EN

Varlığı və yoxluğu heç nə ifadə etməyən meyxanaçı Orxan Saffari yazır...

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Meyxana adlı bu bayağıxanada niyə olduğu, olduğu müddətdə nə etdiyi və elə niyə getdiyi bilinməyən bir adam da Elşən Xəzərdir.

Əlbəttə, Elşən, Xəzər olmağına Xəzərdir, ancaq indiki, getdikcə qurumaqda, geri çəkilməkdə olan Xəzər.

Onun barəsində cavabsız suallar var:

Məsələn, Elşən Xəzər niyə meyxana deyirdi? Ulduzu nə vaxt və niyə parlayıb? Heç ümumiyyətlə parlayıbmı? Onu tanıdan nə oldu? Yaddaşlarda nə ilə qaldı və s.

Yeganə meyxanaçıdır ki, bir qram da yoxluğu hiss olunmadı. Elə bil, heç bu ad da adam olmayıb meyxana dünyasında.

Onun yoxluğunu belə təsəvvür edərdim:

“Elə bil ki, yüz vərəqli dama-dama dəftərin ortasında iki qoşa vərəq qopartmısan”.

Elşən Xəzər də həmkarı Mehman Əhmədli və ya Günəşliyə yaxın yerlər kimi meyxanada heç bir yolu və yeri olmayan, qəti şəkildə boşluğu hiss edilməyən, olanda varlığı bilinməyən adamlardan idi.

Yenə məsələn, Mehman ən yaxşı meyxana deyə bilməyən adamdır. Elşən Xəzər isə heç bu kateqoriyaya da girmir. Bəlkə də, bu barədə də yeganə meyxanaçıdır ki, onun yaxşı və ya pis deməsi də müzakirə edilə bilmir.

Bu günə qədər gəlib-keçmiş meyxanaçılardan danışanda Elşən Xəzər haqqında heç kim heç nə danışmır, danışmaq istəmir.

O da əksər tanınan gənc meyxanaçılardan uzun illər əvvəl desə də, heç bir məktəbi, yolu olmayan adamdır. Heç bir gənc meyxanaçının kumiri, ustadı da deyil. Məsələn, bir adam Elşən Xəzərdən nə öyrənə bilər? Heç nə, ən yaxşı halda baxıb necə deməmək lazım olduğunu.

Eyni şeyi başqa bir meyxanaçı, məsələn, hazırda yaşına görə ustad dedikləri Ağamirzəyə də aid etmək olar. Mənə elə gəlir, Ağamirzə meyxananın AYB sədri Anarıdır.

Elşən Xəzər meyxana dediyi vaxtlarda da dini ifadələrə xüsusi yer verirdi. Bir də görürdün, imamlardan deyilən bir yaxşı bənddən sonra ümumi qafiyəni bağlayırdı ki, tay guya bu bənddən sonra nəsə demək olmaz, əsl şedevr idi.

Nəhayət, onun meyxanadan gedişi də dinə görə oldu. Birmənalı olaraq ibadət əhli olandan sonra meyxanana deməmək qərarına gəldi və üz tutdu dini məclislərə.

Allah canını dağ eləsin, yerində verilmiş qərardır, ancaq heç bu qərarı verməsə də olardı, fərqi yox idi.

Adama deyərlər, ay Elşən Xəzər müəllim, qalmışdınız da, nə ehtiyac var idi? Olanda nolurdu, getdiniz nə oldu?

Bəlkə də, Elşən Xəzər heç dinə görə də yox, ümumən hiss elədi ki, yaş da keçdi, ancaq heç nə alınmadı. Cəmi bir bəndlə belə xatirimizdə qalmadı.

Görəsən, bu illər ərzində bir tutarlı bənd demək çətin idimi?

Məsələn, meyxananın AYB sədri Ağamirzədən nəyi əskik idi?

“Dizimin qolumin tağəti sensen, ay anə” janrında da bir şey demək olmazdı? Yəni sabah Ağamirzə meyxanadan pensiyaya çıxanda bu söhbəti deyib gülmək olacaq.

İndi Elşən Xəzəri nə deyib xatırlayaq? Hansı rolu, töhfəsi oldu? Nə qoyub getdi meyxanadan?

Yoxsa stəkanın içinə üzük atıb işıq yanmağını möcüzə kimi göstərməyi?

İndi mən Elşən Xəzəri xatırlayanda gözümün önünə heç nə başa düşülməyən qaralama dəftəri gəlir.

Düşünürəm ki, ömrün uzun və gözəl illərini bu qədər hədər etməyin nə mənası var idi?

Elə adamlar var ki, onları yaddaşlardan zaman özü silir. Bəzilərini isə yaddaş qəbul etmir. Elşən Xəzər silinmədi, çünki heç vaxt yazıla bilmədi.

Ümumiyyətlə, o heç vaxt meyxana da demirdi, meyxana deyirmiş kimi danışırdı. Bu isə yaradıcılıq deyil, vərdişdir. Söz düzürdü, amma fikir qurmurdu.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
icma.az

1Sources