Aradan keçən zaman kəsiyində Azərbaycan xalqı baş verən hadisələri unutmur, daim hadisə qurbanlarının xatirələri anılırdı. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra isə mart hadisələrinə hüquqi və siyasi qiymət verildi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli "Azərbaycanlıların soyqırımı haqqında" Fərmanı bu sahədə dönüş nöqtəsi oldu. Həmin sənədlə 31 mart rəsmi olaraq Azərbaycanlıların Soyqırımı Günü elan edildi, hadisələrin sistemli şəkildə araşdırılması və təbliği istiqamətində mühüm addımlar atıldı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə bu faciənin araşdırılması, tarixi sənədlərin toplanması, elmi tədqiqatların genişləndirilməsi və nəticələrin dünya ictimaiyyətinə çatdırılması sistemli xarakter alıb.
Dövlət başçısının təşəbbüsü ilə Quba Soyqırımı Memorial Kompleksi xüsusi əhəmiyyət kəsb edir. Bu kompleks yalnız xatirə məkanı deyil, həm də elmi-tədqiqat və maarifləndirmə mərkəzi kimi fəaliyyət göstərərək 1918-ci il hadisələrinin real miqyasını nümayiş etdirir.
Həyata keçirilən işlər, yürüdülən siyasət nəinki mart soyqırımı, eyni zamanda tarixin müxtəlif zamanında xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətinin əsl mahiyyətini dünya ictimayyətinə çatdırmaq, milli yaddaşın formalaşdırılması və gələcək nəsillərə ötürülməsini təmin etməkdən ibarətdir.
Mətanət Səfərli
YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı