EN

Qusarda elektrik, qaz və içməli su təsərrüfatına ciddi ziyan dəyib - FOTO

Martın 27-dən etibarən yağan intensiv yağışlar Qusar rayonunu ərazisində ciddi fəsadlar törədib. Çaylarda suyun səviyyəsi kəskin artıb, sel suları bir sıra yaşayış məntəqələrində infrastruktur obyektlərinə və əhalinin təsərrüfatlarına ziyan vurub.

“İki sahil” xəbər verir ki, sel sularının təsirindən Kuzun yoluna qayalıq ərazidən daş, çınqıl tökülməsi nəticəsində Suvacal kəndinə gedən yol bağlanıb, Mucuq və Suvacal kəndlərində yerləşən körpülərin giriş-çıxış hissələri, həmçinin Çətkün kəndinə gedən avtomobil yolu yuyularaq yararsız vəziyyətə düşüb. Eyni zamanda Piral, Kuzun və Əniq kəndlərinin daxili yolları ciddi zərər görüb, bir neçə kənddə fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basıb. Quxuroba və Gedəzeyxur kəndlərində isə bəzi evlərin birinci mərtəbələrinə qədər su dolub.

Mövcud vəziyyətlə əlaqədar olaraq rayonun 34 kəndində ümumilikdə 3300 abonentin elektrik enerjisi ilə təminatında fasilə yaranıb. Hazırda aidiyyəti qurumlar tərəfindən elektrik təchizatının bərpası istiqamətində operativ tədbirlər görülür.

Təbii hadisə nəticəsində qaz təsərrüfatına da ziyan dəyib. Belə ki, Gündüzqala və Quxuroba kəndlərində sel qaz xətlərini sıradan çıxardığı üçün ümumilikdə 300-ə yaxın abonent qazsız qalıb.

Qusarda su qəbuledici qurğuların (drenaj sistemlərinin) üzərinə sel sularının çıxması nəticəsində magistral xəttə bulanıq su qarışıb. Həmin xətlərdəki çirkli suyun boşaldılması və sistemin təmizlənməsi istiqamətində işlər aparılıb və su təchizatı bərpa olunub.

Quxuroba kəndində sel sularının bir fərdi yaşayış evinə dolması nəticəsində 9 nəfərdən ibarət ailə evdən çıxarılaraq təhlükəsiz əraziyə köçürülüb.

Hazırda rayon ərazisində yaranmış fəsadların aradan qaldırılması məqsədilə Qusar Rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülür. Ərazilərə xüsusi texnika və canlı qüvvə cəlb olunub.

Chosen
37
ikisahil.az

1Sources