EN

Sel Quba–Xınalıq yolunu bağladı – 10-a yaxın kəndlə əlaqə kəsildi – VİDEO

Ötən gün günorta saatlarından etibarən şimal bölgəsində hava şəraiti kəskin dəyişib.

NOCOMMENT.az xəbər verir ki, Quba, Qusar, Şabran və Xaçmaz rayonlarına yağan leysan yağışlar çaylarda selə səbəb olub və bölgədə ciddi fəsadlar törədib.

Leysan yağışlarından sonra Quba–Xınalıq yolunun bir neçə hissəsinə qaya parçaları və palçıq kütlələri düşüb. Nəticədə 10-a yaxın kəndlə nəqliyyat əlaqəsi kəsilib. Sel suları asfaltı sıradan çıxarıb, avtomobillər yolun müəyyən hissələrini keçə bilmədiyi üçün geri dönməli olublar.

AAYDA-nın sahə rəisi Bilal Sultanov bildirib:

“Ölkə ərazisində leysan xarakterli yağışlar nəticəsində Quba–İspik–Xınalıq avtomobil yolu nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb. 30–29-cu km-dən 32-ci km-ə qədər olan məsafəyə yamaclardan axan palçıq kütləsi və qaya parçalarının düşməsi nəticəsində yolun hərəkət hissəsi nəqliyyat üçün bağlanıb.

Əsasən 29-cu km-dən 32-ci km-ə kimi Quba–İspik–Xınalıq avtomobil yolunun üzərində yerləşən 7 kəndə gedən yolda nəqliyyatın hərəkəti tam məhdudlaşıb

Ən kritik vəziyyət yolun 31-ci kilometrində qeydə alınıb. Sel suları hərəkəti tam dayandırıb və həmin hissədə hazırda da sel keçməkdə davam edir.

Yolun açılması üçün əraziyə ağır texnikalar cəlb olunub və palçıq-qaya kütləsinin təmizlənməsi istiqamətində işlər aparılır”.

Sel və güclü yağış Quba şəhərində və bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində fasilələrə səbəb olub. Hazırda bərpa işləri görülür.

Sinoptiklər xəbərdarlıq edir ki, bölgədə yağıntının növbəti iki gün ərzində də davam edəcəyi gözlənilir.

Aliyə

NOCOMMENT.az 

Chosen
29
nocomment.az

1Sources