EN

Sabiq baş nazir həbs olundu

Nepalın sabiq baş naziri Şarma Oli həbs olunub.

“Yeni Sabah” AFP-yə istinadən xəbər verir ki, o 2025-ci ildə baş verən və “Z nəsli etirazları” kimi tanınan kütləvi aksiyaların zorakılıqla yatırılmasında iştirakda ittiham olunur.

Məlumata görə, ötən ilin sentyabrında sosial şəbəkələrə qoyulan qadağa və artan korrupsiya, eləcə də ağır iqtisadi şərait fonunda başlayan iğtişaşlar zamanı 70-dən çox insan həlak olub. Onların bir çoxunun polis tərəfindən güllələndiyi bildirilir.

Sabiq baş nazirlə yanaşı, keçmiş daxili işlər naziri Rameş Lehak da saxlanılıb.

Bir gün əvvəl isə ölkənin yeni baş naziri – 35 yaşlı reper Balen Şah and içərək vəzifəsinin icrasına başlayıb.

Şarma Oli irəli sürülən ittihamları rədd edir. Onun vəkilləri isə "Reuters" agentliyinə bildiriblər ki, bu mərhələdə saxlanılma əsassızdır.

Nepalın yeni daxili işlər naziri Sudan Qurung isə həbsləri alqışlayaraq bildirib ki, “heç kim qanundan üstün deyil” və bu addımın məqsədi qisas deyil, ədalətin təmin olunmasıdır.


Telegram kanalımız
Chosen
16
yenisabah.az

1Sources