EN

Bakıdakı güllələnmənin detalları

Ötən gün Zirə qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, hadisə Türkan və Zirə qəsəbələrinin arasında yerləşən, Zirə qəsəbə sakini, mərhum Vaqif Əmirovun həyətyanı torpaq sahəsində baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən Cavanşir Muradov Bakının Yasamal rayonu ərazisində yaşayırmış. O, 2 il əvvəl şəhər ərazisindəki evini satıb, Türkan qəsəbəsinə köçüb, orada təsərrüfatla məşğul olurmuş. O, Türkanla Zirə ərazilərində heyvan otarmaqla məşğul olurmuş. Həmin ərazidə isə Zirə qəsəbə sakini Vaqif Əmirov özünəməxsus torpaq sahəsində əkinçiliklə məşğul olub.

Hadisə Cavanşir Muradovla onun qonşusu Ruslan Əliyev arasında baş verən mübahisədən yaranıb. R.Əliyev Türkan qəsəbəsində C.Muradovun qonşusu olub və 2 il əvvəl Cavanşir evini tikərkən Ruslanla mübahisəsi düşüb. Həmin vaxtdan etibarən qonşular arasında narazılıq davam edib.

Ruslanla Cavanşir arasında bir gün əvvəl də mübahisə yaranıb, Ruslan hadisə yerindən qaçıb. Dünən axşam saatlarında Ruslan özünəməxsus VAZ-2107 markalı avtomobillə Cavanşirin heyvan otardığı yerin yanından sürətlə keçib və bu da Cavanşiri əsəbiləşdirib. Cavanşir evə qayıdaraq özünəməxsus odlu silahı götürüb, yenidən əkin sahəsinə qayıdıb və Ruslanın geri qayıtmasını gözləyib. Ruslan avtomobillə geri qayıdarkən Cavanşir odlu silahdan Ruslanın avtomobilinə üç dəfə atəş açsa da, onu vura bilməyib. Ruslanın avtomobilinə ciddi ziyan dəysə də, özü güllədən yayına bilib.

Səsə həyətyanı sahəsində əkinçiliklə məşğul olan Vaqif Əmirov və oğlu Məmmədhüseyn Əmirov gəliblər və Cavanşir Muradov naməlum səbəbdən onlara atəş açıb. Hadisə nəticəsində M.Hüseynov yüngül xəsarət alsa da, V.Əmirov aldığı güllə yarasından dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (qəsdən iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Cinayəti törətməkdə şübhəli bilinən C.Muradov rayon prokurorluğu tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.(Oxu.az)

"Cebheinfo.az"

Chosen
18
7
cebheinfo.az

8Sources