EN

Qubada sel məmur biznesini ifşa etdi – Balıqlar kimindir?- VİDEO  

Qubada təbiət yenə öz “yoxlamasına” çıxıb. Bu dəfə auditor yox, prokuror yox, müfəttiş yox, sel gəlib. Aramsız yağan yağışlar dağ çaylarını coşdurub, çaylar məcrasından çıxıb, bəzi kəndlərdə evləri su basıb, yollar dağılıb, körpülər zədələnib.

Lakin bütün bu mənzərənin fonunda bir epizod var ki, sosial şəbəkələrdə və yerli müzakirələrdə xüsusi diqqət çəkir. Söhbət Qubada yüksək vəzifəli məmurlardan birinə məxsus olduğu deyilən balıq gölündən gedir. Məlumata görə, güclü sel nəticəsində gölün bəndi tab gətirməyib. Bir neçə saat ərzində bənd dağılıb və göldə saxlanılan tonlarla balıq sel suları ilə birlikdə ətrafa axıb. Beləcə, uzun illər hasarların, bəndlərin və mühafizənin nəzarətində saxlanılan balıqlar bir anda “azadlığa çıxıb”.

 Su hara axıbsa, balıq da ora gedib - küçələrə, arxlara, bağlara…

Azərbaycan qanunvericiliyinə görə, dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır.  Kağız üzərində bu norma çox aydındır. Lakin ölkədə illərdir məmurların və onların yaxın çevrəsinin müxtəlif biznes sahələrində iştirakına dair məlumatlar mediada və ictimai müzakirələrdə vaxtaşırı gündəmə gəlir. Bu mövzu heç də yeni deyil. Məsələn, bir vaxtlar keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müxtəlif biznes strukturları və iri təsərrüfat layihələri ilə əlaqələndirildiyi barədə mediada geniş materiallar dərc olunmuşdu. Eyni şəkildə, sabiq baş nazir müavini Abbas Abbasovun da kənd təsərrüfatı sahəsində, xüsusilə toyuqçuluq biznesində böyük layihələrə sahib olduğu barədə məlumatlar uzun müddət müzakirə mövzusu olmuşdu. Bu faktlar hər dəfə eyni sualı doğurur - Azərbaycan məmuru yalnız dövlət idarəçiliyində çalışır, yoxsa paralel olaraq biznes imperiyası da qurur?

Qubada selin dağıtdığı balıq gölü ətrafında dolaşan söz-söhbətlər də məhz bu sualların fonunda maraqlı görünür. Yerli sakinlərin dediyinə görə, bənd dağılandan sonra tonlarla balıq sel suları ilə birlikdə ətrafa yayılıb. Bəzi yerlərdə insanlar torla, vedrə ilə balıq tutmağa başlayıblar. Bir neçə saat əvvəl mühafizə olunan təsərrüfat birdən-birə “xalq təsərrüfatına” çevrilib. Bu mənzərə sosial şəbəkələrdə ironik şərhlərə səbəb olub. Bəziləri yazır ki, bəzən ən sərt audit yoxlamasını dövlət qurumları yox, təbiət aparır. Bir sözlə, təbiət öz sözünü deyir. Qalanı isə… artıq insanların toruna düşən balıqların hekayəsidir.

E.Məmmədəliyev,
Musavat.com

Chosen
6
50
musavat.com

10Sources