EN

Şeyx Əbdül: “Kaş ki, axirətlə bağlı deyilənlər doğru olardı…Rasim Balayevlə görüşüb deyərdim ki…”

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan kinosunun əfsanəsi, Xalq artisti Rasim Balayev Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

NOCOMMENT.az xəbər verir ki, xalq artistinin yaxın sənət dostu Şeyx Əbdül Mahmudov onun vəfatunla bağlı fikirlərini bölüşüb. Şeyx Əbdül Mahmudovun duyğularla dolu fikirlərini və xatirələrini oxuculara təqdim edirik:

-İndicə zəng edib dedilər ki, Rasim Balayev dünyasını dəyişib… Çox sarsılmışam, çaşqın vəziyyətdəyəm. Bilmirəm haradayam, nə edirəm, nəçiyəm… Nə danışa bilirəm, nə də nəfəs ala bilirəm. Sanki boğuluram. Mənim üçün dünyada ən müqəddəs, ən əziz olan 3-4 adamdan biri Rasim Balayev idi… o da getdi.

-Əbdül bəy, əslind,ə hər kəsə məlum idi ki, aranızda nə qədər inciklik olsa da, siz köhnə dostunuza həmişə yüksək yanaşmısınız, onun sənətini dəyərləndirmisiniz…

-Düzünü desəm, aramızda inciklik qalmamışdı. Bir müddət əvvəl həm o, həm də mən xəstəxanada idik. Ona zəng etdim, təxminən 20 dəqiqə danışdıq. Hətta bu münasibəti hələlik gizlədirdik ki, ayağa qalxaq, görüşək, hər şeyi açıq danışaq. Mən onu “Şah İsmayıl”, “Şah Qacar” və “Qarabağ bülbülləri” filmlərinə çəkmək istəyirdim və bu barədə razılığımız da olmuşdu. Bu filmləri məhz Rasim Balayev üçün düşünmüşdüm.

O isə deyirdi ki, Şah İsmayıl, Şah Qacar obrazlarını mən çox yaraşıqlı görürəm, bəlkə o rollara uyğun deyiləm?” Mən də deyirdim ki, xeyr, bu rollar məhz sənin üçündür.

Aramızda yaranmış o incikliyə gəlincə, bunu araya söz daşıyanlar, süni gərginlik yaradanlar etmişdi. Ümumiyyətlə, bu söz-söhbətlərin, incikliklərin səbəbkarı Şəfiqə Məmmədova idi. O, özü üçün ayrıca ittifaq yaratdı və hər şey qarışdı. Mən isə iki ittifaqın birləşib vahid quruma çevrilməsini, kino cameəsinin parçalanmamasını istəyirdim və buna nail da oldum. Amma ortada şou yaradanlar bu incikliyi saldılar.

-Bildiyim qədər, Rasim Balayev sizin çəkdiyiniz “Doğma sahillər”, “Qaçaq Nəbi” filmlərində oynayıb. Başqa hansı filmlərinizdə birgə çalışmısınız?

-Moskvada kino universitetini bitirəndə ilk diplom işim olan “Qeyri-adi ov” filmində Rasim Balayevi baş rola çəkmişdim. Daha sonra o, Nəsimi filmində çəkildi. Mənim “Qaçaq Nəbi”, “Üzü küləyə”, “Firəngiz” filmlərimdə rol aldı. Yəni demək olar ki, Rasim Balayev mənim bütün filmlərimdə çəkilib. Yalnız “Gecə qatarında qətl” istisna olmaqla.

-Rasim Balayevə demək istədiyiniz hansı sözünüz qaldı?

-Kinoda Həsən Məmmədovlar, Adil İsgəndərovlar, Həsən ağa Turabovlar, Ceyhun Mirzəyevlər, Fazil Salayevlər, Səməndər Rzayevlər, Hamlet Xanızadələr bir də gəlməyəcək… Eləcə də Rasim Balayevlər. Bu gün onun səviyyəsində aktyor yoxdur. Bilmirəm Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində vəziyyət necədir, amma hələ ki, belə aktyorlar yetişmir.
Ona demək istədiyim sözlərə gəlincə… Kaş ki, axirətlə bağlı deyilənlər doğru olaydı… Kaş ki, orada Rasim Balayevi görə biləydim. Heç olmasa orada onunla rahat şəkildə dərdləşərdim. Bütün bu söz-söhbətlərin əsl həqiqətini ona çatdırardım. Başa salardım ki, mən bu incikliyin yaranmasını istəmirdim. Bunları qəsdən yaratdılar və məni haqlı olduğum halda haqsız çıxarmağa çalışdılar… O isə məndən incidi.

Kaş ki, bütün bu həqiqətləri ona deyə biləydim. Araya girənlər buna imkan vermədilər.
Rasim Balayev ən ucqar kənddə yaşayan sadə bir insandan tutmuş, prezidentə qədər hər kəsin sevimlisi idi. O, çox gənc yaşlarında fəxri adlar almışdı. Mən isə daha gec almışdım. Buna görə məni görəndə həmişə deyirdi: “Əbdül, sən xalqın artistisən”. Mənə belə müraciət edirdi…
Mən isə bu gün deyirəm: Rasim Balayev, sən həm əsl Xalq artisti idin, həm də xalqın həqiqi artisti idin. Min illər keçsə də, o filmlər qalacaq və sən o filmlərdə yaşayacaqsan.
Sənin haqqında “vəfat etdi” sözünü demək belə mənə ağır gəlir… Allah ailənə, səni sevənlərə səbr versin. Xalqımızın başı sağ olsun…”\\musavat.com

Chosen
7
5
nocomment.az

10Sources