EN

Tramp müsəlman lideri təhqir etdi Səddam və Qəddafidən sonra plan təkrarlanır?

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman barədə sərt və təhqiramiz ifadələr işlədib. Tramp şahzadənin İranla müharibənin olmasını gözləmədiyini, indi onunla mehriban danışmağa məcbur olduğunu bildirib.

Analitiklərin fikrincə, Donald Tramp bu ifadələrlə rəsmi Ər-Riyada siyasi mesaj verməyə çalışır. Belə ki, ABŞ İranla münaqişənin müxtəlif səviyyələrdə genişlənməsi fonunda müttəfiqlərini prosesə daha aktiv şəkildə cəlb etmək niyyətindədir və bunu özünəməxsus üslubda edir.

Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, ABŞ tarixən Yaxın Şərqdə müəyyən ölkə liderlərini “regional jandarm” rolunda görməyə üstünlük verib:

“Keçmişdə belə nümunələr kifayət qədər olub. Körfəz müharibəsinə qədər Səddam Hüseyn, daha sonra Müəmmər Qəddafi, eləcə də Hüsnü Mübarək bu çərçivədə qiymətləndirilə bilər. Lakin ABŞ-ın sonda özünün dəstəklədiyi belə liderləri sıradan çıxarması digər ölkələrdə bu rolu üzərinə götürmək istəksizliyi formalaşdırıb.

Uzun illərdir ki, ABŞ Səudiyyə Ərəbistanı ilə ciddi iqtisadi, siyasi və hərbi əməkdaşlıq həyata keçirir. Hətta Tramp həm birinci prezidentliyi dövründə, həm də sonrakı mərhələdə ilk xarici səfərini məhz bu ölkəyə etməyi planlaşdırdığını dəfələrlə bəyan etmişdi.

Lakin Ağ Ev rəhbərinin Səudiyyə Ərəbistanına yanaşması daha çox praqmatik və iqtisadi maraqlar üzərindən formalaşır. O, bu ölkəni “qızıl yumurtlayan toyuq” kimi qiymətləndirir. Xatırladım ki, Tramp səfər üçün Səudiyyə Ərəbistanının ABŞ-a 1 trilyon dollar investisiya yatırmasını ilkin şərt kimi irəli sürmüşdü və müxtəlif mərhələlərdə bu istiqamətdə müəyyən nəticələr əldə olunub. Bundan əlavə, Səudiyyə Ərəbistanı ABŞ-dan ən çox silah alan ölkələr arasında ön sıralarda yer alır.

Trampın yenidən hakimiyyətə qayıdışından sonra Körfəz ölkələrinə səfərləri çərçivəsində imzalanan müqavilələr nəticəsində ABŞ-a yönələcək investisiyaların təxminən 25 faizi məhz Səudiyyə Ərəbistanının payına düşür. Bu baxımdan, ABŞ/İsrail–İran qarşıdurmasında Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin münaqişəyə cəlb olunmasının Vaşinqton tərəfindən arzuolunmaz hesab edilməsi iddiaları reallığı tam əks etdirmir”.

Bakir Həsənbəyli

Politoloq bildirib ki, ABŞ kimi qlobal gücün İran kimi dövlətə qarşı hərbi addımlar atarkən plansız hərəkət etməsi mümkün deyil:

“Rəsmi Vaşinqton belə qərarları aylar öncədən gizli danışıqlar və strateji planlaşdırma əsasında müəyyən edir, bəzən isə birbaşa özü formalaşdırır. Yeni dünya nizamında ABŞ-ın hegemon mövqeyini qorumağa çalışdığı şəraitdə, Vaşinqton qələbəni başqaları ilə bölüşmək istəməyə də bilər.

Eyni zamanda, İranın hərbi və strateji potensialı ABŞ üçün həm münaqişədən əvvəl, həm də sonra kəşfiyyat məlumatları vasitəsilə kifayət qədər aydın olub. Bu səbəbdən, ABŞ-ın İrana qarşı əməliyyatlar zamanı “bataqlığa düşəcəyi” ilə bağlı fikirlər daha çox illüziya xarakteri daşıyır.

Ümumilikdə, bu proseslər ayrı-ayrı siyasətçilərin deyil, ABŞ dövlətinin uzunmüddətli strateji planlarının tərkib hissəsidir. Donald Tramp isə bu siyasətin icraçısı rolunda çıxış edir. ABŞ kimi sistemli dövlətlər plansız addımlar atmadığı üçün bugünkü müttəfiqlərini sabah hədəfə çevirməsi ehtimalı da real görünmür”.

Turan Rzayev

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
16
globalinfo.az

1Sources