EN

Sürücülərin DİQQƏTİNƏ: 40 manat CƏRİMƏ gözləyir

Yağışlı hava paytaxt küçələrində piyadalar üçün ciddi narahatlıq yaradır.

Belə ki, yollarda yığılan su avtomobillərin təkərləri vasitəsilə yol kənarında dayanan insanların üzərinə sıçrayır.

Bu hal xüsusilə sürücülərin sürəti artırdığı zaman daha qabarıq şəkildə özünü göstərir və piyadaların gündəlik hərəkətini çətinləşdirir.

Bizim.Media xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək yağışlı havada daha diqqətli olmağı tövsiyə edir.

Bildirilir ki, yol hərəkətində piyadaların təhlükəsizliyi bütün iştirakçılar tərəfindən mütləq nəzərə alınmalıdır və belə halların qarşısı alınmalıdır.

Qeyd edək ki, bu kimi hallara yol verən sürücülər məsuliyyət daşıyır.
 

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 342.1.5-ci maddəsinə əsasən, yolda suyun və ya palçığın piyadaların, binaların və ya digər nəqliyyat vasitələrinin üzərinə qəsdən sıçradılmasına görə 40 manat məbləğində cərimə tətbiq olunur.


Nəqliyyat eksperti Eldəniz Cəfərov musavat.com-a açıqlamasında bildirib ki, bəzi sürücülər bu cür hallara bilərəkdən yol verirlər:
 

“Qaydaya görə, sürücü yağışlı havada avtomobili elə idarə etməlidir ki, nə digər nəqliyyat vasitələrinin, nə də piyadaların üzərinə su sıçrasın. Bunun qəsdən edilib-edilmədiyini isə müvafiq qurumlar araşdırır. Əgər piyada şikayət edərsə, məsələ araşdırılır və sürücünün günahı olub-olmadığı müəyyənləşdirilir”.


Ekspertin sözlərinə görə, piyadaların bu kimi hallarla bağlı şikayət etmək hüququ var:

“Qəza zamanı necə araşdırma aparılırsa, bu hallarda da eyni qaydada araşdırma aparılır. Müəyyən edilir ki, hadisə qəsdən törədilib, yoxsa təsadüfən baş verib. Sürücülər digər yol hərəkəti iştirakçılarını da nəzərə almalı və məsuliyyətli davranmalıdırlar”.

Eldəniz Cəfərov əlavə edib ki, yağışlı havalarda bəzi sürücülər yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar:

“Bəzi sürücülər yağıntılı havada avtomobili adi günlərdə olduğu kimi idarə edir, qəfil manevrlər edir, kəskin tormozlayır. Halbuki belə havada avtomobilin ön və arxa işıqları yandırılmalıdır. Gölməçələrdən yüksək sürətlə keçərək həm piyadaları, həm də digər sürücüləri çətin vəziyyətə salırlar. Qanunvericilikdə də göstərilir ki, belə qaydaları bilərəkdən pozan sürücülərə qarşı tədbir görülməlidir. Bəzi hallarda isə bu hadisələr bilməyərəkdən baş verir. Məsələn, sürücü yolda çuxuru görmür, avtomobil ora düşür və su ətrafa sıçrayır. Belə hallarda tərəflər arasında anlaşma da mümkündür – piyada bağışlayır, sürücü üzr istəyir”.

Ekspert sonda qeyd edib ki, paytaxt yollarında infrastruktur problemləri də bu halların artmasına səbəb olur:

“Bakıda demək olar ki, elə yol yoxdur ki, orada çuxur olmasın. Bu da yağışlı havada problemləri daha da artırır”.

Bizim.Media

Chosen
5
13
bizim.media

10Sources