EN

ABŞ prezidenti niyə Hörmüzə "Tramp boğazı” dedi: dil sürüşməsi, yoxsa savaşın adı dəyişir?!



Aia.az xəbər verir ki, Yaxın Şərqdə ABŞ–İsrail–İran qarşıdurması hər keçən gün daha mürəkkəb və çoxqatlı xarakter alır.

Bu qarşıdurma artıq yalnız hərbi əməliyyatlarla deyil, ritorika, psixoloji təsir və informasiya savaşları ilə də müşayiət olunur. ABŞ prezidenti Donald Trump-ın son çıxışında “Hörmüz boğazı”nı “Tramp boğazı” adlandırması isə bu mürəkkəb mənzərəyə ironik çalar qatdı. Tramp bunu zarafatla izah etməyə çalışsa da, onun dərhal ardından İranı boğazı açmağa çağırması göstərdi ki, məsələ sadəcə dil sürüşməsi deyil – regionun enerji və təhlükəsizlik arteriyası üzərində gərginlik pik həddədir.

Bu fonu şərh edən hüquqşünas Rəşid Hacılı isə sosial mediada paylaşdığı yazıda baş verənləri özünəməxsus ironik dillə “Epşteyn koalisiyası” ilə “Siğə koalisiyası” arasında savaş kimi təqdim edir. Bu ifadələr simvolikdir, lakin onların arxasında real hərbi əməliyyatlar dayanır. İranın ABŞ-ın bölgədəki hərbi mövcudluğuna qarşı zərbələri, Oman və Bəhreyndəki obyektlərin hədəfə alınması, nəticədə hərbçilərin yaralanması bu qarşıdurmanın artıq nə qədər geniş coğrafiyanı əhatə etdiyini göstərir.

Eyni zamanda ABŞ və İsrailin daxil olduğu blokun cavab zərbələri daha sistemli və hədəfli xarakter daşıyır. İsfahanda yerləşən böyük metallurgiya kompleksinin vurulması, Şirazdakı kimya sənayesi obyektlərinin dağıdılması, Yəzddə uran filizinin ilkin emalı ilə bağlı infrastruktura zərbələr, Arakda ağır su istehsalı müəssisəsinin sıradan çıxarılması – bütün bunlar İranın həm iqtisadi, həm də hərbi potensialına yönəlmiş zərbələrdir. Gecə saatlarında Tehranda və ölkənin cənub bölgələrində həyata keçirilən hücumlar isə qarşıdurmanın miqyasının genişləndiyini təsdiqləyir.

Bu proseslər fonunda diqqət çəkən məqamlardan biri də İranın strateji obyektlərinin coğrafi yerləşməsidir. Müşahidələr göstərir ki, bu obyektlərin böyük hissəsi Güney Azərbaycan bölgəsindən kənarda yerləşdirilib. Bu, təsadüfi deyil. Ekspertlər bunu həm təhlükəsizlik, həm də siyasi-etimad amilləri ilə izah edir. Tehran rejiminin özünə daha yaxın hesab etdiyi bölgələrdə belə obyektləri cəmləşdirməsi, eyni zamanda iqtisadi və texnoloji resursların müəyyən coğrafiyada toplanması siyasəti burada açıq görünür.

Nəticədə Təbriz, Ərdəbil, Urmiya, Zəngan kimi şəhərlərin daha az zərər görməsi də müzakirə mövzusuna çevrilib. Bu barədə sosial mediada müxtəlif iddialar səsləndirilir. Hətta bəzi versiyalara görə, bu bölgələrin qorunması diplomatik kanallar vasitəsilə xahiş edilib. Lakin bu iddiaların heç biri rəsmi şəkildə təsdiqlənməyib və daha çox fərziyyə xarakteri daşıyır.

Bütün bunların fonunda bir həqiqət dəyişmir: regionda gedən proseslər zarafat və ironiyanın çox uzağındadır. “Tramp boğazı” ifadəsi sosial mediada gülüş doğura bilər, lakin Hörmüz boğazı ətrafında baş verənlər dünya iqtisadiyyatının taleyini müəyyən edən ciddi geosiyasi qarşıdurmadır. Bu qarşıdurmada tərəflərin ritorikası nə qədər fərqli olsa da, nəticələr realdır – dağıdılan zavodlar, zərbə altında olan şəhərlər və artan risklər.

Hazırkı mərhələdə vəziyyət göstərir ki, tərəflər hələ geri çəkilmək niyyətində deyil. Əksinə, həm hərbi əməliyyatlar, həm də siyasi mesajlar intensivləşir. Bu isə o deməkdir ki, Yaxın Şərqdə baş verən bu qarşıdurma hələ uzun müddət gündəmdən düşməyəcək və region ölkələri, o cümlədən Azərbaycan üçün də diqqətlə izlənilməsi vacib olan proses olaraq qalacaq.



Chosen
7
1
aia.az

2Sources