motivasiyaları, əhval-ruhiyyələri yaxşıdır. Bunu nəzərə alaraq, Syerra Leone ilə matçdan da gözləntim qələbədir.

- Keçmiş milli üzvü olaraq, hazırkı yığmamızda ən çox hansı mövqe ilə bağlı narahatlığınız var?

- Demək olar ki, bütün mövqelərimizdə problemlərimiz mövcuddur. Qapıçı, stopper və hücumçu mövqeyində çatışmazlıqlar hiss olunur. Mahir Emreli zədədən yeni qayıtdığı üçün yığmaya dəvət olunmayıb, Nəriman Axundzadə isə ABŞ-a yeni gedib, hələ az oynamaq şansı qazanır. Digər mövqelərə baxanda yarımmüdafiə xətti normaldır.

- UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrda start veriləcək. Rəqiblərimiz Litva və Lixtenşteyn yığmaları olacaq. Sizcə, yığmamız C liqasına qayıtmağı bacaracaq?

- Hamı kimi, mənim də inamım var ki, millimiz C liqasına qayıtmağı bacaracaq. Litvanın Gürcüstanla oyununa baxdım. Buna əsasən deyə bilərəm ki, Litva yığması çox zəif deyil, bizim səviyyədə olan komandadır. Lixtenşteyn də əvvəlki, 4:0 hesabı ilə qalib gəldiyimiz komanda deyil. Artıq onlarda da irəliləyiş var. Çətin olacaq. Amma mənə elə gəlir ki, Allahın köməyi ilə C liqasına qayıtmağı bacaracağıq.

İdman.Biz
Chosen
19
1
idman.biz

2Sources