EN

Rusiya və Gürcüstan barışır - nə baş verir?

Zaxarovanın dediyinə inansaq, "getdikcə daha çox gürcü siyasətçisi Moskva ilə münasibətlərin bərpasını müdafiə edir" - bəs, gerçək nə...

Bütün Gürcüstanın Patriarxı II İlyanın vəfatı ilə əlaqədar Rusiya prezident Putinin Tiflisə başsağlığı verməsi, Prezidentin xüsusi nümayəndəsi Mixail Şvıdkonun isə Tiflisdəki dəfn mərasiminə qatılması iki ölkə arasındakı münasibətləri yenidən gündəmə gətirib. Bu, Moskvadan verilən açıqlamalar fonunda xüsusilə diqqət çəkir.


Picture

Musavat.com “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, əgər Tiflis qarşılıqlı maraq göstərərsə, Moskva Gürcüstanla münasibətləri normallaşdırmağa hazırdır.

Qaluzin Abxaziya və Cənubi Osetiya ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Moskvanın Tiflislə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da bildirib ki, əgər Tiflis buna hazırdırsa, Rusiya Gürcüstanla substantiv siyasi dialoqdan çəkinməyəcək. “Rusiya ilə dialoqdan imtina siyasəti, 2008-ci ilin faciəli hadisələri kimi, cinayətkar və ehtiyatsız Saakaşvili rejiminin mirasının bir hissəsidir. Düşünürəm ki, Tiflis Qərbin əsl məqsədlərini dərk edərək, Gürcüstanın inkişafının açarının qarşıdurmada deyil, Rusiya ilə əməkdaşlıqda olduğunu anlamağa başlayır”, - deyə o bildirib. Gürcüstan tərəfinin “Rusiya ilə konstruktiv münasibətlərdə də maraqlı olduğunu” qeyd edən Zaxarova Rusiya ilə əməkdaşlığın “Gürcüstan iqtisadiyyatının görünməmiş artıma səbəb olduğunu” iddia edib. Zaxarova Moskva ilə Tbilisi arasında əməkdaşlığın inkişaf etdiyi sahələri sadalayıb.

Picture

Onun sözlərinə görə, Rusiya Gürcüstana strateji əhəmiyyətli məhsulların - enerji və taxılın əsas təchizatçısıdır. Birbaşa uçuşların bərpasından bəri aviaşirkətlər 20-dən çox istiqamətə uçuşlar həyata keçirir. Rusiyadan Gürcüstana turist axını artıb, bu ğlkəyə gələn hər dörd turistdən biri Rusiyadandır. Zaxarova bildirib ki, “getdikcə daha çox gürcü siyasətçisi Moskva ilə münasibətlərin bərpasını müdafiə edir” və “top Rusiyanın meydanında deyil”.

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bir müddət əvvəl Rusiyanın ölkənin ərazi bütövlüyünü tanımasını ikitərəfli münasibətlərin bərpası üçün şərt adlandırmışdı.

Rusiya ilə Gürcüstan arasında münasibətlərdə müəyyən yumşalma siqnalları görünsə də, bunu real barışıq kimi qiymətləndirmək tezdir. Moskvanın “dialoqa hazırıq” mesajları daha çox siyasi ritorika və təsir vasitəsi kimi görünür. Tiflisinin əsas şərti – ərazi bütövlüyünün tanınmasıdır. Bu səbəbdən mövcud yaxınlaşma daha çox iqtisadi və taktiki xarakter daşıyır, strateji barışıqdan isə hələ danışmaq mümkün deyil.

Musavat.com

 

Chosen
50
musavat.com

1Sources