EN

Şirvanda evdə partlayış - Ağır yaralı var

Gecə saatlarında Şirvan şəhərində mənzildə partlayış baş verib...

“Qafqazinfo”nun məlumatına görə, hadisə şəhərin Elşad Əzimov küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb.

Partlayış zamanı Şirvan sakini, 1979-cu il təvəllüdlü Mehrəliyeva Aynurə Zakir qızı müxtəlif dərəcəli termik yanıq xəsarətləri və yanıq şoku diaqnozu ilə ağır vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Daha sonra vəziyyəti ağır olduğu üçün paytaxtdakı Yanıq Mərkəzinə təxliyə olunub.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, “112” qaynar telefon xəttinə Şirvan şəhəri, Elşad Əzimov küçəsində fərdi yaşayış evində yanğınla müşaiyət olunmayan partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli dördotaqlı mənzildə, ilkin ehtimala görə, qaz sızması nəticəsində partlayışın baş verdiyi müəyyən edilib.

Hadisə nəticəsində ev yararsız vəziyyətə düşüb və 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Poliqon.info

Chosen
19
40
poliqon.info

10Sources