EN

Körfəzdə yeni sülh formulu: BƏƏ-dən İranın təcavüzünü bitirəcək "Zəmanət" tələbi

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Prezidentinin diplomatik müşaviri Ənvər Qarqaş İrana qarşı davam edən hərbi əməliyyatların dayandırılması üçün rəsmi Tehranın yerinə yetirməli olduğu kəskin siyasi şərtləri açıqlayıb.

Musavat.com xəbər verir ki, müşavir öz "X" (keçmiş Twitter) hesabında paylaşdığı bəyanatda istənilən gələcək sülh razılaşmasının mütləq şəkildə İrandan hücum etməmək barədə hüquqi zəmanətlər və mülki infrastruktura dəymiş ziyanın ödənilməsini ehtiva etməli olduğunu bildirib.

Qarqaş vurğulayıb ki, Fars körfəzi ölkələrinə qarşı törədilən təcavüzün qarşısını almağa yönəlmiş hər bir siyasi həll gələcəkdə bu cür pozuntuların təkrarlanmaması üçün aydın mexanizmlərə malik olmalı və İranın mülki hədəfləri, həyati əhəmiyyətli obyektləri hədəf alması nəticəsində yaranmış itkilərin kompensasiyasını (təzminatı) təmin etməlidir.

BƏƏ rəsmisinin bəyanatında Tehranın diplomatik davranışı ilə bağlı ağır ittihamlar yer alıb: "İran müharibədən əvvəl öz niyyətləri barədə qonşularını aldatdı və region ölkələrinin münaqişənin qarşısını almaq üçün göstərdiyi səmimi səylərə baxmayaraq, qəsdən təcavüz nümayiş etdirdi".

Qarqaşın sözlərinə görə, bu "aldatma" faktı İran rejimini Körfəzin təhlükəsizliyi üçün əsas təhdidə çevirib və buna görə də sadəcə atəşkəs kifayət deyil, Tehranın hərbi ambisiyalarına qarşı uzunmüddətli və sərt çərçivələr müəyyən edilməlidir.

Analitiklər bu çıxışı BƏƏ-nin Vaşinqton və İsraillə təhlükəsizlik sahəsində daha sıx koordinasiyaya keçdiyinin və İranın regiondakı hərbi gücünün tamamilə zəiflədilməsinə tərəfdar olduğunun göstəricisi kimi qiymətləndirirlər. Martın 29-da səslənən bu bəyanat, xüsusən Əbu-Dabidəki iqtisadi zonalara edilən raket hücumlarından sonra BƏƏ-nin rəsmi mövqeyinin daha da kəskinləşdiyini sübut edir.

Musavat.com

Chosen
16
musavat.com

1Sources