EN

Tək cızıq kifayətdir: Pişiklərdən insanlara keçən göbələk növü aşkar edildi

Pişiklərdən insanlara yoluxa bilən Sporothrix brasiliensis göbələyi müəyyən edilib. Küçə pişikləri vasitəsilə sürətlə yayılan bu infeksiya, xüsusilə uşaqlar və immuniteti zəif olan şəxslər üçün ciddi risk yaradır.

Milli.Az xəbər verir ki, tədqiqatçılar dəri infeksiyalarına səbəb olan Sporothrix brasiliensis adlı göbələyin Uruqvaya çatdığını təsdiqləyiblər. Maldonado və Rocha bölgələrində həm heyvanlarda, həm də insanlarda aşkar edilən yoluxma halları bu göbələyin artıq lokal olaraq yayıldığını göstərir.

Alimlərin fikrincə, infeksiyanın yayılmasında ən böyük rolu pişiklər oynayır. Açıq yaralarda sıx şəkildə toplanan bu göbələk; cırmaqlama, dişləmə və ya birbaşa təmas vasitəsilə asanlıqla insana keçir. Xüsusilə küçə pişikləri geniş ərazilərdə gəzərək xəstəliyin fərq edilmədən yayılmasına səbəb olurlar.

Bu göbələyin maraqlı xüsusiyyəti var: xarici mühitdə bir formada olduğu halda, bədən daxilinə girdikdə daha kiçik və daha yoluxucu bir formaya çevrilir. Bu xüsusiyyət onun həm ətraf mühitdə sağ qalmasını, həm də canlı orqanizmdə sürətlə çoxalmasını təmin edir.

Simptomlar necə başlayır?
İnfeksiya adətən kiçik bir cızıqdan sonra yaranan qırmızı şişkinliklə başlayır. Zaman keçdikcə dəri altında irəliləyərək yeni yaralara səbəb ola bilir.

Pişiklərdə üz və baş nahiyəsində sağalmayan yaralar ən bariz əlamətdir.

Mütəxəssislər xəstəliyin göbələk əleyhinə (antifunqal) dərmanlarla müalicə edildiyini, lakin bu prosesin həftələr, hətta aylar çəkə biləcəyini qeyd edirlər. Yanlış diaqnoz qoyularaq antibiotik istifadə edilməsi isə müalicəni daha da gecikdirir.

Uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar xəstəliyi daha ağır keçirirlər. Nadir hallarda infeksiya ağciyərlərə və ya beyin qılafına qədər yayıla bilər. Son illərdə Cənubi Amerika üzrə minlərlə yoluxma faktı qeydə alınıb və xəstəlik artıq regional epidemiyaya çevrilmək üzrədir.

Heyvan hərəkətliliyi göbələyin sərhədləri aşaraq yayılmasında kritik rol oynayır. Ev heyvanlarınızda və ya özünüzdə bu cür şübhəli yaralar gördükdə dərhal həkimə müraciət etmək lazımdır.

Lalə Qüdrətova
Milli.Az

Chosen
43
3
milli.az

4Sources