EN

Türkiyənin nəqliyyat naziri Orta Dəhliz və “İnkişaf Yolu” marşrutlarının əhəmiyyətinin artdığını bildirib

Ankara, 27 mart, AZƏRTAC

Zəngəzur dəhlizi layihəsi ilə bağlı razılaşmalar əldə edilib, Azərbaycan ərazisində işlər başa çatmaq üzrədir. Düşünürəm ki, bu marşrutu dörd-beş il ərzində açıb, bununla da Türkiyəni Türk dünyası ilə birbaşa birləşdirə biləcəyik.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu 24 TV telekanalının efirində bildirib.

Nəqliyyat naziri Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə və Avropa ölkələrindən keçən Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb.

“Hazırda Çindən gələn yüklər Süveyş kanalı vasitəsilə Londona orta hesabla 35 günə çatır. Çindən Ümid burnu ətrafında eyni yüklərin daşınması 45 gün çəkir. Cənubi İraqı Türkiyə ilə birləşdirən nəqliyyat və logistika sisteminin yaradılmasını nəzərdə tutan “İnkişaf Yolu” marşrutunun açıldığı təqdirdə, Çin yükləri Avropaya 25 günə, dəmir yolu ilə isə Bakı-Tbilisi-Qars vasitəsilə Orta Dəhliz boyunca cəmi 18 günə çata biləcək”, - deyə Ə.Uraloğlu bildirib.

Onun sözlərinə görə, əgər Bəsrə limanından Türkiyəyə və Avropaya gedən “İnkişaf Yolu” bu gün açıq olsaydı, Hörmüz boğazı ətrafındakı vəziyyət qlobal enerji bazarlarına daha az mənfi təsir göstərərdi, Hörmüzdən şimalda yerləşən ölkələrdən neft ixracı davam edərdi”, - deyə türkiyəli nazir izah edib.

 

Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Chosen
23
2
azertag.az

3Sources