EN

Azərbaycanın Türkiyə SEVGISI

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ramazan SİRACOĞLU“Kimsenin aşkı olmaz  bizim sevgimiz kadar…”Dünyanın heç bir yerində Türkiyə dövlətinə Azərbaycan Respublikası qədər səmimiyyət, bağlılıq duyğusu, canıyananlıq hissi olduğunu düşünmürəm. Azərbaycanda Türkiyəyə olan sevgi təsvirolunmaz  dərəcədə dərindir. Bu sevginin təməlində qan bağı, ruh halı, yaddaş, şəcərə kökü dayanır.  Əminəm ki, vətəndaşlarımız arasında “Sizcə, Azərbaycanın ən güvəndiyi dövlət hansıdır?” mövzusunda ictimai rəy sorğusu keçirilsə  respondentlərin ən azından yüzdə doxsanı tərəddüd etmədən, qürurla “Türkiyə Cümhuriyyəti” cavabını verər. Sevindirici haldır ki, çağdaş zamanın son 30 ilində Azərbaycan–Türkiyə münasibətləri bütün sahələrdə yüksələn xətlə inkişafdadır. İnanıram ki, bəzi xəbis qüvvələrin bütün məkrli siyasətinə rəğmən bu inkişaf sürəti əsla zəifləməyəcəkdir. Azərbaycan–Türkiyə münasibətlərinin möhkəmlənməsində siyasi xadimlərlə bərabər, elm və mədəniyyət nümayəndələrinin də xidmətləri şübhəsizdir.

          Müasir dövrdə Azərbaycan və Türkiyə vətəndaşlarının maddi imkan yarandıqda istənilən anda, vizasız və xarici pasportsuz bir ölkədən digərinə getməsi  adi haldır. Bəlkə də  çağdaş gənclik əsla təsəvvür etmir ki, sovet rejimində   bu məsələ necə çətin  bir iş idi. Sovet dövlətinin  sərt dəmir pərdə siyasəti azərbaycanlıları Türkiyəyə, türkiyəliləri də Azərbaycana həsrət qoymuşdu. Lakin bütün əngəllərə baxmayaraq sovet dövründə  az sayda olsa da aşılmaz görünən siyasi sədləri keçə bilən şəxslər vardı. Biz uzun müddət bir-birimizi onların simasında  tanımış,  ölkələrimiz haqqındakı təsəvvürlərimizi onların şəxsində müəyyənləşdirmişik. O zaman televiziya  kanalları da ancaq sovet məkanına fokuslanmış, mavi ekranlarda  ancaq kolxoz tarlalarında və sənaye müəssisələrində “xariqələr yaradan,  kommunizm quruculuğu” ilə məşğul olanlardan reportajlar verilir,  II Dünya müharibəsi mövzusunda və ya detektiv janrda  çəkilmiş filmlər göstərilirdi. Sovet dövründə kinoteatrlarda çox nadir hallarda türk filmləri nümayiş olunardı. 1960-cı illərdə xaricə, xüsusən də Türkiyəyə gedib- gələn adama kosmonavt kimi baxılırdı. Sovet  vətəndaşının NATO ölkəsini ziyarət edə bilməsi praktik baxımdan  müşkül məsələ idi. Xaricə getmək istəyənlərə başda KQB olmaqla, müxtəlif instansiyalar tərəfindən  ciddi şəkildə araşdırıldıqdan və siyasi səbatlılığı barədə əlaqədar təşkilatlardan icazə alındıqdan sonra, ancaq Moskvadan uçmaq şərti ilə  xarici pasport verilirdi. Geri qayıdanda həmin pasport mütləq mənada  Moskvada lazımi yerə təhvil verilirdi.  Qürurla qeyd etmək lazımdır ki, o illərdə heç bir maneə Azərbaycan vətəndaşlarında Türkiyəyə olan sonsuz sevgini azalda bilməmişdi. Bu yazıda keçən əsrin son qərinəsində baş vermiş bir neçə hadisənin nümunəsində Azərbaycan vətəndaşlarının Türkiyəyə göstərdiyi sevgi hissini hörmətli oxucularla bölüşmək istəyirəm.

1967-ci ilin sentyabr ayının 27-də Türkiyə Cümhuriyyətinin o zamank Baş naziri Süleyman Dəmirəlin Bakıya rəsmi səfəri zamanı Bakıdakı “Araz” kinoteatrında məşhur türk ədibi Rəşad Nuri Güntekinin “Bir köy masalı” əsəri əsasında çəkilmiş, baş rolda kino ulduzu Türkan Şorayın oynadığı “Bir dağ masalı” filminin nümayişi zamanı ağlagəlməz bir hadisə baş vermişdi. Film dublyaj edilmədiyi üçün təşkilatçılar rus dilinə sinxron tərcümə üsulunu düşünmüşdülər. Həmin filmin başlanğıcında filmin qəhrəmanı gənc Lalə müəllim (Türkan Şoray) açıq havada şagirdlərinə dərs keçir:

“Ormanlar bir millet için en önemli gelir kaynaklarından biridir. Ormanlar verimli toprakların sellerle, rügarlarla denizlere dökülmesine engel olur, yağmur yağmasına yardımcı olur. Ormanların en büyük düşmanı yangınlar ve keçilerdir…”

Kinomexanik budkasında oturmuş tərcüməçi filmdəki Lalə müəllimin sözlərini tərcümə etməyə başladı: “Леса являются одним из важнейших источников дохода для нации. Леса препятствуют вымыванию плодородной почвы…”Salondakı tamaşaçılar kütləvi şəkildə tərcüməçiyə etiraz səslərini ucaltdılar:

– Öz dilimizdə danışır, nəyi tərcümə edirsiniz? Tamaşaçıların ciddi etirazına məhəl qoymadan Lalə müəllimin şagirdlərinə dediyi “Ormanları korumak sadece korucunun değil, hepimizin görevidir. Şimdi dersimiz müzik, hazır mısınız, çocuklar?” cümləsini də tərcüməçi “Охрана лесов — это долг не только лесника, но и каждого из нас” şəklində çevirəndə salon təlatümlü dəniz kimi yenidən uğuldadı:

– Boşboğaz, kəssənə səsini! “Əsəblərimizlə oynama!” “İmkan ver kinoya baxaq!” “Baş-beynimizi aparma!” Bəziləri rusca etiraz edirdi: “Эй, сапожник, глуши мотор”. Daha qaba sözlər qışqıranlar da vardı: “Завали хлебало, толмач!”

Məsələyə kinoteatrın müdiriyyəti müdaxilə etdi: – Yoldaşlar, haray-həşir qoparmayın. Bəlkə kimsə başa düşmür? Tərcümənin nə ziyanı var ki?

Tamaşaçılar onunla qətiyyən razılaşmırdılar: – Özünüzdən iş açmayın, bizə tərcümə lazım deyil. Burda başa düşməyən yoxdur. Varsa, dillənsin o başa düşməyən.

Adda-budda yerdən “понимаем, понимаем” səsləri eşidiləndə administratorun deyəcək sözü qalmadı. Beləliklə, “Bir dağ masalı” filmi sonadək türk dilində göstərildi. İlk baxışdan kiçik, önəmsiz görünən bu hadisə, əslində, sovet ideologiyası təbliğatçılarının illər uzunu apardığı dil siyasətinin puçluğunun göstəricisi idi. Axı o ideoloqlara görə, leninizmin təntənəsi nəticəsində sovet cəmiyyətində insanların yeni tarixi birliyi – sovet xalqı yaranmışdı. “Araz” kinoteatrında göstərilən “Bir dağ masalı” filmini izləyənlər isə ani olaraq dərk etmişdilər ki, bu film onların öz dilindədir. Sovet ideoloqlarının illərlə NATO ölkəsi, kapitalist dövləti kimi tanıtmağa çalışdığı Türkiyə, orada yaşayanlar elə bu tamaşaçıların özləri kimi imişlər. Filmdə  eynən azərbaycanlı uşaqlara bənzəyən kiçik məktəblilərin xorla oxuduqları nəğmə tamaşaçıları sanki ovsunlamışdı:

Orda bir yol var, uzakta:

O yol bizim yolumuzdur!

Dönmesek de, varmasak da

O yol bizim yolumuzdur!

Kinoteatrdan çıxandan sonra filmə baxanların bəziləri ömür boyu “uzaqda olan bizim yol”un sehrinə düşdülər.

1970-ci ilin iyun ayında tanınmış türk müğənnisi Nəsrin Sipahi (məşhur “Arım, balım, pətəyim” filmində oxunan unudulmaz mahnının ifaçısı) Bakıda, Yaşıl teatrda gerçəkləşdirdiyi solo konserti ilə tamaşaçıların rəğbətini qazandı. Bəstəkar Səid Rüstəmovun “Sürəyya” və musiqisi İbrahim Topçubaşova aid olan “Dağlarda duman gözəldi” mahnılarını özünəməxsus şirin şivə ilə oxuyan Nəsrin Sipahinin hər ifası sürəkli alqışlarla qarşılanmışdı.1974-cü ilin may ayında Bakıya gəlmiş Emel Sayının o zamankı Lenin adına Respublika sarayında verdiyi konsert də respublikamızda xüsusi əks-səda doğurmuşdu. Emel Sayının konsertdə təkrarolunmaz ustalıqla oxuduğu “Çile bülbülüm, çile” şərqisi tamaşaçıları riqqətə gətirmiş, uzun müddət müzakirə mövzusu olmuşdu. Emel xanımın səsi dinləyənləri heyran etmişdi:

Issız yuvanda tektin,

Çekilmez çile çektin.

Kim derdi gülecektin?

Çile bülbülüm çile...

Müğənninin hər bəndin sonunda “ALLAH” deməsi və bu sözün tamaşaçılar tərəfindən də təkrarlanmasını rica etməsi xüsusi məqam idi. Bu hərəkət ateist rejimə meydan oxumaq, marksizm-leninizm nəzəriyyəsini heçə saymaq idi, əslində. Təxminən 2500 nəfərlik  salonun böyük əksəriyyətinin xorla, uca səslə  ALLAH  deməsi möhtəşəm səs effekti yaratmışdı. Salonda sıraların arasını gəzə- gəzə oxuyan Emel Sayının boynuna şəfqətlə sarılan yaşlı bir qadın öz boynundakı boyunbağını müğənniyə bağışlamışdı. Emel Sayının xüsusi şövqlə oxuduğu “Adını anmayacağım” mahnısı tamaşaçıların da iştirakı ilə oxunmuşdu. Konsertdə Emel xanım həmin mahnının nəqarət hissəsini sevimli tamaşaçılarından bərabər oxumağı xahiş etmişdi: “Efendim, rica etsem şarkının nakarat kısmına bana eşlik eder misiniz?” Tamaşaçılar da böyük coşğu ilə bu istəyi yerinə yetirmişdilər:

Geçse de gençlik çağım,

Boş kalsa da kucağım;

Sözümü tutacağım,

Adını anmayacağım...

O anda səhnə ilə salon, müğənni ilə tamaşaçı bütünləşmiş, bir vəhdət yaratmışdı. Qədirbilən Azərbaycan tamaşaçılarının ciddi istəyi ilə Emel Sayının 6 konsertlik səfər turnesinin vaxtı uzadılmış və o, daha bir neçə konsert verərək dərin təəssüratla Bakıdan Moskvaya uçmuşdu.

Son konsertində məşhur bir  mahnının sözlərini  cüzi dəyişərək oxumuşdu Emel Sayın:

Sizinle bir ilkbahar mevsimiydi, tanıştık:

Sanki bir-birimizi yıllarca aramıştık!

Düşmeden el diline mesut günler yaşadık...

Yabancı olduk şimdi— yazık bir-birimize...

Kövrəltmişdi Emel xanımın məna dolu sözləri pərəstişkarlarını. Tamaşaçılar arasındakı cəsarətlilər, təpərlilər, KQB təqiblərindən çəkinməyənlər yerbəyerdən “heç vaxt yabancı, heç zaman yad olmadıq, inşallah  hər zaman doğma olaraq da qalacağıq” – deyə səslənmişdilər o zaman.

Emel Sayına geniş tamaşaçı auditoriyasının hədsiz sevgisinin təməlində Azərbaycan vətəndaşlarının, sözsüz ki,  Türkiyəyə olan sevgisi dayanırdı. Yəni, Emel Sayına olan alqış seli nəticə etibarilə Türkiyəyə ünvanlanmışdı. O illərdə Bakıya gələn Müşərrəf Akay da, İnci Çayırlı da eyni səmimilik və hərarətlə qarşılanmışdı. Azərbaycan tamaşaçıları konsert salonlarında kəsilmək bilməyən sürəkli alqışlarla, əslində, ayrı-ayrı şəxsləri deyil, o şəxslərin təmsil etdikləri ölkəyə - Türkiyəyə olan hədsiz sevgilərini nümayiş etdirirdilər.

Azərbaycan-Türkiyə mədəni bağlılığından bəhs edərkən sevimli Zeynəb Xanlarovanı əsla unutmaq olmaz. O illərdə Zeynəb xanım  təkrarolunmaz bacarıqla Azərbaycan və Türkiyə bəstəkarlarının mahnılarını oxuyaraq türk dünyasının könlündə  taxt qurmuşdu. Onun ifası “Sev, kardeşim” və “Seni, yalancı seni” mahnılarına xüsusi ahəng və ruh gətirmişdi. Zeynəb xanımın  “Sev, kardeşim”i bu gün də  milyonlar tərəfindən böyük rəğbətlə dinlənilir:

Dünyaya geldik bir kere,

Kavgayı bırak, her gün bu şarkıyı söyle:

Sevdikçe güler her çehre.

Amaçlar hep bir olsun,

Kalpler birlikte…

     1982-ci ilin aprel ayında Elmlər Akademiyasının Əlyazmalar şöbəsini (indiki Əlyazmalar İnstitutunu) ziyarət etmiş Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Vahid Halefoğlu ilə akad. Həmid Araslı arasında baş vermiş bir əhvalatı xatırlatmaq yerinə düşər. Türkiyə Respublikasının SSRİ-dəki səfiri Vahid Halefoğlu (1919–2017) 1982-ci ildə Əlyazmalar Fondunu ziyarəti zamanı Füzulinin portretinin önündə durub məşhur “Məni candan usandırdı” mətləli qəzəlini deyəndə akademik Həmid Araslı (1902–1983) da çinar boylu, yaraşıqlı türk səfirinin sözlərini “Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı?”  misrası ilə tamamlayıb. Güman edirəm ki, bu mükalimə siyasi mesaj imiş və Həmid müəllim Füzulinin həmin misrasını deyərkən türk səfirini müşayiət edən sovet rəsmilərini nəzərdə tutmuşdur.

Azərbaycanlılar üçün Türkiyənin hər uğuru qürur və sevinc qaynağıdır.  Bunun isbatına gərək yoxdur. Saysız  miqdarda buna nümunə göstərmək olar. Məsələn, 2000-ci ilin may ayının 17-də Galatasaray futbol klubu UEFA çempionu olanda azərbaycanlılar necə bayram edirdilər? 2001-ci ilin avqust ayının 24-də Türk ulduzları pilotları Bakı səmasında nümunəvi uçuşlar gerçəkləşdirəndə 2 milyona yaxın azərbaycanlı dəniz kənarında, küçələrdə, evlərin balkonlarından o şanlı şahinləri hərarətlə alqışlaması unudulmaz anlardır. 2011-ci ildə Avroviziya Mahnı Müsabiqəsində “Running Scared” (Ürkək qaçış ) mahnısı ilə 221 səs toplayaraq  yarışmanın birincisi olmuş Azərbaycan heyətinin üzvü Nigar Camalın səhnəyə Türk bayrağı ilə çıxması Azərbaycanın Türkiyəyə sevgisinin ən bariz göstəricisi olaraq tarixə düşdü. Azərbaycan  onu daşnak- bolşevik zülmündən  qurtarmış, o zamanın Hərbiyyə  naziri Ənvər Paşanı, Qafqaz İslam ordusunun komandanı Nuru Paşanı daim rəhmət və sayğı ilə xatırlayır, Qarabağımızın azğın düşmən işğalından azad edilməsində bizimlə çiyin-çiyinə dayanmış MEHMETÇİKlə qürur duyur.  

Beynəlxalq aləmdə Azərbaycan-Türkiyə qardaşlığını qısqanan məkrli siyasi qüvvələrə inad  iki dövlət arasındakı qardaşlıq əlaqəsi inşallah sarsılmaz. Məşhur  kino ulduzu Türkan Şorayın “Kara gözlüm” filmində söylədiyi sözlər gerçək olsun:

Aramıza kimse gelip girmesin,

Ayırmasın Mevlam bizi ömür boyunca…

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
modern.az

2Sources