EN

Qarabağa səfər edən dünya səyyahı: Buranın gözəl təbiəti var

Zəngilan, 27 mart, AZƏRTAC

“Bu, mənim Qarabağa ilk səfərimdir. Şəhər çox dəyişib. Daha da müasirləşib. Qarabağda ilk təəssüratım budur ki, buranın gözəl təbiəti var”.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində səfər edən dünya səyyahı Alessandro Giovanni Gerevini söyləyib.

“Mən İtaliyadanam, amma hazırda Yaponiyada yaşayıram, Naqoya Xarici Dillər Universitetinin professoruyam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. İlk dəfə ölkənizə 10 ildən çox əvvəl qardaşımın qızı ilə gəlmişdim. Burada bir çox yeni, gözəl binalar gördüm. Yəqin ki, bir gün daha çox turist və ya qonaqların səfərləri ilə bura çox cəlbedici bir turizm məkanına çevriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya səyyahlarının Qarabağa və Şərqi Zəngəzura səfərinin növbəti ünvanı Zəngilan olub. Zəngilan səfəri zamanı səyyahlar Horadiz-Ağbənd avtomobil yolu və dəmir yolunda gedən işlərlə tanış olublar.

İkigünlük səfər çərçivəsində bu dəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu isə sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən dünya səyyahlarının ən böyük qrupudur.

“NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağa və Şərqi Zəngəzura dünya səyyahlarının 15 dəfə səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Müxbir-Aydın Yavərzadə

Chosen
18
3
azertag.az

4Sources