EN

Bu gün milyardlarla insanın iştirakı ilə işıqlar bir saatlıq söndürüləcək

Yer Saatı Ümumdünya Təbiət Fondu (WWF) tərəfindən təşkil edilən və hər il mart ayının son şənbə günü keçirilən qlobal illik beynəlxalq təşəbbüsdür. Bu gün müəyyən bir vaxtda, dünyanın hər yerində insanlar işıqlarını və digər elektrik cihazlarını bir saatlıq söndürürlər. Tədbirin tarixi hər il üçün unikaldır. AZƏRTAC xəbər verir ki, 2026-cı ildə bu tarix martın 28-nə təsadüf edir.

Kampaniya yerli vaxtla saat 20:30-dan 21:30-dək keçiriləcək.

Tədbirin məqsədi qlobal ictimaiyyətin diqqətini iqlim dəyişikliyi probleminə mümkün qədər geniş şəkildə cəlb etmək və ətraf mühit problemlərinin həlli üçün vahid fəaliyyətə ehtiyacın olduğunu nümayiş etdirməkdir.

Yer Saatı ilk növbədə, təbiətə hörmətin simvolik bir aksiyası, planetin iqlimini qorumaq və onun məhdud resurslarına qayğı göstərmək üçün qətiyyətli hərəkətlərə ictimai çağırışdır.

Alimlərin fikrincə, 2003-cü ilə qədər insan fəaliyyətinin planetin ekosistemlərinə təsiri o qədər artmışdı ki, mövcud tendensiyalar davam edərsə, 2050-ci ilə qədər insanların bəşəriyyətin enerji, su, qida, tullantıların saxlanmasına olan ehtiyaclarını ödəmək üçün ikinci bir planetə ehtiyacı olacaq. Buna görə də resursların qorunması problemi kollektiv şəkildə və müxtəlif səviyyələrdə həll edilməlidir, bugünkü tədbirlərin köməyi ilə dünyanın istənilən yerində hər bir insan təbii ehtiyatların tükənməsi problemi ilə bağlı narahatlığını nümayiş etdirə və sağlam bir planetə "səs verə" bilər.

Ətraf mühitin qorunması uğrunda mübarizədə həmrəylik nümayiş etdirmək üçün elektrik enerjisini bir saatlıq söndürmək ideyası ilk dəfə 2007-ci ildə tək bir yerdə - Avstraliyanın Sidney şəhərində həyata keçirilib. Növbəti il tədbir geniş dəstək qazanıb (35 ölkədən 100 milyondan çox insan iştirak edib) və beynəlxalq ekoloji təşəbbüsə çevrilib. O vaxtdan bəri təşəbbüs getdikcə daha çox insanın, şəhərin və ölkənin iştirakı ilə geniş vüsət alıb.

Chosen
20
7
yeniazerbaycan.com

8Sources