EN

Əli Xameneinin son FOTOsu

İranın Ali Rəhbəri Əli Xameneinin ABŞ və İsrailin hava zərbələri nəticəsindən öldürülməsindən əvvəl çəkilən son fotosu yayılıb.

“Yeni Sabah” xəbər verir ki, fotonu İran mənbələri paylaşıb.

İranın strateji məsələlər üzrə sabiq vitse-prezidenti, keçmiş xarici işlər naziri  Məhəmməd Cavad Zərif də həmin görüntünü paylaşaraq yazıb ki, foto Əli Xameneinin öldürülməsindən təxminən 5 dəqiqə əvvəl CCTV kamerası tərəfindən çəkilib.

Otaqdakı rəfin üzərində İran İslam İnqilabının lideri Seyid Ruhullah Xomeyninin, kiçik masanın üzərində isə ABŞ-ın 2020-ci il yanvarın 3-də Bağdadda həyata keçirdiyi hücumda öldürülmüş İran İslam İnqilab Keşikçilər Korpusunun Qüds qüvvələrinin komandanı general Qasım Süleymaninin fotosu var.  

Fotoda Ali Rəhbər otaqda tək oturub. O, hansısa kitab - ehtimal ki, Qurani-Kərim oxuyur.  

Bildirilib ki, bundan sonra o, ayağa qalxaraq sarayda onu gözləyən hökumət nümayəndələri ilə keçirilən iclasa qatılıb. Təxminən 5 dəqiqə sonra isə bombardman başlayıb və Əli Xamenei həlak olub.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Hava zərbələri nəticəsində İranın Ali Rəhbəri Əli Xamenei, həyat yoldaşı, gəlini, kürəkəni, nəvəsi, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Məhəmməd Pakpur, Ali Rəhbərin müşaviri admiral Əli Şamxani, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Əbdülrəhim Musəvi və müdafiə naziri Əmir Nəsirzadə öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.


Telegram kanalımız
Chosen
29
yenisabah.az

1Sources