EN

Sel iki qadını küçələrdə sürüklədi – həyat uğrunda mübarizənin dəhşətli görüntüləri - VİDEO

Regionda müşahidə olunan intensiv və fasiləsiz yağıntılar artıq bir sıra ərazilərdə ciddi fəsadlara səbəb olub.

Musavat.com xəbər verir ki, son 2 gündə yağan güclü yağışlar təkcə Azərbaycanda deyil, bütövlükdə regionda daşqın və sel hadisələrini kəskinləşdirib.

Bakı başda olmaqla ölkənin müxtəlif ərazilərində küçələr və yollar su altında qalıb, nəqliyyatın hərəkəti çətinləşib. Oxşar vəziyyət qonşu bölgələrdə də müşahidə olunur. Tiflis şəhərində də güclü yağışlar nəticəsində sel təhlükəsi artıb.

Eyni zamanda, Azərbaycanlıların sıx yaşadığı Rusiyanın Maçqala şəhərində də sel fəlakətinin ağır nəticələri qeydə alınıb. Sosial şəbəkələrdə yayılan son görüntülər bu təbii hadisənin miqyasını və təhlükəsini açıq şəkildə ortaya qoyur.

Həmin kadrlarda biri gənc qız, digəri isə yaşlı qadın olmaqla iki nəfərin güclü sel suları tərəfindən küçə boyu sürükləndiyi əks olunub. Onların həyat uğrunda mübarizə apardığı anlar olduqca dramatikdir. Kadrlardan görünür ki, hər iki qadın son anda çətinliklə də olsa xilas olmağa nail olur.

Baş verənlər regionun genişmiqyaslı təbii fəlakətlə üz-üzə qaldığını göstərir. Sinoptiklərin məlumatına görə, qeyri-sabit hava şəraiti və intensiv yağıntılar sabah da davam edəcək. Bu isə yeni daşqın və sel risklərinin qalmaqda olduğunu göstərir.

Hazırda aidiyyəti qurumlar və xilasedici xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir, vətəndaşlara isə ehtiyatlı olmaq, zəruri olmadıqca açıq ərazilərə çıxmamaq tövsiyə olunur.

Musavat.com

Chosen
1
4
musavat.com

10Sources