EN

Xaçmazda selin fəsadları: 500-dən çox evi su basıb, avtomobil körpüsü dağılıb - FOTO - VİDEO

Leysan yağışları nəticəsində Xaçmaz rayonunun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb.
 
Bu barədə rayon icra hakimiyyətinin selin fəsadları ilə bağlı rəsmi açıqlamasında məlumat verilib.
 
Məlumatda qeyd olunub ki, aramsız yağan leysan yağışları və rayon ərazisindən keçən çaylarda əmələ gələn sel suları Xaçmaz ərazisində bir sıra fəsadlar törədib. Yağış və sel suları vətəndaşlara məxsus fərdi yaşayış evlərinə və təsərrüfat tikililərinə dolaraq ciddi ziyan vurub.
 
Leysan yağışları nəticəsində rayonun 33 yaşayış məntəqəsində 537 fərdi yaşayış evini su basıb. Həmçinin çaylarda əmələ gələn sel suları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansında olan 1 avtomobil körpüsünə də ciddi ziyan vurub. Belə ki, Hülövlü-Qaracik Zeyid-Alıcqışlaq-Qədmalıqışlaq-Rəhimoba-Sərkərli avtomobil yolunda yerləşən Cağacuq çayı üzərindəki avtomobil körpüsü tamamilə dağılıb.
 
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birlikdə sel sularından ziyan dəymiş ərazilərə baxış keçirib, fəsadların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verib.
 
Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi və fəsadların aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
 
15:08
 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Cığatay kəndində yağan intensiv yağışlar nəticəsində fərdi yaşayış evlərinə su dolması və köməksiz vəziyyətdə qalanların olması barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Dərhal əraziyə FHN-in Mülki müdafiə qoşunları və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.
 
Görülən tədbirlər nəticəsində köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Həyata keçirilən tədbirlər nəticəsində 5-i azyaşlı və 1-i əlilliyi olan şəxs olmaqla ümumilikdə 22 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.
Chosen
20
14
moderator.az

10Sources