EN

Avropa deputatlarına Çinə səfərdə birdəfəlik telefonlardan istifadə tövsiyə olunub

BAKI, 28 mart. TELEQRAF

Avropa Parlamentinin rəsmi nümayəndə heyətinə Çinə səfər zamanı şəxsi cihazlardan istifadə etməmək tövsiyə olunub.

Teleqraf “Politico” nəşrinə istinadən xəbər ki, gələn həftə doqquz avropalı deputat Pekinə səfər edəcək və onlara birdəfəlik telefonlardan istifadə etmək, şəxsi qurğuları isə evdə qoymaq məsləhət görülüb.

Bildirilib ki, səfər informasiya texnologiyaları və elektron ticarət qaydalarına həsr olunacaq. Bu, son səkkiz ildə Avropa Parlamentinin Çinə ilk rəsmi səfəri olacaq.

Nəşrin məlumatına görə, belə təhlükəsizlik tədbirləri Avropa İttifaqı qurumlarında haker qruplarının mümkün fəaliyyəti ilə bağlı artan narahatlıq fonunda görülür.

Qeyd olunur ki, Avropa parlamentariləri əvvəllər də oxşar tədbirlərdən istifadə ediblər. Məsələn, ötən il Macarıstana səfər zamanı birdəfəlik rabitə vasitələri və xüsusi qoruyucu çantalardan yararlanıblar.

Qeyd edək ki, martın 27-də Avropa Komissiyası “Europa.eu” portalına kiberhücum zamanı məlumat sızmasının baş verdiyini təsdiqləyib.

Chosen
37
teleqraf.com

1Sources