BAKI,TurkicWorld- Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Sammitində (Stratcom) çıxış edərək, dünya nizamının hazırkı vəziyyəti, regionda davam edən müharibələr və informasiya cəbhəsindəki mübarizə barədə mühüm mesajlar verib.
TurkicWorld Nazir Hakan Fidanın çıxışının tam mətnini təqdim edir:
"Hörmətli qonaqlar, Builki Beynəlxalq Strateji Kommunikasiya Sammitində sizə müraciət etmək mənim üçün böyük şərəfdir. Bu sammit artıq strateji, diplomatik və intellektual fəaliyyət üçün həqiqi qlobal arenaya çevrilib. Dünyanın ən çətin suallarının dürüstlüklə qarşılandığı bir platformaya çevirdiyi üçün Kommunikasiya İdarəsinə təşəkkür edirəm.
Builki mövzu daha dəqiq ola bilməzdi. Biz sadəcə bir qeyri-sabitlik dövrünü yaşamırıq. Biz sistemli bir qırılma yaşayırıq. Bu, daha dərin struktur pozuntusunun nəticəsidir.
Pozulma (disruption) o zaman baş verir ki, beynəlxalq sistem mənəvi kompasını; strateji bağlılığını; və legitimlik istehsal etmək qabiliyyətini itirir.
Sülh və təhlükəsizliyi qorumaq üçün hazırlanmış institutlar artıq münaqişələri cilovlaya bilməyəndə, eskalasiyanın qarşısını almayanda və ya sülhə gedən yollar yaratmayanda böhranlar qaçılmaz olur. Dövrümüzün əsas siyasi sualı sadədir: Beynəlxalq sistemin hələ də dövlətlər arasındakı münasibətləri ədalət, proqnozlaşdırıla bilənlik və etimad əsasında idarə etmək üçün nüfuzu və etibarı varmı?
Bugünkü cavab ağrılı dərəcədə aydındır: Qlobal idarəetmənin hazırkı vəziyyəti disfunksionaldır, iflic olub və davam etdirilə bilməz. Bu sistemli pozulma bir gecədə baş verməyib. Bu, Türkiyənin illərdir sistematik şəkildə ifşa etdiyi struktur çürüməsinin nəticəsidir.
Prezident Rəcəb Tayyib Ərdoğanın qlobal ədalət və beynəlxalq institutların islahatı ilə bağlı çağırışı sadəcə siyasi şüar deyil, bir diaqnoz idi. Bir çoxlarının böhran öz qapılarına çatana qədər görməzdən gəldiyi bir diaqnoz. Birləşmiş Millətlər Təşkilatının kürsüsündən tutmuş saysız-hesabsız çoxtərəfli platformalara qədər biz ardıcıl olaraq həyəcan təbili çaldıq. O zaman bir çoxları öz geosiyasi rahatlıq zonalarının illüziyasına üstünlük verirdilər. İllər boyu disfunksional nizamın bədəli başqa yerlərdə ödənilənə qədər, bir çoxları öz mənafelərinə xidmət edən status-kvonun saxlanmasından məmnun idilər.
Lakin bu gün həmin illüziya darmadağın olub. Ədalətsiz sistemdən rahatlıqla bəhrələnənlər, böhranlar nəhayət öz sahillərinə toxunduqda reallıqla üz-üzə qalırlar. Əgər bu, sistemli qırılma dövrüdürsə, onda daha dəqiq bir sual verməliyik: əslində nə uğrunda mübarizə aparılır? Çoxqütblü sistemə doğru getdiyimiz bu vaxtda cavablardan daha çox suallar var:
Bu sullar : Yeni cazibə mərkəzləri harada yaranacaq? Texnologiya üçün yeni qaydaları kim müəyyən edəcək? Həyati vacib enerji və ticarət yolları necə qorunacaq sualıdır.
Bu siyahıya bir çox suallar əlavə edilə bilər. Qarşımızda çoxalan bu suallar növbəti əsri formalaşdıracaq.
Hörmətli qonaqlar, Bunlar akademik mübahisələr deyil. Bunlar real döyüş meydanlarında həll olunur. Və yenə də bizim regionumuz bu işin episentridir. İrana qarşı qanunsuz zərbələr İsrailin amansız eskalasiyası nəticəsində regionu daha geniş müharibənin astanasına itələdi. Biz region dövlətlərini dağıdıcı münaqişəyə sürükləyən hər hansı ssenarini rədd edirik.
Gəlin açıq olaq: Bu, İsrailin seçdiyi bir müharibə ola bilər, lakin bütün dünya bunun bədəlini ödəyir. Münaqişə uzandıqca, geosiyasi və iqtisadi fəsadlar həyəcanverici sürətlə artır. İlk gündən biz bu təhlükəli trayektoriya barədə xəbərdarlıq etmişdik. Bu, Netanyahunun siyasi sağ qalması üçün layihələndirilmiş bir müharibədir, lakin onun yükü, təəssüf ki, dünyanın qalan hissəsinin üzərinə düşür.
Məhz buna görə də biz maksimum təmkinli olmağa çağırmağa davam edirik. Bu münaqişə taleyi bir-birinə bağlı olan xalqların yaralarını dərinləşdirmək və onları bölmək potensialına malikdir. Bu, təkcə şəhərlərdə deyil, həm də region xalqlarının qəlbində və zehnində qalıcı izlər buraxa bilər. Gələcəyə doğru deeskalasiya və diplomatiyadan başqa həyat qabiliyyətli yol yoxdur.
Buna görə də Türkiyə regional tərəfdaşlarla sıx koordinasiya şəraitində diplomatik həll üçün fəal şəkildə liderlik edir. Mən bu yaxınlarda həmrəyliyimizi nümayiş etdirmək və diplomatik reaksiyamızı sinxronlaşdırmaq üçün Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər etdim. Region ölkələri olaraq davam edən münaqişənin dərhal dayandırılmasını tələb etməkdə vahid mövqedən çıxış etdik. Eyni zamanda İsrailin ekspansionist siyasətinə, xüsusən də Livana qarşı son təcavüzünə kəskin etirazımızı bildirdik.
Bu səyləri reallaşdırmaq üçün biz yüksək səviyyəli dialoqumuzu davam etdiririk. Məqsədimiz bu münaqişəni mümkün qədər tez bitirmək üçün əməli addımlar müəyyən etməkdir. Bu mənasız müharibə daha çox dağıntı baş vermədən; daha dərin düşmənçiliklər kök salmadan və qlobal iqtisadiyyat geri dönməz zərər görmədən bitməlidir.
Dialoq kanalları açıq olmalı və nəticəyə yönəlmiş danışıqlar prosesi sürətlə başlamalıdır. Lakin sülhə yol açarkən Netanyahunun fundamentalist və maksimalist mövqeyinin diplomatik həlləri yenidən sabotaj etməsinə icazə verə bilmərik. İllərdir biz bu planlaşdırılmış xaos barədə xəbərdarlıq edirik. Buradakı strateji məqsəd region xalqlarını zəif, bölünmüş və həssas saxlamaq üçün hazırlanmış daimi müharibə vəziyyəti yaratmaqdır. Bu sistemli destabilizasiya strategiyası dayandırılmalıdır.
Biz humanitar işçiləri, vasitəçiləri, diplomatları və səfirlikləri hədəf almaqdan çəkinməyən bir düşüncə tərzi ilə qarşı-qarşıyayıq. Bu cəzasızlıq təkbaşına qlobal nizamın struktur aşınmasının nə dərəcədə ağır olduğunu göstərir. Bunun arxasında beynəlxalq ictimaiyyətə ciddi bir xəbərdarlıq da var: diplomatiya institutunun özü qəsdən atəş xəttinə qoyulduqda, bütün beynəlxalq arxitektura özünün ən təhlükəli, terminal fazasına daxil olur.
Belə məqamlarda düşüncə aydınlığı strateji bir aktivdir. Ən qaranlıq saatlarda sağlam düşüncəyə daha çox ehtiyac duyulur. Türkiyə bu məqsədlə hər bir diplomatik aləti səfərbər etməyə davam edəcək. Bizim prioritetlərimiz hərbi əməliyyatların tam və dərhal dayandırılması;regional sıçrayışın qarşısının alınması və təcili olaraq diplomatiyaya qayıdış, olaraq qalır.
Hörmətli qonaqlar, Bugünkü dünyada döyüş meydanı təkcə fiziki deyil. O, həm də informasiya xarakterlidir. Biz elə bir dövrdə yaşayırıq ki, rəvayət (narrative) yerindəki reallıqlar qədər həyati vacib və mübarizə obyektinə çevrilib. Rəvayətlər qavrayışı formalaşdırmaq, reallığı çərçivəyə salmaq və çox vaxt həqiqətin özünü gizlətmək üçün silaha çevrilir. Bu dinamika rəqib rəvayətlər müharibəsinə səbəb olan İranla bağlı son eskalasiyada aydın görünür.
Lakin bunun ən kəskin təzahürü İsrailin Qəzzadakı soyqırımı timsalında artıq gözlərimiz önündə baş verir. Çox uzun müddətdir ki, mülki əhalinin sistematik şəkildə hədəf alınması bu vəhşiliyi normallaşdırmaq üçün hazırlanmış süni bir rəvayət daxilində qablaşdırılır. Onilliklər ərzində nəhəng qlobal siyasi və media aparatı İsrailin ərazi ekspansionizmini (genişlənməsini) kiçiltməyə çalışıb. Hətta gündəlik xəbər dili belə qavrayışı formalaşdıra və məhdudlaşdıra bilər. Başlıqlar elə aldadıcı və ikili standartlarla tərtib edilir ki, arzu olunan nəticə artıq oxucuya diktə olunur.
İsrailin qanunsuz müdaxilələri və işğalları başlıqlarda təmizlənir. Açıq-aşkar təcavüz "özünümüdafiə" kimi təqdim olunur. Və səhv etməyin: bu aldatma maşını bu gün də tam gücü ilə işləyir. Lakin xoşbəxtlikdən, qlobal ictimaiyyət artıq bu manipulyasiya edilmiş rəvayətlərə kor deyil. İnsanların çoxu bu süni başlıqların arxasındakı həqiqəti görür. Bu gün müdafiə olunmaz olanı çarəsizcə müdafiə etməyə çalışan cəmi bir ovuc ana axın (mainstream) apoloqları qalıb. Şahidi olduğumuz görünməmiş vəhşiliklərin hər hansı müsbət tərəfi varsa, o da budur: Diqqətlə hazırlanmış təbliğat maşını indi öz ədalətsizliyinin ağırlığı altında parçalanır.
Bu keçid möhtəşəmdir. Fələstin davası ətrafında qlobal mənəvi şüur böyük bir güc toplamaqdadır. O, cəmiyyətlər, nəsillər və siyasi sərhədlər boyu böyüyür. Və sizi əmin edim ki, bu yüksələn ortaq vicdan dalğasını yatırmaq qeyri-mümkün olacaq.
Hörmətli qonaqlar, Mənəvi üstünlüyə malik olmaq vacibdir, lakin artıq bu, təkbaşına kifayət deyil. Qlobal rəvayəti formalaşdırmaq təkcə nə dediyimizlə deyil, həm də onu harada və necə dediyimizlə bağlıdır. Biz görünməmiş texnoloji inqilab dövrünü yaşayırıq. Cəmi bir neçə nəsil ərzində biz ənənəvi yayımçılıqdan rəqəmsal ekosistemlərə keçdik. Bu yeni reallıqda məzmunun yaradılması özlüyündə strateji bir cəbhədir. Məlumat istehsalının sürəti yalan, qərəzli və zərərli məzmunun yayılmasını asanlaşdırır. Dayanıqlı cəmiyyət yalnız təhlükəsiz və sağlam informasiya axını sayəsində mümkündür.
Buradakı jurnalistlərə, mütəfəkkirlərə və ziyalılara Səlcuqlu türklərinin böyük vəziri Nizamülmülkə aid edilən dövlətçilik ənənəmizin dərin hikmətini xatırlatmaq istəyirəm: "Nizəni və ya oxu yalnız müəyyən məsafəyə ata bilərsən; onun fiziki təsiri məhduddur. Lakin bir sözün, bir mətnin və ya bir ideyanın çatdığı yer hüdudsuzdur."
Hörmətli qonaqlar, Qarşımızda duran sual yalnız saxta rəvayətlərin necə çökməsi deyil. Bu, həm də onların yerinə indi qurmalı olduğumuz rəvayətlərdir. Başqa sözlə, regionumuz və onun hüdudlarından kənarı üçün vizyonumuz nədir? Bu bizi mövzumuzun son sütununa gətirir: Nizam axtarışı və qalıcı sabitlik. Hər şeydən əvvəl, biz müharibəni regionumuzda daimi vəziyyətə gətirmək üçün hər bir cəhdi qəti şəkildə rədd etməliyik. Zorakılığın qaçılmaz olduğunu və qeyri-sabitliyin təbii olduğunu deyən məğlubiyyətçi rəvayəti rədd etməliyik.
Biz özümüzə tarixi dərinliyimizə, Sivilizasiya irsimizə və gələcəyimizi formalaşdırmaq qabiliyyətimizə güvənməliyik
Lakin əvvəlcə yanğını söndürməliyik. Regionumuzda sülh və təhlükəsizlik deeskalasiya və diplomatiya yolu ilə bərpa edilməlidir. Qarşımızda duran təxirəsalınmaz vəzifə budur. Yalnız bundan sonra rifah gələ bilər. Regional əməkdaşlıq dərinləşə bilər. Sabitlik daha geniş dairələrdə xaricə doğru yayıla bilər. Bizim regionumuzda yeni nizam axtarışımızın mahiyyəti budur.
Lakin bu, keçmişin kənardan diktə olunan modellərindən fərqli bir yol tutacaq. O, siyasi cəsarət vasitəsilə daxildən qurulacaq. O, gərginlikdən mənfəət güdənlərin qısamüddətli hesablamalarına deyil, ortaq maraqlara diqqət yetirməklə qurulacaq. Köhnə bir həqiqəti hamımız yaxşı bilirik: Dağıtmaq bir anlıq işdir, amma qurmaq bir nəslin zəhmətidir. Buna görə də biz səbirlə və dərinləşən regional koordinasiya ilə ardıcıl hərəkət etməliyik.
Bir şey dəqiqdir: regionumuz bir daha əvvəlki kimi olmayacaq. Əslində, son münaqişə artıq yeni bir regiondaxili həmrəylik dalğasını canlandırıb. Eyni dərəcədə vacibdir ki, münaqişə mövcud təhlükəsizlik tənzimləmələrinin zəif tərəflərini ortaya qoyub. Hamımız regionumuzun təhlükəsizlik məsuliyyətini mənimsəməliyik, çünki ,sülh və sabitlik olduqda birlikdə çiçəklənirik, münaqişə və qeyri-sabitlik olduqda isə hamımız əziyyət çəkirik.
Yaxın tarixin acı dərsləri bizə qiymətli təcrübələr öyrədib. Regionumuz artıq kənar müdaxilələrə qarşı həssas olmamalıdır. Biz bu dağıdıcı modelin hər iyirmi ildən bir təkrarlandığını görmüşük. Biz bu qısırdöngəni ortaq vizyon və birgə fəaliyyətlə qırmalıyıq. Və biz buna regional mülkiyyət (regional ownership) vasitəsilə nail olacağıq. Səmimi arzumuz gərginlikləri geridə qoymaq və regiondakı xalqlarımızın ümumi mənafeyinə xidmət edən əməkdaşlığı genişləndirməkdir. Türkiyə əsl regional həmrəylik ruhunda bu ortaq vizyonu reallaşdırmaqda tam qərarlıdır.
Təşəkkür edirəm."