EN

ABŞ kəşfiyyatı: İranın raket arsenalının yalnız üçdə biri məhv edilib...

ABŞ kəşfiyyatının məlumatıları ilə Ağ Evin qiymətləndirməsi rəsmi açıqlamalarla ziddiyyət təşkil edir...

ABŞ kəşfiyyatının ilkin qiymətləndirməsinə əsasən, İranın raket arsenalının yalnız təxminən üçdə biri məhv edilib. Bu isə o deməkdir ki, hərbi əməliyyatlar nəticəsində müəyyən hissə sıradan çıxarılsa da, Tehranın hələ də ciddi həcmdə raket potensialı qalmaqdadır.

Poliqon xəbər verir ki, bu barədə Reuters Agentliyi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, mövcud vəziyyətdə İranın bir sıra raketləri ya gizlədilib, ya da zərbələrdən qorunub. Bundan əlavə, bəzi zədələnmiş və ya dağıntı altında qalmış raketlərin döyüş əməliyyatları başa çatdıqdan sonra bərpa olunması ehtimalı da yüksək qiymətləndirilir. Bu faktorlar İranın hərbi-strateji imkanlarının tamamilə sıradan çıxarılmadığını göstərir.

Eyni zamanda, ABŞ kəşfiyyatının bu qiymətləndirməsi ABŞ-nin hazırkı prezidenti Donald Trump tərəfindən verilmiş son açıqlamalarla ziddiyyət təşkil edir. Belə ki, Donald Trump bir gün əvvəl çıxışında İranın “çox az sayda raketinin qaldığını” bildirmişdi. Kəşfiyyat məlumatları isə bunun əksini göstərərək, İranın hələ də regionda təhlükə yarada biləcək səviyyədə raket ehtiyatına malik olduğunu ortaya qoyur.

Analitiklər hesab edir ki, bu cür ziddiyyətli məlumatlar həm informasiya müharibəsinin bir hissəsi ola bilər, həm də əməliyyatların real nəticələrinin qiymətləndirilməsində fərqli yanaşmalardan qaynaqlana bilər. Bununla yanaşı, İranın raket infrastrukturunun tamamilə məhv edilməsinin çətin olduğu və ölkənin qısa müddətdə müəyyən hərbi potensialını bərpa edə biləcəyi də vurğulanır.

Poliqon.info

Chosen
40
poliqon.info

1Sources