EN

Füzələr əsas atmosferi vurdu!

Climate and Community Institute tərəfindən hazırlanmış hesabat göstərir ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarla artan münaqişə təkcə geosiyasi balanslara deyil, həm də qlobal iqlimə təsir edir. İlk iki həftədə yaranan milyonlarla ton karbon emissiyası, enerji infrastrukturunun hədəfə alınması və toksik çirklənmə müharibənin ekoloji xərclərini açıq şəkildə ortaya qoyur.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları ilə başlayan və sürətlə regional böhrana çevrilən müharibənin yalnız geosiyasi və iqtisadi deyil, həm də ciddi ekoloji dağıntılara səbəb olduğu məlum olub. Beynəlxalq analizlərə görə, müharibənin ilk iki həftəsində yaranan karbon emissiyası bir çox ölkənin illik emissiyasını keçərək qlobal iqlim hədəflərini birbaşa təhdid edir. İngiltərədə yerləşən Climate and Community Institute-un analizinə əsasən, münaqişənin ilk 14 günündə 5 milyon tondan çox karbon qazı ekvivalenti emissiya yaranıb.

Təşkilatın açıqladığı bu miqdarın, dünyada ən aşağı emissiyaya malik 80-dən çox ölkənin ümumi illik emissiyasını keçdiyi bildirilir. Emissiyaların böyük hissəsi təxminən 20 min mülki obyektin dağıdılması, neft anbarlarının vurulması nəticəsində milyonlarla barrel yanacağın yanması və intensiv hərbi əməliyyatlarda istifadə olunan təyyarə və texnikalardan qaynaqlanıb.

Müharibənin ekoloji təsirləri yalnız karbon emissiyası ilə məhdudlaşmayıb. Tehran şəhərində bombalanan neft obyektlərindən qalxan qalın tüstünün günlərlə şəhərin üzərində qaldığı, insanların tənəffüs problemləri, göz və dəri qıcıqlanması kimi sağlamlıq problemləri yaşadığı bildirilib. Peyk görüntülərinə görə, yanğınlar nəticəsində yaranan toksik buludların yağışla birlikdə “zəhərli yağış” şəklində yerə düşdüyü və uzun müddətdə xərçəng və ürək xəstəlikləri riskini artıra biləcəyi qeyd olunur.

Hesabatda fikirləri yer alan mütəxəssislər enerji infrastrukturunun hədəfə alınmasının ekoloji dağıntını daha da artırdığını vurğulayır. Xüsusilə neft emalı zavodları və anbarların bombalanması təkcə qısamüddətli hava çirklənməsinə deyil, həm də uzunmüddətli torpaq və su çirklənməsinə səbəb ola biləcək böhran yaradır. Daha əvvəl aparılan qiymətləndirmələrdə İrandakı enerji obyektlərinə edilən hücumların “uzunmüddətli ekoloji fəlakət” riski daşıdığı xəbərdarlığı edilmişdi.

Digər tərəfdən, münaqişənin qlobal iqlim böhranına təsiri də getdikcə daha çox müzakirə olunur. Alimlər bildirirlər ki, mövcud karbon büdcəsi sürətlə tükənir və bu müharibə qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfini daha da çətinləşdirir. Hesablamalara görə, bu məqsəd üçün dünyada təxminən 130 milyard ton karbon büdcəsi qalıb və müharibə nəticəsində yaranan emissiyalar bu büdcəni sürətlə azaldır.

Müharibənin iqtisadi və enerji aspektləri də ekoloji təsirlərlə birbaşa bağlıdır. İranın Hürmüz Boğazı üzərindən keçən hərəkəti məhdudlaşdırması və enerji infrastrukturuna edilən hücumlar qlobal neft və qaz təchizatında ciddi dalğalanmalara səbəb olub. Bu isə enerji qiymətlərinin artmasına və fosil yanacaqlara olan asılılığın yenidən yüksəlməsinə gətirib çıxararaq iqlim siyasətlərinə mənfi təsir göstərir.

Müəllif: Günay Hacıyeva
Chosen
16
1
sia.az

2Sources